Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:31

Belarusda etirazlar üçüncü gecədir ki davam edir


Belarusun paytaxtı Minskdən AzadlıqRadiosuBBC-nin verdiyi son xəbərlərə görə ölkədə etiraz hərəkatı üçüncü gecədir ki, davam edir.

Polis və təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında ən şiddətli toqquşmalar Minskin Kamennaya Qorka deyilən rayonunda baş verir.

Naşa Niva saytı xəbər verir ki, etirazçılar səkilərin daş üzlüklərini çıxarır və zirehli polis maşınlarına atırlar.

AzadlıqRadiosu xəbər verir ki, etirazçılar bəzi yerlərdə zibil baklarından və daşlardan barrikadalar qurmağa cəhd göstərirlər.

Şahidlər avqustun 11-də Minskin qədim hissəsindəki İnqilab küçəsində zirehli tranportyorları görüblər.

Minskdə və Belarusun başqa şəhərlərində internet demək olar yoxdur. Mobil və stasionar telefonlar işləmir.

Bu da xəbər verilir ki, paytaxtın xəstəxanaları “böyük sayda xəsarət alanların qəbuluna” hazırlaşır.

BBC Minskdə baş verən hadisələr barədə canlı yayınla xəbər verir.

Tsikhanouskaya artıq “simvola” çevrilib

Müxalifətin prezidentliyə namizədi Svyatlana Tsikhanouskaya avqustun 10-da MSK-ya getdikdən sonra yoxa çıxmışdı.

O MSK-ya seçki nəticələrini tanımadığını bildirmək üçün getmişdi, amma avqustun 11-də onun qonşu Litvada olması barədə xəbər yayıldı.

Müşahidəçilər Tsikhanouskayanın hakimiyyət tərəfindən ölkədən çıxarıldığını bildirirlər.

O Litvaya getdikdən sonra rəsmi telekanallar müxalifət namizədinin etirazçıları küçəyə çıxmamağa və polislə toqquşmalardan çəkinməyə çağıran müraciətini yayıblar.

Müxalifət bu videomüraciətin təzyiq altında yazıldığını bildirir.

Tsikhanouskayanın əri və onun komandasının bəzi üzvləri həbsxanadadırlar.

Bu səbəbdən bir çoxları onun çox da tezliklə yeni bəyanat verəcəyini gözləmirlər.

Avqustun 10-11-də Minskdə və Belarusun başqa şəhərlərində etirazçılarla mülki geyimdə olan təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.

Avqustun 11-də müxalifət ümumölkə tətilinə çağırış edib.

Bəzi məlumatlara görə bir sıra iri müəssisələrdə iş dayandırılıb.

Tsikhanouskayanın seçki qərargahının müraciətlərində bildirilir ki, hakimiyyətə qarşı dinc aksiyalar davam etdiriləcək.

Tərəfdarları deyirlər ki, Tsikhanouskayanın Litvada olması daha heç nəyi dəyişə bilməz və o artıq Alyaksandr Lukashenka-ya qarşı müqavimətin “simvoluna” çevrilib.

Moskvada da aksiya keçirilir

BBC xəbər verir ki, etirazçılar üçüncü qarşıdurma gecəsində taktikanı bir qədər dəyişiblər.

Əgər avqustun 10-da adamlar Minskin üç yerində böyük kütlələrlə yığışırdılarsa, avqustun 11-də gənc etirazçıların ayrı-ayrı dəstələri şəhərin müxtəlif hissələrinə yayılıb.

Rusiyada Novaya Gazeta yazır ki, Belarusun Moskvadakı səfirliyi qarşısında da etiraz aksiyası keçirilir.

Bu aksiyanın şüarı “Hakimiyyət qəsbkarını məhkəməyə!” adlanır.

Nəhayət avqustun 11-də Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell ittifaq üzvü olan ölkələrin adından bəyan edib ki, Belarusda seçki “nə azad, nə də ədalətli” olub.

XS
SM
MD
LG