Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:18

Eldar Həsənovun tutulması ilə bağlı fərqli mülahizələr


Eldar Həsənov
Eldar Həsənov

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov avqustun 13-də tutulub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bu barədə yaydığı xəbər ölkə mediasında aparıcı yer tutub.

Bununla da Azərbaycanda ilk dəfədir, səfir statsunda olan şəxs həbsə alınır. Üstəlik, E.Həsənov 1995-2000-ci illərdə ölkənin Baş Prokuroru olub. 2001-ci ildən 2013-cü ilə kimi Azərbaycanın Rumıniyada səfiri kimi çalışıb.2013-cü ildən isə hazırkı ölkələrdə səfir kimi fəaliyyət göstərirdi.

Yeri gəlmişkən, indi vaxtilə keçmiş yüksək rütbəli dövlət xadimlərindən bir çoxu səfir kimi çalışırlar.Onlar Azərbaycan SSRİ-nin keçmiş Nazirlər Sovetinin rəhbəri, müstəqil Azərbaycanın keçmiş Xarici İşlər naziri Həsən Həsənov, Milli Məclis sədrinin keçmiş birinci müavini Tamerlan Qarayev, keçmiş Xarici İşlər naziri Vilayət Quliyevdir. Onlardan başqa, artıq ləğv edilən Milli Təhükəsizlik Nazirliyinə rəhbərlik etmiş Namiq Abbasov da xaricdə səfir kimi çalışıb.

Bu ilin əvvəlində, parlament seçkiləri ərəfəsində ölkə mətbuatında belə bir iddia yer almışdı ki, E.Həsənov ölkəyə qayıtmaq, parlament seçkilərinə qatılmaq istəyir, amma bəzi qüvvələr onun əleyhinə çıxırlar.

Ondan əvvəl, 2016-cı ildə isə E. Həsənov müsahibələrinin birində demişdi ki, çox ədalətsiz yanaşmaların şahidi olub, bütün bunlarada səbrə söykənib.

Eldar Həsənov:“ Hər mənə daş atanın üzərinə getməmişəm”

“ Hər mənə daş atanın üzərinə getməmişəm. O daş mənə dəyibsə də, onun ağrısına, zərbəsinə tab gətirməyi bacarmışam. Bəlkə də xoşbəxtliyim onda olub. Təmkində, səbirdə...İnsanın həyatı üçün səbr və təmkin çox vacibdir, Mən təmkinli olmasaydım ya mən daş-qalaq olardım, ya da daş atan”,müsahibədə onun dilindən yazılırdı.

Politoloq Azər Rəşidoğlu isə Azadlıq Radiosuna deyib ki, Eldar Həsənov Rusiyaya

Azər Rəşidoğlu - politoloq
Azər Rəşidoğlu - politoloq

yaxın şəxs sayılır.O qeyd edib ki, bu həbs dövlət başçısı İlham Əliyevin Rusiya prezidentinə 12 avqust tarixili zəngi ilə üst-üstə düşüb.

“Davamı da ola bilər”

“E.Həsənov Rusiyanın adamıdır. Həbslər bununla bitməyəcək, davamı da ola bilər” deyə A.Rəşidoğlu qeyd edib.

A.Rəşidoğlunun iddia etməsinə görə, E.Həsənov istər müxalif dairələrdə, istərsə də mənsub olduğu Qarabağ klanı daxilində böyük nüfuza malikdir və mediada dayaqları var.

Bu fikirlərə, hələlik, Eldar Həsənov və ya onun vəkilindən münasibət almaq mümkün olmayıb.

Amma Azərbaycanda E.Hsənovun Rusiyanın adamı olması ilə bağlı fikirlərə şübhə bəsləyənlər də var. Onun özü də yerli mediyaya müsahibələrində bir çox hallarda Rusiyanı tənqid etmişdi.

“Azərbaycandakı separatçılıqda Rusiyanın rolu var”

“Bu gün heç kimə sirr deyil ki, istər Ukrayna, istər Gürcüstan, istər Moldova və ya Azərbaycandakı separatçılıqda Rusiyanın rolu var. BMT Təhlükəsizlik Şurasının məlum qətnamə və qərarlarına əsasən işğalçı qoşunların təcili surətdə ərazilərimizdən çıxarılmasını təmin etmək Rusiyanın da imicinə xidmət etmiş olar”, O, “Bakı Post” saytına 2016-ci ilin noyabırın 19-da verdiyi müsahibəsində bildirib.

Deputat: “Məsələ hələ aydın deyil”

Sabir Rüstəmxanlı - deputat, "Vətəndaş həmrəyliyi" partiyasının sədri
Sabir Rüstəmxanlı - deputat, "Vətəndaş həmrəyliyi" partiyasının sədri

Deputat Sabir Rüstəmxanlı isə “ Turan” agentliyinə deyib ki, E.Həsənovun həbsi və həbsin motivləri barədə hələ heç nə deyə bilməz.

O, E.Həsənovun təcrübəli diplomat, hüquqşünas kimi tanıdığını bildirib.

“Gözləməlk lazım gələcək ki, bəzi məsələ aydnlaşsın, yalnz ondan sonra fikir söyləmək olar,” deyə S.Rüstəmxanlı bildirib.

Xatırlatma

Azərbaycanın Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov saxlanıb.Bu barədə avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX)məlumat yayıb.

Məlumatda yazılıb ki, Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə bəzi həbslər həyata keçirilib.

“... Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində... həbs qətimkan tədbiri seçilib”,məlumatda yazılıb.

DTX bildirir ki, davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib:

“Maliyyə yoxlamaları zamanı... Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilmişdir. Aparılan istintaq çərçivəsində Eldar Həsənov şübhəli şəxs qismində tutulmuşdur”,DTX qeyd edirdi.

XİN-də bir sıra idarə rəislərinin qeyd edilən həbsləri bu ilin iyulunda həyata keçirimişdi.

İttihamlara, hələlik, nə Eldar Həsənovun, nə də sözü gedən şəxslərin münasibətini almaq mümkün olub.

XS
SM
MD
LG