Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:46

Tofiq Yaqublu hakimə: 'Anten məlumatlarını al, bunları ifşa edək'


Tofiq Yaqublu
Tofiq Yaqublu

Milli Şuranın və Müsavat partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu onun məhkəməsinə qohumlarının, jurnalistlərin buraxılmamasına etiraz edir. Bu üzdən avqustun 14-də Nizami rayon Məhkəməsində onunla işinə baxan hakim Nəriman Mehdiyev arasında mübahisə olub.

“Niyə yaxınlarımı məhkəmə zalına buraxmırsınız? Niyə jurnalistlərə prosesi izləməyə imkan vermirsiniz? İstəmirsiz burada hansı hoqqalardan çıxdığınızı görsünlər...”, – T.Yaqublu bildirib.

Hakim bildirib ki, Nazirlər Kabinetinin və Ali Məhkəmənin qərarları var, məhkəmə iclasında on nəfərdən çox adam ola bilməz: “İkincisi də məhkəmə zalında qaydaları hakim müəyyənləşdirir. Əyləşin...”

T.Yaqublu ona belə cavab verib: “Hakim müəyyənləşdirir, siz yox. Nə vaxt hakim olarsız, onda danışarsız. Siz hakim deyilsiz. Siz də Cəbrayılovların bir tayısız. Deyirəm, anten məlumatlarını al, bunları ifşa edək. Niyə eləmirsən? Gözləyrsən müddət keçsin”.

“Tərbiyəsizlik yalan danışmaqdır, böhtan atmaqdır”

T.Yaqublu etiraz olaraq, məhkəmə zalından çıxarılmasını tələb edib. Onu çıxarıb aparıblar və bir qədər sonra şahidlər dindiriləndə yenidən gətiriblər.

Şahidlərdən biri hadisə günü “8-ci kilometr bazarı”na bazarlıq etməyə gəldiyini deyən Arzu Babayeva, digəri də Nizami rayon Polis İdarəsinin əməkdaşı İlqar Mehdiyev olub.

Əvvəlki məhkəmə iclasında olduğu kimi, bu dəfə də T.Yaqublu şahidlər ifadə verməmişdən öncə onlara belə bir xəbərdarlıq edib: “Yalan danışanın nəsil-nəcabətindəki bütün qadınlar əxlaqsızdır. Əgər siz yalan danışsanız, sizə aid olsun, mən yalan danışsam, mənə...”

A.Babayeva buna etiraz edib: “Elə bazarın yanında da belə tərbiyəsizlik edirdin...”

T.Yaqublu cavabında deyib ki, əgər yalan danışmırsa, niyə bu ifadəni özünə götürür? Onun sözlərinə görə, tərbiyəsizlik yalan danışmaqdır, böhtan atmaqdır.

A.Babayeva deyir ki, oğlu ilə bazarlıq etməyə gəlmişdi. Səs-küy eşidib irəliləyib, görüb ki. T.Yaqublunun maşını ilə Elxan Cəbrayılovun maşını toqquşub. T.Yaqublu maşından düşərək, E.Cəbrayılova hücum edib, onu vurub, təhqir edib. Qapını bağlayanda da Cəvahir Cəbrayılovaya xəsarət yetirib.

“12 dəqiqə maşından düşmədim polis gələnə qədər”

A.Babayeva 50 yaşı olduğunu deyəndə isə T.Yaqublunun belə bir replikası olub: “50 yaşım var deyib, 50 dəqiqədir yalan danışırsız. Yalan danışandan sonra nə fərqi var kimsiniz, neçə yaşınız var. İstəyir, lap 150 yaşınız olsun. Mən maşından düşməmişəm. Dayandığım yerdə maşının qəsdən vurulması və hücumdan başa düşdüm ki, təxribatdır. 12 dəqiqə maşından düşmədim polis gələnə qədər...”

Polis əməkdaşı İlqar Mehdiyev deyir ki, martın 22-də işdə olanda hadisə barədə zəng gəlib. Onlar hadisə yerinə gediblər. Sonradan hər iki tərəfi gətirib müstəntiqə təhvil verib.

Dindirmə zamanı məlum olub ki, İ.Mehdiyev əslən Cəbrayıl rayonundandır. Dindirmə başa çatanda T.Yaqublu ona deyib: “Sən ki o sözləri götürüb yalan danışdın, bunu gedib qohum-əqrəbana da deyərsən. Ailənə deyərsən ki, Cəbrayıl uğrunda döyüşmüş qaziyə böhtan atdım, bu sözləri götürdüm...”

İ.Mehdiyev heç bir cavab vermədən məhkəmə zalını tərk edib. Məhkəmə prosesi avqustun 19-da davam edəcək.

Xatırlatma

T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: ""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

XS
SM
MD
LG