Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:30

'Bu məsələnin arxasında çox məkrli planlar durur'


Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Naxçıvana gəlib. 28 iyul 2020
Türkiyə Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Naxçıvana gəlib. 28 iyul 2020

Bu gün, iyulun 29-dan avqustun 10-dək Azərbaycanda bu ölkə ilə Türkiyə arasında quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə genişmiqyaslı təlimlər başlayır.

Təlimlərin iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə və illik plana uyğun təşkil edildiyi bildirilir. Artıq bununla bağlı təlimlərdə iştirak edəcək Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti iyulun 28-də Azərbaycana gəlib və onların şərəfinə təntənəli qarşılanma mərasimi keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları, Hərbi Hava Qüvvələrinin döyüş, nəqliyyat helikopterləri, həmçinin, hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb ediləcək.

Yerli ekspertlərin fikrincə, bu təlimlərin maraq doğuran tərəfi onun keçirilmə zamanıdır.

Tovuz döyüşləri

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər gedib. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib.

Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. Onlar da baş verən döyüşlərə görə Azərbaycanı günahlandırıblar.

Türkiyədən dəstək açıqlamaları

Ermənistan və Azərbaycan sərhədində baş verənlərə Türkiyənin siyasi, diplomatik və hərbi dairələri kəskin münasibət ifadə ediblər. "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, hər zaman Azərbaycanın yanındayıq"- Türkiyə Prezidenti R.T.Ərdoğan həmin günlərdə bəyan etmişdi.

Türkiyə Müdafiə naziri Hulusi Akar da bəyanatla çıxış etdi. "Türkiyə ordusu bütün özünün hərbi-texniki, canlı qüvvələri ilə həmişə Azərbaycanın yanında hazırdır",-deyə bildirdi.

Ermənistanda hərbi təlimlər. Foto arxiv
Ermənistanda hərbi təlimlər. Foto arxiv

Rusiya-Ermənistan təlimləri

İyulun 23-də isə Ermənistan-Rusiya Birgə Hava Hücumundan Müdafiə sisteminin plan üzrə təlimləri başlamışdı.

Ermənistan Müdafiə Nazirliyindən bildirildiyinə görə, təlimlərdə məqsəd kəşfiyyat və zərbə təyinatlı Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı döyüş metodlarının öyrənilməsidir. Təlimlərdə Ermənistan-Rusiya zenit-raket komplekslərinin, qırıcı aviasiyalarının və artilleriya sistemlərinin komandirləri iştirak edirdilər.

Bir gün əvvəl - iyulun 28-də isə Türkiyə Prezidenti R.T.Ərdoğanın təşəbbüsü ilə onun Rusiya Federasiyası Prezidenti Vladimir Putinlə telefon söhbətində də Tovuz hadisələrinin müzakirə edildiyi açıqlanıb. Verilən məlumatlara görə, söhbət əsnasında regionda sabitlik məqsədilə səylərin koordinasiya edilməsinin vacibliyi vurğulanıb.

Yerli ekspertlərdən dəyərləndirmələr

Bu mövzuda AzadlıqRadiosuna danışan politoloq Elxan Şahinoğlu hesab edir ki, bu təlimlərin arxasında iki güclü mesaj var:

E.Şahinoğlu
E.Şahinoğlu

"Bir mesaj odur ki, bütün müqavimətlərə baxmayaraq, Türkiyə artıq Cənubi Qafqazdadır, regionun əsas oyunçulardan birinə çevrilib. Artıq Rusiya da bunu anlayır.

Əgər Rusiya anlayırsa ki, Türkiyəsiz mümkün deyil, bunu Ermənistan da anlayacaq. Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaq lazımdır. Türkiyə hərbi bazaları Qafqaza, Azərbaycana gəlməlidir, ikinci mesaj da budur".

"Fərq odur ki,..."

Hərbi ekspert Üzeyir Cəfərli isə deyir ki, bu təlimlər əvvəlki təlimlərdən köklü şəkildə fərqlənir: "Fərq odur ki, iyulun 12-14-də Qərb istiqamətində baş verən hadisələrdə Türkiyə və Azərbaycan dünyaya bəyan etdilər ki, bu məsələnin arxasında çox məkrli planlar durur. O planların qarşısını almaq üçün Azərbaycan və Türkiyə hər zaman bir yerdə olublar, bundan sonra da olacaqlar".

Təlimlərlə bağlı sualı cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva isə deyib ki, bu, iki ölkənin silahlı qüvvələri arasında əlaqələndirmənin güclənməsinə və qabaqcıl təcrübə mübadiləsinə xidmət edir. "Regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfə verir", - o vurğulayıb.

R.T.Ərdoğan və İ.Əliyev
R.T.Ərdoğan və İ.Əliyev

"Strateji Əməkdaşlıq Sazişi"

Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr iki ölkə arasında imzalanan "Strateji Əməkdaşlıq Sazişi" ilə tənzimlənir.

Saziş "Hərbi-siyasi və təhlükəsizlik problemləri", "Hərbi və hərbi-texniki əməkdaşlıq", "Humanitar məsələlər", "İqtisadi əməkdaşlıq", "Ortaq və son müddəalar" olmaqla 23 maddə və beş hissədən ibarətdir. Müqaviləni 2010-cu il dekabrın 21-də Azərbaycan Mili Məclisi, 2011-ci il fevralın 2-də isə Türkiyə Böyük Millət Məclisi qəbul edib.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.

Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.

Amma Rusiya və Ermənistan bir hərbi ittifaqda da təmsil olunurlar. Bu, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır (KTMT).

XS
SM
MD
LG