Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:33

Vaksin millətçiliyi: hərə öz hayındadır – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Pfizer bu həftə bildirib ki, AB və onun bir sıra üzvlərinə özünün potensial vaksinini satmaqla bağlı danışıqlar aparır

Dünyada COVID-19 vaksinləri uğrunda qəddar bir savaş gedir, hərə öz başının çarəsinə baxır. Bu haqda “Reuters” agentliyi yazır.

Qlobal səhiyyə agentlikləri vaksin alışının, dünyada onu bərabər paylamağın sxemini qurmağa çalışırlar. Ancaq zəngin ölkələr qəti hərəkətə keçərək öz vətəndaşları üçün milyonlarla vaksin dozasını indidən alırlar.

Artıq Birləşmiş Ştatlar, Britaniya, Avropa Birliyi Pfizer (PFE.N), BioNtech (22UAy.F), AstraZeneca (AZN.L) və Moderna (MRNA.O) şirkətləri ilə oxşar razılaşmalar bağlayıblar. Ekspertlər bunun qlobal fəaliyyətə ziyan vurduğunu deyirlər.

“Hər kəsin ikitərəfli sazişlər bağlaması vəziyyətin optimallaşmasına xidmət etmir”, – GAVI alyansının rəhbəri Seth Berkley deyib. Bu alyans COVAX adlı sxemə rəhbərlik edir. Sxemin məqsədi COVID-19 vaksinlərinə qlobal sürətli və ədalətli çıxışı təmin etməkdir.

90 ölkənin əhalisinin 20 faizi...

Pfizer bu həftə bildirib ki, AB və onun bir sıra üzvlərinə özünün potensial vaksinini satmaqla bağlı danışıqlar aparır.

Britaniya çərşənbə günü elan elədi ki, GlaxoSmithKline (GSK.L) və Sanofi (SASY.PA) şirkətlərindən potensial COVID-19 vaksinlərini daha tez almaq üçün saziş əldə edib.

Sərhədsiz Həkimlər Təşkilatının (MSF) mövqeyincə, bütün bunlar “zəngin ölkələrin vaksin tədarükü uğrunda çarpışması”nı daha da alovlandıracaq, “vaksin millətçiliyi kimi təhlükəli tendensiya”ya töhfəsini verəcək.

Agentlik 2009/2010-cu illərdə H1N1 qrip virusu pandemiyası dövründə vaksin təchizatı və paylaşmasını yada salır. O zaman zəngin ölkələr vaksinin mümkün ehtiyatını aldılar, kasıb ölkələrə heç nə çatmadı. Xoşbəxtlikdən H1N1 daha yumşaq xəstəlik idi. COVID-19 isə daha böyük təhdid hesab olunur.

“Bəzi ölkələr bizim qorxduğumuzu edirlər – hərə öz başına çarə qılır”, – ABŞ Beynəlxalq İnkişaf Agentliyinin keçmiş başçısı Gayle Smith deyib.

Britaniya daxil olmaqla 75-dən artıq zəngin ölkə COVAX maliyyələşmə sxeminə maraq göstərib. Dünya Səhiyyə Təşkilatı (DST) və Epidemiyaya Hazırlıq İnnovasiyaları Koalisiyasının (CEPI) rəhbərlik etdiyi sxemə 90 nisbətən yoxsul ölkə daxildir, onlara ianələrlə dəstək göstəriləcəyi bildirilir.

Birləşmiş Ştatlar, çin və Rusiya isə COVAX-a maraq göstərməyiblər.

Ekspertlərin dəyərləndirməsinə görə, ilin sonunadək dünyada 2 milyard doza effektiv COVID-19 vaksini ola bilər. Təbii ki, vaksin adına bir sıra namizədlərin sınağı effektiv olarsa. COVAX-ın məqsədi ona üzv olan ölkələrin əhalisinin azı 20 faizinə vaksin dozalarının çatdırılmasıdır.

Rusiya vaksini qeydiyyata alacağını deyir

“Reuters” başqa bir xəbərində Rusiyada ilk potensial COVID-19 vaksininin avqustun birinci yarısında yerli səviyyədə qeydiyyata alınacağını bildirir. Vaksinin dərhal sonra ön cəbhədə çalışan tibb işçilərinə çatdırılacağı xəbər verilir. Agentlik bunu mənbəyə istinadla yazır.

Ancaq təbii ki, vaksinin “yerli səviyyədə” təsdiqlənməsi digər ölkələrin səhiyyə və təhlükəsizlik qaydalarından fərqlənir.

Moskvadakı Gamaleya tədqiqat institutu adenovirus əsaslı vaksinin insan üzərində ilkin sınağını bu ay tamamlayıb və avqustda irimiqyaslı sınaqlar gözlənir.

Mənbənin bildirməsinə görə, vaksinin irimiqyaslı sınaqlar getdiyi bir dönəmdə təsdiqlənəcəyi gözlənir ki, bu da Moskvanın vaksin hazırlayan ilk ölkə adını qazanmağa çalışdığını göstərir.

Rusiyanın vaksini təsdiqlətməyə çalışması Qərb mediasınada suallar yaradır – görəsən, Moskva dövlət nüfuzunu ciddi elmi tədqiqat və təhlükəsizlikdən üstün tutmur ki?

Mənbə deyib ki, vaksinin avqustun 10-da təsdiqlənəcəyi gözlənir, ancaq bu, mütləq avqustun 15-dən tez baş verəcək. “İndiyədək bütün sınaqlar müsbət keçib”, – o vurğulayıb.

Mənbəyə görə, vaksin təsdiqlənən kimi COVID-19 xəstələrini müalicə edən tibb işçilərinə könüllü peyvənd olunma təklif ediləcək.

Rusiyanın Interfax xəbər agentliyi isə “məlumatlı mənbə”yə istinadla yazıb ki, vaksin 10-12 avqust tarixlərində qeydiyyata alınacaq və 15-dən sonra tətbiq olunmağa başlanacaq.

Rusiyanın Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriev vaksinin hazırlanmasında təhlükəsizliyin nəzərə alınmaması haqda deyilənləri rədd edib.

“Rusiyanın Səhiyyə Nazirliyi bütün gərəkən prosedurlara əməl edir. Başdansovdu iş görülmür”, – o, iyulun 28-də deyib.

Dmitriev Rusiyanın vaksin hazırlanmasında “uğur”unu Sovet İttifaqının 1957-ci ildə dünyada ilk Sputnik 1 peykini buraxması ilə müqayisə edib.

“Sputnik Rusiyanın çox istedadlı alimlərinin işinin nəticəsi olduğu kimi... vaksin tədqiqatımız da böyük Rusiya alimlərinin işinə əsaslanır”, – o deyib.

Hazırda dünyada COVID-19 pandemiyasını dayandırmaq üçün 100-dən artıq mümkün vaksin hazırlanır.

Dünyada koronavirusa 17 milyondan çox yoluxma təsdiqlənib, 673 mindən artıq xəstə vəfat edib.

XS
SM
MD
LG