Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:47

Rüşvətdə günahlandırılan məmurlar vaxtından əvvəl azad ediləndə...


2015-ci ildə isə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, bu qurumun 20-dən çox yüksəkçinli əməkdaşı həbs cəzaları alıblar.
2015-ci ildə isə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, bu qurumun 20-dən çox yüksəkçinli əməkdaşı həbs cəzaları alıblar.

Son illər Azərbaycanda yüksəkçinli məmurlar tez-tez həbs edilir və mühakimə olunurlar. Bu da ölkədə korrupsiya ilə mübarizə kimi təqdim edilir. Son belə həbslər 2020-ci il avqustun 19-da baş verib. Baş Prokurorluq Kürdəmir Rayon İcra Hakimiyyətinin, başçı daxil, rüşvətxorluqda ittiham olunan üç məsul əməkdaşını həbs edib. Onların ittihamlara münasibəti, hələlik, bəlli deyil.

Təkcə son bir ildə biri keçmiş olmaqla altı icra başçısı rüşvətdə ittiham edilərək həbs olunub. Onlardan yalnız İmişli Rayon İcra Hakimiyyəti başçısının həbsindən apellyasiya şikayəti verdiyi, onun da təmin edilmədiyi açıqlanıb. Habelə, bu il Mədəniyyət Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin yüksəkvəzifəli bəzi əməkdaşları da eyni ittihamla üzləşiblər. Amma onlardan az sonra ev dustaqlığına buraxılan da var. Məsələn Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini (həbsindən sonra işdən çıxarılıb) general-leytenant Əfqan Nağıyev həbsinin iki ayı tamam olmamış məhkəməyə qədər ev dustaqlığına buraxılıb.

A.Çovdarov
A.Çovdarov

2015-ci ildə isə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, bu qurumun 20-dən çox yüksəkçinli əməkdaşı rüşvət almaqda, vəzifə səlahiyyətlərini aşmaqda və başqa qanunsuz əməllərdə ittiham edilərək müxtəlif müddətlərə həbs cəzaları alıblar. Onların da çoxu ya vaxtından əvvəl azadlığa çıxıblar, ya da sonradan cəzaları yüngülləşdirilib.

Onlardan MTN-in keçmiş idarə rəisləri -generallar Akif Çovdarovla Sübahir Qurbanov da bu il aprelin 6-da əfv edildilər. A.Çovdarov 12 il, S.Qurbanov 14 il azadlıqdan məhrum edilmişdilər. Onların azad edilməsi rəsmi olaraq yaşlı olmaları və Dünya Səhiyyə Təşkilatının koronavirusun yayılma ehtimalı ilə əlaqədar bəzi tövsiyələri ilə izah edilib. Amma bir sıra hüquq müdafiəçiləri həmin vaxt narazılıq ediblər ki, A.Çovdarovun və S.Qurbanovun həmyaşıdı olan bəzi siyasi məhbus əfvdən kənarda qalıb.

Məhbuslara fərqli münasibət varmı?

Bəzi siyasi təhlilçilər hesab edirlər ki, məhbuslara fərqli münasibət problemi var. Onların fikrincə, əsas səbəb keçmiş məmurların hakimiyyətə ideoloji və siyasi yaxınlığıdır, müxalifətçilərdən fərqli olaraq, onlar hakimiyyət üçün təhlükəli deyillər:

Ş.Cəfərli
Ş.Cəfərli

"Yuxarılarda onların zərərsiz hala gəldiklərinə əminlik yarandıqda..."

"Bu şəxslər, sadəcə, fəaliyyətləri zamanı hansısa oyun qaydalarını pozduqlarına görə, yaxud vəzifədən uzaqlaşdırılmış digər yüksəkvəzifəli məmurlara və hakimiyyət nümayəndələrinə yaxınlıqları səbəbi ilə profilaktik məqsədlə bir müddət nəzarətə götürülür, həbsdə saxlanılırlar. Beləliklə, yuxarılarda onların zərərsiz hala gəldiklərinə əminlik yarandıqda bu şəxslərin cəzaları ya yumşaldılır, ya da onlar vaxtından əvvəl həbsdən buraxılır", - siyasi icmalçı Şahin Cəfərli deyib.

Amma ekspertin müşahidələrinə görə, hakimiyyətin digər keçmiş məmurlara sərt rəftarı da məlumdur: "Bu, ona görə baş verib ki, həmin adamların hakimiyyətə sədaqətinə şübhə yaranıb, yaxud bu adamlar təmsil olunduqları hakimiyyətə qarşı hansısa fəaliyyətlərin içində yer alıblar, siyasi baxımdan təhlükəli hala gəliblər..."

R.Cəfərov
R.Cəfərov

"Siyasi iradə olmalıdır"

Hüquq müdafiəçisi Rəsul Cəfərov da qanunvericilikdə bəzi maddələrinin məhbusun kimliyindən asılı olaraq fərqli yerinə yetirilməsinə təəssüf edir. Onun fikrincə, problemin digər bir tərəfi vaxtından əvvəl azad edilmə mexanizminin nöqsanlarıdır. "Bu nöqsanları aradan qaldırmaq üçün siyasi iradə olmalıdır, qanunvericiliyin imkanları bütün vətəndaşlara eyni dərəcədə tətbiq edilməlidir", - R.Cəfərov bildirib.

Amma "Turan" agentliyinə açıqlamasında cinayət işlərində ixtisaslaşan vəkil Samir Əliyev Azərbaycanda müxtəlif məhbuslara siyasi münasibət olmasını istisna edib.

"Ədalət bərqərar olacaq"

"Ölkədə dini, irqi xüsusiyyətlərindən, vəzifəsindən və digər xüsusiyyətlərindən asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir. Qanunun aliliyini qoruyan məmurlar və hakimlər var. Ədalətsiz və qanunsuz qərarlar qəbul edənlər isə gec və ya tez ifşa ediləcək, ədalət bərqərar olacaq", - vəkil S.Əliyev qeyd edib.

A.Mirzəzadə
A.Mirzəzadə

Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Aydın Mirzəzadə də məhbuslara qarşı humanistlik prinsipinin tətbiqində fərqlilik olduğunu düşünmür. O, "Turan" agentliyinə bildirib ki, ölkədə vaxtından əvvəl azad olunanlar arasında müxalifətçilərin siyasi məhbus hesab etdiyi şəxslər də var. Lakin əlavə edib ki, Azərbaycanda siyasi məhbus yoxdur, öz siyasi baxışları olan məhbuslar var.

"Müxalifət bunu siyasiləşdirməməlidir"

Deputat Azərbaycanda humanist cəza növlərinin tətbiq edilməsi təcrübəsindən istifadə olunduğunu vurğulayıb və bunun genişləndiyinə nümunə kimi ayağına xüsusi qolbaq taxılan iki minə yaxın ev dustağı olduğunu xatırladıb. Onun fikrincə, müxalifət bunu siyasiləşdirməməlidir və keçmiş məmurların vaxtından əvvəl azadlığa buraxılmasını da öz həmfikirlərinin azad edilməsi kimi eyni sevinclə qarşılamalıdır.

A.Mirzəzadəyə görə, ölkədə cəzanın humanistləşməsi davam etməlidir.

XS
SM
MD
LG