Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:27

Azərbaycan Rusiya vaksinini almaq istəyirmi?


Uşağa peyvənd vurulması, arxiv foto
Uşağa peyvənd vurulması, arxiv foto

Azərbaycan Rusiyadan koronavirus əleyhinə vaksin istəyibmi? Bu günlərdə Rusiya baş nazirinin müavini Tatyana Qolikova bu ölkənin prezidenti Vladimir Putinin keçirdiyi müşavirədə açıqlama vermişdi ki, 20-dən çox ölkə adı çəkilən vaksini almaq üçün Rusiyaya müraciət edib və bu sırada Azərbaycanın da adı çəkilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva isə “Turan” agentliyinə bildirib ki, Xarici İşlər naziri Ceyhun Bayramov avqustun 25-də Rusiyann TASS agentliyinə müsahibəsində həmin məsələni cavablandırıb.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, arxiv foto
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, arxiv foto

Adı çəkilən müsahibədə nazir C.Bayramov bildirmişdi ki, Azərbaycan prezidenti İlham Əliyev avqustun 12-də Vladimir Putini telefon söhbətində Rusiyada koronavirus əleyhinə dünyada ilk vaksinin hazırlanması ilə bağlı təbrik edib. C.Bayramov həm də vurğulayıb ki, Azərbaycan Dünya Səhiyyə Təşkilatına (DST) üzv dövlət kimi yeni tip virusun yox olmasında və vətəndaşların sağlamlığının qorunmasında bu qurumun tövsiyyələrinin, metodlarının tərəfdarıdır.

“Vaksinin tanınması üzrə zəruri prosedurlar başa çatan kimi...”

“Gələcəkdə bu vaksini əldə etməyə maraqlı ölkə kimi ilk növbədə ÜST tərəfindən tanınması üzrə zəruri prosedurlar başa çatan kimi rusiyalı həmkarlarla bu sahədə əməkdaşlıq təklifinə baxa bilərik.

Şübhəsiz ki, ÜST tərəfindən tanınmış effektli bir vaksinin hazırlanması pandemiya ilə mübarizədə güclü vasitə ola bilər”, C.Bayramov bildirib.

Adil Qeybulla: “Rusiyadan qətiyyən vaksin almalı deyilik”

Adil Qeybulla, arxiv foto
Adil Qeybulla, arxiv foto

Tibb sahəsi üzrə professor Adil Qeybulla isə Azadlıq Radiosuna deyib ki, Azərbaycan Rusiyadan koronavirus infeksiyasına təsir edən arbidol preparatı alıb. Amma onun qeyd etməsinə görə, bu preperatın təsirini bilən olmadı:

“Bu dərmanı əhaliyə boş yerə sırıdılar. İndi də vaksindən söhbət gedir. Məsələ burasındadır ki, vaksin ÜST tərəfindən qəbul edilməlidir, ən əsas bunun effektlilik və təhlükəsizlik kimi iki parametri xüsusi nəzərə alınmalıdır. Düzü bu vaksin məsələsinə bir illüziya kimi baxıram və hesab edirəm ki, Rusiyadan qətiyyən vaksin almalı deyilik. ÜST bunu tövsiyyə edərsə o zaman müzakirə mövzusu ola bilər”.

Deputat: “Belə vaksinə ehtiyac yoxdur”

Vahid Əhmədov, 18 oktyabr 2011
Vahid Əhmədov, 18 oktyabr 2011

Milli Məclisin İqtisadiyyat, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü , deputat Vahid Əhmədov da “Turan” agentliyinə açıqlamasında mövzu ilə bağlı vurğulayıb ki, belə bir vaksini Rusiyadan almağa ehtiyac yoxdur. V. Əhmədov xatırladıb ki, hələlik, ÜST hər hansı bir vaksini koronavirus infeksiyasına qarşı vasitə kimi qəbul etməyib. Deputat deyib ki, bu vaksinin əldə edilməsi üzərində bəzi dövlətlərin də çalışdıqları deyilir, amma vaksinin, hələ tam hazır olmasının təsdiqi yoxdur:

“Dedilər Rusiya bu vaksini hazırlayıb. Haradasa da təcrübədən çıxardığını da söylədilər. Amma belə hesab edirəm ki, ümumiyyətlə Rusiyadan hər hansı vaksin almağımıza ehtiyac yoxdur”. Prezidentin köməkçisi:

“Sertifikatlaşmadan keçən peyvəndlərin ölkəyə gətirilməsi gündəmdə saxlanılacaq” “Payızda qrip kimi virusların aktivləşməsi də diqqət mərkəzində saxlanılır. Bu barədə digər ölkələrlə və ÜST-lə məsləhətləşmələr davam etdirilir”.

Hikmət Hacıyev, arxiv foto
Hikmət Hacıyev, arxiv foto

Bu fikri isə bu gün, avqustun 29-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Prezidentin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. H. Hacıyev deyib ki, peyvəndin hazırlandığı xarici ölkələrlə əlaqə saxlanılır:

“Sertifikatlaşmadan keçən peyvəndlərin ölkəyə gətirilməsi də gündəmdə saxlanılacaq” Onun deməsinə görə, dünya səviyyəsində qəbul edilmiş, sertifikasiya edilmiş və kənar təsirləri olmayan peyvəndlər vacib şərtdir.

Xatırlatma

Vuhan, 3 aprel 2020
Vuhan, 3 aprel 2020

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 24 milyon 917 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 841 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.Azərbaycanda isə indiyə kimi 35986 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 527 nəfərin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG