Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 06:20

Lukahshenka: 'Məni öldürməyincə yeni seçki olmayacaq'


Alyaksandr Lukashenka 16 avqust yürüşündə
Alyaksandr Lukashenka 16 avqust yürüşündə

Polşa avqustun 17-də bəyan edib ki, Belarusla sərhədin monitorinqini aparır

Belarus Prezidenti Alyaksandr Lukashenka deyir ki, yeni seçki olmayacaq, ancaq o, hakimiyyəti bölüşdürməyə və konstitusiyanı dəyişməyə hazırdır. Amma prezident bunu etirazçıların təzyiqi altında etməyəcəyini söyləyib.

“Mənim nəyisə təzyiq altında etdiyimi görməyəcəksiz. Təkrar seçki olmayacaq, çünki bu halda Minsk Təkər Traktor Zavodu, Minsk Avtomobil Zavodu, BelAZ olmayacaq. Hər şey yarım ilə dağılacaq”, – Lukashenka avqustun 17-də traktor zavodunun fəhlələri qarşısında çıxışında söyləyib. Xəbəri BelTA xəbər agentliyi yayıb.

Lukashenka çıxış edərkən fəhlələr “İstefa ver”, “Çıx get” şüarları səsləndiriblər. Prezident əlavə edib ki, “məni öldürməyincə” yeni seçki olmayacaq.

O əlavə edib ki, konstitusiyaya hakimiyyətin yenidən bölüşdürülməsini mümkün edəcək dəyişikliklər üzərində iş artıq başlayıb, ancaq detalları açıqlamayıb, BelTA xəbər verir.

***

Tsikhanouskaya ‘milli lider olmağa hazırdır’

Belarusun müxalifət siyasətçisi Svyatlana Tsikhanouskaya mübahisəli seçkidən sonra ölkəyə rəhbərlik etməyə hazır olduğunu deyib.

Avqustun 16-da YouTube-da yerləşdirdiyi videomüraciətdə Tsikhanouskaya yeni ədalətli seçkinin keçirilməsini təmin edəcək hüquqi çərçivə yaratmağa çağırıb. Rəsmi seçki orqanının 80 faiz səslə qalib elan etdiyi Lukashenka isə bu təklifi dərhal rədd edib.

37 yaşlı Tsikhanouskaya hazırda Litvadadır, videobloqer ərinin həbsindən sonra seçkiyə qatılıb. O deyib ki, təhlükəsizlik və hüquq-mühafizə əməkdaşları Lukashenka hökumətini tərk edərək tərəf dəyişərlərsə onların keçmiş davranışı bağışlana bilər.

“Ölkənin sakitləşməsi və normal ritmə dönməsi üçün məsuliyyət götürərək milli lider kimi hərəkət etməyə hazıram”, – Tsikhanouskaya avqustun 16-da YouTube sosial şəbəkəsində yerləşdirdiyi videomüraciətdə deyir.

Lukashenka isə hakimiyyətdə qalmaq əzmindən əl çəkmir, avqustun 17-də vertolyotla "Minsk təkərli dartıcılar" zavoduna gedib.

Belarusda baş verənlərə region ölkələrindən reaksiyalar gəlməkdədir. Polşa avqustun 17-də bəyan edib ki, Belarusla sərhədin monitorinqini aparır. Bu həftə Belarus ordusu Polşa və Litvayla həmsərhəd Qrodno regionunda təlimlər planlaşdırır.

Britaniyanın Xarici işlər naziri Dominic Raab avqustun 17-də bəyan edib ki, Lukashenka-nın təkrar seçilməsi “saxtadır” və Britaniya hökuməti seçkinin nəticələrini qəbul etməyəcək.

“Bu saxta prezident seçkisindən sonra Belarus hakimiyyətinin dinc etirazçıları boğmaqdan ötrü əl atdığı zorakılığı dünya dəhşətlə izləyib”, – o vurğulayıb.

“Britaniya nəticələri tanımır”, – nazir bəyan edib.

***

Litvanın Xarici işlər naziri Linas Linkevicius avqustun 17-də deyib ki, Rusiyanın Belarusa hərbi köməyi “işğal” demək olardı.

“Rusiyadan hərbi dəstəyə heç bir səbəb yoxdur, bunun üçün hüquqi, yaxud başqa səbəb də yoxdur. Bu, başqa bir ölkəyə işğala bərabər olar, müstəqilliyin son izlərini də məhv edər”, – o, jurnalistlərə deyib.

Üç üzv ölkəsi Belarusla həmsərhəd olan Avropa Birliyi isə avqustun 19-da böhranın müzakirəsilə bağlı fövqəladə danışıqlar aparacağını bildirib.

“Belarus xalqının öz gələcəyinə qərar vermək, öz liderini azad seçmək hüququ var. Etirazçılara qarşı zorakılıq qəbuledilməzdir, buna icazə verilməməlidir”, – AB Şurasının Prezidenti Charles Michel tvitində yazıb. O, virtual sammitin günorta 12-də başlayacağını elan edib.

***

Belarusda tətillər gözlənir

Belarusda fəhlələr avqustun 17-dən tətillərə çağırırlar. Artıq bir həftədən çoxdur ölkəni Alyaksandr Lukashenka-nın altıncı müddətə prezident elan olunduğu seçkinin nəticələrinə etirazlar bürüyüb.

Minsk yaxınlıqdakı Jodzina şəhərində BelAZ zavodunun fəhlələri avqustun 17-dən qeyri-müəyyən müddətə tətilə başlayacaqlarını bildiriblər. Həmkarlar komitəsi onların tələblərinin siyahısını hazırlayaraq rəhbərliyə təqdim edib. Tələblər içində Lukashenka-nın istefası və yeni seçki keçirilməsi də var.

Naftan-ın işçiləri də Lukashenka-nın istefasını tələb edib, seçkinin nəticələrini tanımadıqlarını deyiblər. Telegram şəbəkəsində dərc olunmuş müraciətdə Belarus xalqı ilə “həmrəylik” ifadə olunur.

Belaruskali-nin fəhlələri avqustun 17-nə tətil elan ediblər. Onlar Lukashenka-nın istefasını, siyasi məhbusların və dinc etirazlarda saxlananların hamısının buraxılmasını tələb edirlər.

Müxalifət avqustun 17-də ümumölkə tətilinə çağırıb. Avqustun 14-də isə dövlət müəssisələrində yüzlərlə fəhlə iş alətlərini yerə qoyaraq etirazlarını bildirmişdilər.

“Kimsə ölkəni təslim etmək istəyirsə...”

Bazar günü Belarus paytaxtına keçirilən etiraza nəhəng izdiham qatılıb. Bəzi mənbələr Qələbə Parkında azı 100 min nəfərin olduğunu bildirib. Amma AzadAvropa/AzadlıqRadiosu müstəqil olaraq bu rəqəmi təsdiqlədə bilməyib.

Etirazçılar müxalifətin qırmızı-ağ bayrağını dalğalandırıb, Lukashenka-nı istefa verməyə, siyasi məhbusları azad etməyə çağırıb.

Seçkidən sonra Belarusda 7 minədək saxlanan olub, yüzlərlə etirazçı yaralanıb, azı 2 nəfər öldürülüb. Sonradan buraxılan yüzlərlə saxlanma zamanı qəddarlıqla döyüldüklərini nəql ediblər.

Dünən Minskdə Lukashenka-ya dəstək yürüşü də keçirilib. Daxili İşlər Nazirliyi bu yürüşə 65 min nəfərin qatıldığını bildirib. Lukashenka mitinqdə çıxışında deyib ki, NATO tankları və təyyarələri Belarus sərhədindən 15 dəqiqəlik məsafədə yerləşdiriliblər. Ancaq NATO-nun sözçüsü Şərqi Avropada mövqelərin gücləndirilmədiyini söyləyib.

Belarus prezidentinin sözlərinə görə, “80 faiz saxtalaşdırma mümkün deyil”. Mərkəzi Seçki Komissiyasının onun məhz səslərin 80 faizini yığdığını elan edib.

Lukashenka deyib ki, istefasıyla bağlı tələblərə boyun əyməyəcək, təkrar seçki keçirməyəcək. “Kimsə ölkəni təslim etmək istəyirsə, ölsəm belə, buna imkan vermərəm”, – o vurğulayıb.

Yüz mindən çox insan Lukaşenkaya qarşı mitinqə çıxıb (VİDEO)
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00

Rusiyaya xəbərdarlıq

Bu çıxışdan öncə Kremlin yaydığı məlumatda deyilirdi ki, Rusiya Prezidenti Vladimir Putin Lukashenka ilə telefonla danışıb, lazım gələrsə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Rusiyanın Belarusa kömək göstərməyə hazır olduğunu bildirib.

Belarus prezidenti ölkənin xaricdən təzyiqə məruz qaldığını iddia edib.

Almaniyanın Xarici işlər naziri Olaf Scholz Rusiyaya məsələyə qarışmamaqla bağlı xəbərdarlıq edib.

“Başqa ölkələrə hərbi müdaxilə qətiyyən qəbuledilən deyil və beynəlxalq hüquq çərçivəsində qoyduğumuz qaydalara ziddir”, – o, “Bild” qəzetinə deyib.

Almaniyanın vitse-kansleri olan Scholz Lukashenka-nı öz xalqının dəstəyini itirmiş diktator adlandırıb.

Seçkidə Lukashenka-nın əsas rəqibi Svyatlana Tsikhanouskaya səsvermənin ertəsi günü Litvaya gedib. O, özünü seçkinin qalibi elan edib, dinc etirazlara çağırıb.

Tsikhanouskaya hakimiyyətin təhvil verilməsini təmin edəcək koordinasiya şurası elan edib, Lukashenka istefa verərsə yeni seçki təşkil etməyi vəd edib.

Avqustun 16-da Belarusun digər şəhərlərində də nümayişlər keçirilib.

XS
SM
MD
LG