Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:56

Türkmənistan koronavirusu ‘önləmək’ üçün qadağalar tətbiq edir


Aşqabad, arxiv fotosu
Aşqabad, arxiv fotosu

İndiyədək koronavirusa heç bir yoluxma olmadığını bildirən Türkmənistan bu ölümcül virusun yayılmasını “önləmək” üçün qadağalar tətbiq edib.

İyulun 21-dən avqustun 1-dək qüvvədə olan qadağalar çərçivəsində ticarət mərkəzləri, bazarlar, teatrlar, parklar, idman zalları bağlı qalacaq.

Restoranlar, kafelər, fast-fud mağazaları müvəqqəti bağlanır, yalnız çatdırılma ilə məşğuldurlar.

AzadAvropa/AzadlıqRadiosu müxbirlərinin verdiyi xəbərə görə, Səhiyyə Nazirliyi sakinlərə SMS göndərərək onları “havanın mənfi təsirindən qorunmaq üçün” maska taxmağa çağırır.

Türkmənistan rəsmiləri hələ də ölkədə yoluxma halının olmadığını israrla bildirir. Ancaq radionun əməkdaşları yerli xəstəxanaların pnevmoniya simptomlu xəstələrlə dolu olduğunu, ölüm hallarının artdığını vurğulayır.

Ölkədəki mənbələr Lebap vilayətində Farap rayonunun meri Hasan Metkuliyev-in koronavirusdan öldüyünü bildirir.

DST-nin tövsiyəsi və digər ölkələr

İyulun əvvəlində Dünya Səhiyyə Təşkilatının (DST) missiyası epidemioloji vəziyyəti dəyərləndirmək üçün ölkəyə səfər etdi. Missiya rəhbəri Catherine Smallwood iyulun 15-də keçirdiyi mətbuat konfransında bildirdi ki, ölkədə pnevmoniya ilə bağlı məlumatlardan narahatdırlar. Smallwood hakimiyyətə tövsiyə etdi ki, ölkədə “sanki COVID-19 yayılırmış kimi ciddi ictimai sağlıq tədbirləri” görsünlər.

Qonşu Özbəkistanın paytaxtı Daşkənddə 74 xəstəxanaya günün 24 saatı açıq qalmaq göstərişi verilib.

32 milyon əhalisi olan Özbəkistanda iyulun 22-dək 18 mindən artıq yoluxma, 96 ölüm halı qeydə alınıb.

Tacikistanda koronavirusa 7 minədək yoluxma, 57 ölüm, Qırğızıstanda 29 mindən artıq yoluxma, 1123 ölüm qeydə alınıb.

Qazaxıstanda isə uyğun rəqəmlər 75 min 153 yoluxma və 610 ölümdür.

XS
SM
MD
LG