Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:46

AXCP: Qarabağ yürüşündən sonra həbs olunan cəbhəçinin vəziyyəti pisləşib


Həbs olunan AXCP üzvlərinin bir qismi
Həbs olunan AXCP üzvlərinin bir qismi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qarabağ yürüşünə görə həbs olunan fəallarından Baba Süleymanov-un səhhətinin pisləşdiyi bildirilir. Bu barədə AzadlıqRadiosu-na partiyadan məlumat verilib.

AXCP-dən bildirilib ki, Baba Süleymanovun ürəyində əvvəldən ciddi problemlər vardı. Həbsdən sonra vəziyyəti daha da pisləşib:

“Bizdə olan məlumata görə, Bakı İstintaq Təcridxanasında saxlandığı kamerada bir neçə dəfə elə vəziyyətə düşüb ki, həkimlər ona tibbi yardım göstərmək məcburiyyətində qalıb. Kamerada olan digər dustaqlar da təcridxana əməkdaşlarına deyiblər ki, bu adamın vəziyyəti ağırdır, köçürülməli, müalicə almalıdır”.

B.Süleymanovun durumunun pisləşdiyini anası Sabiqə Paşayeva da təsdiqləyib. O bildirib ki, avqustun 5-də oğlu evlə əlaqə saxlayaraq, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə gətirildiyini xəbər verib. Avqustun 6-da onunla görüşmək üçün həmin müəssisəyə getsələr də, B.Süleymanovu görə bilməyiblər:

“Davamli űrək tutmalarına görə xəstəxanaya yərləşdiriblər. Heç bir ģörüş, telefon zəngi olmazmış. Ancaq apardıqlarımızı verib gəldik. İndi heç olmasa, həkim nəzarətindədi...”

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, istintaq təcridxanaları, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin müayinə və müalicəsilə bağlı məsələlər Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin səlahiyyətindədir.

Həm də həbsdə olan şəxslərin yerdəyişməsi barədə məlumatlar konfidensial hesab olunur, bu barədə yalnız şəxsin ailə üzvlərinə məlumat verilir. Tibb Baş İdarəsindən isə B.Süleymanovun durumu ilə əlaqədar münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Bakıda Orduya dəstək yürüşü, 14 iyul 2020
Bakıda Orduya dəstək yürüşü, 14 iyul 2020

Bu il iyulun 14-də Bakda orduya dəstək yürüşünə qatılmış onlarla şəxs saxlanıb. AXCP-dən verilən məlumata görə, bu partiyanın 45 üzvü saxlanılıb. Onlardan 17 nəfərə Qarabağa dəstək yürüşü ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ittiham irəli sürülərək, bir nəfər istisna olmaqla, digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Daha 18 nəfərə karantin rejimini pozma ittihamıyla 30 sutka inzibati həbs cəzası kəsilib. 10 nəfər isə sərbəst buraxılıb. Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara qarşı özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiqetmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə bunlardan əlavə, həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. Partiya ittihamların saxta olduğunu, həbs olunan üzvlərindən bir neçəsinin həmin yürüşdə iştirak etmədiyini bəyan edib.

XS
SM
MD
LG