Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:20

Kreml: Həkimlər Navalny-nin zəhərləndiyini deməyə ‘tələsir’


Aleksei Navalny (öndə) etiraz aksiyasında, 29 fevral, 2020-ci il
Aleksei Navalny (öndə) etiraz aksiyasında, 29 fevral, 2020-ci il

Prezident Vladimir Putin-in qatı tənqidçisi olan Navalny avqustun 20-də Sibirin Tomsk şəhərindən Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib. Təyyarə Omskda məcburi eniş edib və həkimlər onu süni koma vəziyyətinə salıblar

Kreml avqustun 25-də bəyan edib ki, Aleksei Navalny-nin xəstələnməsi üzrə dərhal təhqiqat başlatmağa ehtiyac yoxdur və almaniyalı həkimlərin “zəhərlənmə” sözünü deməyə tələsməsinin səbəbi aydın deyil.

Kremlin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib ki, Almaniyadakı klinika Navalny-nin xəstəliyinə səbəb olan maddəni hələ dəqiq müəyyənləşdirməyib.

“Almaniyadakı həmkarlarımızın ‘zəhərlənmə’ sözünü istifadə etməyə belə tələsməsini anlamırıq”, – o deyib.

“Maddə, bunun zəhərlənmə olduğu müəyyənləşsə, onda əlbəttə ki, təhqiqat üçün səbəb yaranar”, – Peskov vurğulayıb.

Moskvanın Tibbi Ekspertiza Bürosunun rəhbəri Sergei Shigeyev isə avqustun 25-d deyib ki, Navalny-nin zəhərlənməsini iddia etmək üçün Almaniyanın əlində yetərincə dəlil yoxdur.

“Xolinesterazanın fəaliyyəti müxtəlif adamlarda, xüsusilə müəyyən xroniki xəstəliklərdən asılı olaraq dəyişir”, – Shigeyev vurğulayıb.

***

Almaniyadakı xəstəxana: Navalny ‘zəhərlənib’

Rusiyanın müxalifət lideri Aleksei Navalny-nin Almaniyada müalicə olunduğu “Charite” xəstəxanası bildirir ki, analizlər onun “zəhərləndiyini” göstərir.

Navalny “reanimasiya şöbəsində, süni komadadır”, – deyə klinika avqustun 24-də bildirib ki, siyasətçinin vəziyyəti “ağırdır, amma həyatına kəskin təhlükə yoxdur”.

Prezident Vladimir Putin-in qatı tənqidçisi olan Navalny avqustun 20-də Sibirin Tomsk şəhərindən Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib. Təyyarə Omskda məcburi eniş edib və həkimlər onu süni koma vəziyyətinə salıblar.

Omsk xəstəxanası nəticələrin neqativ çıxdığını deyir

“Klinik testlər xolinesteraza inhibitorlar adlanan qrupa məxsus maddədən zəhərlənməni üzə çıxarıb”, – “Charite” xəstəxanasının bəyanatında deyilir.

Həm də anti-xolinesteraza adıyla tanınan xolinesteraza inhibitorlar bir sıra dərmanlarda, o cümlədən kimyəvi maddələrin və sinir agentlərinin tərkibində rast gəlinir.

Bu bəyanat Rusiya rəsmilərinin daha öncə dedikləri ilə ziddiyyət təşkil edir.

Omsk regional Səhiyyə Nazirliyi avqustun 22-də bildirirdi ki, Navalny-nin sidiyində kofein və alkoqol tapılıb, “hər hansı qıcolma yaradan, yaxud sintetik zəhər aşkarlanmayıb”.

Almaniyadan bəyanat gələndən sonra “Interfax” Omsk xəstəxanasının toksikologiya şöbəsinin rəhbəri Aleksandr Sabayev-in açıqlamasını yayıb. O deyib ki, “Navalny müalicəyə qəbul olunandan sonra narkotik və sintetik maddələr,… xolinesteraza inhibitorlarla bağlı geniş testlər aparılıb, nəticə neqativ çıxıb”.

Sabayev-in sözlərinə görə, Kremlin rəqibində “xolinesteraz inhibitorlarla zəhərlənməyə xarakterik klinik əlamət” müşahidə olunmayıb.

Həmkarları və tərəfdarları Navalny-nin Tomsk aeroportunda aldığı çaydan zəhərlənməsi ehtimalını səsləndirmişdilər.

Şəffaf araşdırma çağırışları

Almaniya Kansleri Angela Merkel avqustun 24-də Moskvanı şübhəli zəhərlənməni tam araşdırmağa, məsuliyyət daşıyanları cəzalandırmağa çağırıb.

“Cənab Navalny-nin Rusiyada siyasi müxalifətdə aparıcı rolunu nəzərə alaraq, hakimiyyəti bu hərəkəti son detalınadək, tam şəffaflıqla təcili araşdırmağa çağırırıq”, – Merkel Xarici işlər naziri Heiko Maas ilə birgə bəyanatında deyib.

AB-nin xarici siyasət rəhbəri Josep Borrell də oxşar bəyanat verib: “Rusiya hakimiyyətinin cənab Navalny-nin zəhərlənməsini müstəqil və şəffaf şəkildə yubanmadan araşdırması vacibdir”.

“Avropa Birliyi cənab Navalny-nin həyatına qəsd kimi görünən hərəkəti qətiyyətlə pisləyir”, – deyən Borrel “məsuliyyət daşıyanların cəzalandırılmalı olduğunu” bildirib.

Merkel-in sözçüsü Steffen Seibert daha öncə demişdi ki, zəhərlənmə şübhəsi olduğundan Navalny-nin “qorunması gərəkir”.

Müxalifətçi avqustun 22-də xüsusi təyyarə ilə Omskdan Berlinə aparılıb. Rusiyalı həkimlər onu tərpətməyin mümkün olmadığını deyir, onu buraxmaq istəmirdilər.

Omsk xəstəxanasının həkimləri tibbi personalın hakimiyyətin hər hansı təzyiqilə üzləşmədiyini bildiriblər.

Rusiyanın “Moskovsky Komsomolets” qəzeti isə Navalny-nin Sibirə səfəri zamanı rusiyalı agentləri tərəfindən izləndiyini yazıb.

Navalny Rusiyada hakimiyyətin yüksək eşelonlarında korrupsiyanı ifşa edib, əvvəllər bir neçə dəfə fiziki hücumlara məruz qalıb. O, dəfələrlə həbs olunub, prezident, Moskvada mer seçkilərinə buraxılmayıb.

XS
SM
MD
LG