Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:45

Türkiyə parlamenti sosial media qanununu qəbul edir


Arxiv fotosu
Arxiv fotosu

Facebook və Twitter kimi böyük sosial media şirkətləri platformalarındakı kontentdən narazılıqları yoluna qoymaqdan ötrü Türkiyədə təmsilçi ofislər saxlamalıdırlar

İyulun 29-da Türkiyə parlamenti Twitter və Facebook kimi sosial media platformalarını nəzarətdə saxlamağa imkan verəcək qanunvericiliyi qəbul edib. Şirkətlər ya sərt şərtlərə əməl etməli, ya da cərimə ödəməli olacaqlar. Üstəlik, ötürmə zolağının sürəti azaldıla bilər.

Qanunvericiliyə görə, Facebook və Twitter kimi böyük sosial media şirkətləri platformalarındakı kontentdən narazılıqları yoluna qoymaqdan ötrü Türkiyədə təmsilçi ofislər saxlamalıdırlar.

Təmsilçi Türkiyə vətəndaşı olmalıdır. Bu tələbə əməl olunmaması ağır cərimələr, reklam qadağaları, internetin ötürmə zolağının 90 faizədək azaldılması ilə nəticələnə bilər ki, bu da sosial media şəbəkələrinin işini xeyli ləngidər.

Təmsilçi gizlilik və şəxsi hüquqları pozan kontentin çıxardılması üçün individual xahişlərə 48 saat ərzində cavab verməlidir. Kontent 24 saat ərzində çıxardılmasa, yaxud bloklanmasa şirkət ziyana görə məsuliyyət daşıyacaq.

Yeni qanunvericilik sosial media provayderlərindən datanı Türkiyədə saxlamağı tələb edir. Bu, prokurorların, digər hakim orqanların onlara çıxışını asanlaşdırmış olur.

İnsan haqları qrupları xəbərdarlıq edirlər ki, bu qanun hakimiyyətə onlayn senzuranı gücləndirmək imkanı verər, onlar Google kimi texnologiya nəhənglərini bu tələbləri rədd etməyə çağırıblar.

Hökumətin arqumenti

Türkiyə Prezidenti Recep Tayyip Erdogan hökuməti isə bildirir ki, qanun kibercinayətkarlıqla mübarizə, istifadəçilərin qorunması üçün lazımdır. Erdogan bu qanunun qəbulunu tələb edir, “sosial media platformalarına nəzarət” olunacağını, əxlaqsızlığın kökünü kəsəcəyini deyirdi.

Müxalifətdən olan deputatlar isə bu qanunun ölkədə söz azadlığını daha da məhdudlaşdıracağını deyirlər. Ölkədə media onsuz da hökumətin nəzarətində, onlarla jurnalist həbsdədir.

Türkiyədə 408 mindən çox vebsayt bloklanıb. Bunu İfadə Azadlığı Assosiasiyası bildirir. Wikipedia-ya qadağa üç ildən sonra yanvarda qaldırıldı.

İndiyədək sosial media postlarına görə yüzlərlə istifadəçi haqda araşdırma aparılıb, bəziləri həbs olunub.

Türkiyə postların silinməsi üzrə Twitter-ə göndərilən müraciətlərə görə birinci yerdədir, ötən ilin birinci yarısında 6 mindən çox belə müraciət göndərilib.

Qanun parlamentdə 16 sat çəkən gərgin müzakirələrdən sonra qəbul olunub. Erdogan-ın hakim partiyası və onun millətçi müttəfiqi parlamentdə səs çoxluğuna malikdir. Erdogan onu imzalayandan sonra rəsmi dərc olunacaq.

XS
SM
MD
LG