Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:41

F.Əhmədli: 'O qədər də çətin keçmədi'


F.Əhmədli (solda) azadlıqda. 18 avqust 2020
F.Əhmədli (solda) azadlıqda. 18 avqust 2020

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Fuad Əhmədli bu gün, avqustun 18-i səhər saatlarında saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsindən azadlığa çıxıb.

Gənc cəbhəçi 4 illik həbs cəzasının vaxtı tamam olduğundan azad edilib. O, azadlığa çıxan kimi AzadlıqRadiosuna açıqlamasında deyib ki, 4 il necə keçməli idisə, elə də keçib: "O qədər də çətin keçmədi. Müəyyən fəxarətli, qürur dolu günlər yaşadıq".

F.Əhmədli həbsini də, ona verilmiş ittihamı da, 4 il əvvəlki kimi, əsassız saydığını söyləyib. "Digər cəbhədaşlarımıza hücumların anlamı nə idisə, bizə də o odur", - o vurğulayıb.

Bu açıqlamaya, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

F.Əhmədli 2016-cı il avqustun 17-də saxlanmışdı. İttihama görə, o, operator işlədiyi "Azerfon" şirkətində texniki vasitələrdən istifadə etməklə bir sıra müştərilər haqqında fərdi məlumatları kənar şəxslərə ötürüb. AXCP üzvü Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunurdu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 4 il həbs cəzası verilmişdi. Yuxarı məhkəmə instansiyaları hökmü qüvvədə saxlamışdı. F.Əhmədli ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduğunu bildirir. Rəsmilər isə ölkədə siyasi sifarişlə həbslərin olması haqqında deyilənləri düzgün saymırlar.

XS
SM
MD
LG