Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:34

Dünya Səhiyyə Təşkilatı: Virusla mübarizədə ‘ümid cücərtiləri görünür…’


Tedros Adhanom Ghebreyesus
Tedros Adhanom Ghebreyesus

Dünya COVID-19-a qarşı mübarizədə “ümid cücərtilərinin” şahidi olur.

Bunu Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri Tedros Adhanom Ghebreyesus avqustun 10-da keçirdiyi brifinqdə bəyan edib.

The Independent yazır ki, DST rəhbərinin bu bəyanatı verdiyi bir vaxtda qlobal koronavirus pandemiyası 20 milyon insanı bürüyüb, 750 min ölüm hadisəsi qeydə alınıb.

Buna baxmayaraq Tedros Adhanom Ghebreyesus deyib ki, xəstəliyə qarşı qlobal mübarizədə ümidli olmaq üşün əsaslar yaranıb:

“Mən bilirəm ki, çoxunuz kədərlisiniz və bu, dünya üçün doğrudan da çətin məqamdır. Amma mən açıq danışacağam. Ümidin yaşıl cücərtiləri görünür. Hansı ölkədə, şəhər və qəsəbədə olmasından asılı olmayaraq COVID-19 epidemiyasını dayandırmaq heç vaxt gec deyil”.

DST rəhbəri ölkə başçılarını tərif edir

DST başçısı pandemiyaya reaksiyada “qlobal nümunə” kimi Yeni Zelandiyanın adını çəkib.

Avqustun 9-da bu ölkə icma daxilində heç bir yoluxmanın qeydə alınmadığı 100-cü günü bayram edir.

Doktor Tedros habelə Britaniya baş naziri Boris Johnson-u ölkənin ayrı-ayrı yerlərində lokal karantinlər tətbiq etdiyinə görə tərifləyib.

O Fransa prezidenti Emmanuel Macron-a da Parisin bir sıra yerlərində maska taxılmasını icbari etdiyinə görə təşəkkürünü bildirib:

“Son bir neçə gün ərzində Birləşmiş Krallığın baş naziri Boris Johnson şimali İngiltərənin bir sıra yerlərində yoluxma ocaqlarının yaranması ilə bağlı “evdə qal” rejimi tətbiq edib. Fransada yoluxma hallarının artması səbəbindən prezident Emmanuel Macron Parisin gur yerlərində maska taxılmasını məcburi edib”.

DST rəhbəri deyib ki, belə tədbirlər və “əlimizdə olan müdafiə alətlərindən maksimum istifadə” cəmiyyətlərin təhlükəsiz açılımına imkan verə bilər.

Vaksin olacaq, amma virusla mübarizə davam edəcək

DST ölkələrə aşkarlamanın sürətləndirilməsini, yoluxmaların izlənməsini, adamlar arasında fiziki məsafənin saxlanmasını, maskaların müntəzəm olaraq taxılmasını və gigiyena qaydalarına riayət olunmasını bir daha tövsiyə edib.

Doktor Tedros xəbərdarlıq edib ki, məktəblərin yenidən açılması üçün COVID-19-un sıxışdırılmasını davam etdirmək lazımdır:

“Biz hamımız məktəblərin təhlükəsiz bir şəkildə yenidən açılmasını istəyirik Amma biz tələbələrin, müəllimlərin və bütün məktəb heyətlərinin təhlükəsizliyindən əmin olmalıyıq. Mənim mesajım gün kimi aydındır: virusu sıxışdırmaq, sıxışdırmaq və sıxışdırmaq lazımdır”.

DST-nin təcili tədbirlər üzrə direktoru, doktor Mike Ryan ümid etdiyini bildirib ki, tezliklə “təhlükəsiz və səmərəli” vaksinlər olacaq, amma bu pandemiya ilə mübarizədə yalnız bir addımdır:

“Mən əvvəllər də demişəm ki, bizim effektli polio və qızılca vaksinlərimiz var, amma biz həmin viruslarla mübarizəni hələ də davam etdiririk. Effektiv vaksin suala cavabın yalnız bir hissəsidir. Bizim gərək kifayət qədər vaksinimiz olsun ki, ehtiyacı və tələbi olan hamıya çatsın”.

DST-nin koronavirus pandemiyası elan etdiyi vaxtdan 6 ay keçir.

XS
SM
MD
LG