Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:41

Kazuo Ishiguro necə uğurlu yazıçıya çevrildi


Kazuo Ishiguro
Kazuo Ishiguro

2017-ci ildə İsveç Akademiyası ədəbiyyat sahəsində Nobel mükafatını britaniyalı yazıçı Kazuo Ishiguro-ya verərək dünyanı heyrətləndirdi. Akademiyanın ozamankı Daimi katibi Sara Danius seçimi izah edərkən demişdi ki, Ishiguro-nun yaradıcılığı Jane Austen və Franz Kafka-nı kombinə edir. "Bu qarışığa bir azca da Marcel Proust əlavə edib qarışdırırsınız, ancaq çox yox", - o demişdi. Danius əlavə etmişdi ki, Ishiguro öz estetik tərzini formalaşdırmış "çox dürüst" bir müəllifdir.

"O, keçmişi anlamağa çox maraqlıdır, ancaq o, Proust-varı yazıçı deyil. O, keçmişi geri qaytarmağa çalışmır, ilk növbədə fərd, yaxud cəmiyyət kimi həyatda qalmaq üçün nələri unutmalı olduğunuzu araşdırır”.

35 yaşında doğulduğu ölkəyə gedib

"Deutsche Welle" yazır ki, 1954-cü ildə Yaponiyanın Naqasaki şəhərində doğulan Kazuo Ishiguro altı yaşında İngiltərəyə köçüb və o zamandan bəri orada yaşayıb. 60-cı illərdə London yaxınlığında bir kənd yerində böyüyən Ishiguro pop musiqiçisi olmaq arzusunda idi. O, klublarda və pablarda gitara çalırdı. Daha sonra o, avtostopla ABŞ və Kanadanı gəzib. Ishiguro doğulduğu ölkəyə yalnız 35 yaşı olanda səfər edib.

Əvvəlcə Kent Universitetində ingilis dili və fəlsəfə təhsili alan Ishiguro 1980-ci ildə İst Angliya Universitetində bədii nəsr sahəsi üzrə magistr dərəcəsi alır. İlk ədəbi işlərini də bu dövrdə yaradır. 1981-ci ildə yeni müəlliflərin antologiyasında üç qısa hekayəsi dərc olunur. "Təpələrin solğun görüntüsü" (A Pale View of Hills) adlı ilk romanı isə 1982-ci ildə işıq üzü görür. O zamanlarda evsiz insanlar üçün sığınacaqda sosial işçi kimi çalışan Ishiguro 1983-cü ildə işdən çıxıb bütün vaxtını bədii yaradıcılığa həsr edir.

Ishiguro 2017-ci ildə Nobel mükafatına layiq görülən zaman nisbətən az əsəri dərc olunmuşdu. Bura yeddi roman və bir qısa hekayə kolleksiyası daxil idi. O, bundan başqa, TV və film ssenarilərinin və mahnı sözlərinin müəllifi idi. Buna baxmayaraq, onun İkinci Dünya müharibəsindən sonrakı dövrün Yaponiyası haqda ilk romanı onu vətəni Britaniyada məşhurlaşdırmışdı. "Üzən dünyanın rəssamı" (An Artist of the Floating World) adlı ikinci romanı isə dörd il sonra - 1986-cı ildə dərc olunmuş, Britaniyada bestseller olmuş, müəllifə "Whitbread" mükafatını qazandırmışdı.

Zamanın dəyişməsi və insani dəyərlər

Ishiguro-nun ilk kitabları ABŞ-da Britaniyadakı qədər yaxşı satılmırdı. Ancaq indiyə qədər onun şah əsəri sayılan "Günün qalıqları" (The Remains of the Day) (1989) romanının çapdan çıxmasından sonra 35-yaşlı müəllif Britaniyanın ən uğurlu yazıçısı oldu. Kitab müəllifə "Booker" mükafatı qazandırdı və təkcə İngiltərədə satış sayı bir milyon nüsxəni keçdi. 1993-cü ildə bu kitab əsasında çəkilən filmdə baş rolun ifaçıları Anthony Hopkins və Emma Thompson "Oskar" mükafatına namizəd oldular. Film düz səkkiz nominasiyada "Oskar"a namizəd göstərilmişdi.

"Günün qalıqları" romanı Ishiguro yaradıcılığının fundamental mövzusu haqdadır: Zamanın dəyişməsinə duruş gətirib dəyişməli olmayan insani dəyərlər varmı? İctimai dəyərlər dəyişəndə nə baş verir?

"Nə qədər unutqanlıq arzuolunandır? Nə qədər xatırlamaq yaxşıdır?" - Ishiguro 2015-ci ildə "Deutsche Welle"yə müsahibəsində sual edirdi. O deyirdi ki, bu sualların sadə cavabı yoxdur. Bəs görəsən, insanları sadiq xidmətçi, yaxud təbəə edən nədir? Onları bəlkə də xoş niyyətlə qəddar hərəkətlərə nə vadar edir?

Nobel mükafatının elanından sonra Sara Danius demişdi ki, onun ən sevdiyi Ishiguro romanı "Dəfn edilmiş nəhəng"dir (2015). Romanda hadisələr təqribən 300-cü ildə İngiltərədə cərəyan edir. Roman fantaziya ilə tarixin kombinasiyasıdır.

XS
SM
MD
LG