Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 14:40

''Bunu tutun, ona dəyməyin' prinsipi ilə iş görülməz'


Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Bentley, Range Rover və pullar- İcra başçısı əməliyyatla həbs edildi

Prezident İlham Əliyev avqustun 31-də Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya yeni üzvlərin təyin edilməsi barədə sərəncam imzalayıb.

Bu sərəncamla Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Prezidentinin köməkçisi, Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov Komissiyaya üzv təyin edilib. Komissiyaya habelə, Daxili İşlər naziri Vilayət Eyvazov və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev də əlavə edilib.

Komissiyanın 15 üzvü olur...

Son illər həm Prezident Administrasiyasının, həm də Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyində dəyişiklik olub. Habelə, yeni vitse-prezidentlik institutu təsis edilib.

Bu sahədə mövcud qanunvericiliyə əsasən, Komissiyanın ümumilikdə 15 üzvü olur. 5 üzvü prezident, 5 üzvü Milli Məclis, qalan 5 üzvü isə Konstitusiya Məhkəməsi müəyyən edir.

Hansı işlər rüşvətsiz alınmır?
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Bundan öncə Milli Məclisin 2020-ci il 5 iyun tarixli qərarı ilə 5 şəxs Komissiyaya üzv verilmişdi. Bunlar Milli Məclisin sədrinin yeni müavini Adil Əliyev, deputatlar Əminə Ağazadə, Elşad Mirbəşir oğlu, Arzu Nağıyev və Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev idi.

Daha sonra isə, avqustun 26-da Konstitusiya Məhkəməsi öz siyahısını təsdiqləmişdi. Bunlar da Baş prokuror Kamran Əliyev (bu il təyin edilib), Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov idilər.

Korrupsiya ilə mübarizə necə gedir?

Azərbaycanda korrupsiya ilə mübarizədə qanunvericilik bazasının, əsasən, 2004-cü ildə yaradıldığı bildirilir. Elə həmin il də Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi də təşkil edilib. (2007-ci ildən bu ilə kimi onun rəhbəri hazırki Baş prokuror K.Əliyev idi) Ondan bir il sonra - 2005-ci ilin yanvarında Azərbaycan Prezidenti yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya yaradılıb.

126-cı yer

"Transparency International" təşkilatının 2018-ci il üçün açıqladığı Korrupsiya Qavrama İndeksinə görə, Azərbaycan 25 balla 152-ci sırada yer alıb, Tacikistanın da göstəricisi eyni olub. 2020-ci ildə isə Azərbaycanın mövqeyində bir qədər irəliləmə baş verib. Azərbaycan 30 balla 180 ölkə arasında 126-cı sırada qərarlaşıb.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

Mövzu ilə bağlı deputat Sabir Rüstəmxanlı "Turan" agentliyinə deyib ki, korrupsiya ilə mübarizədə sistemli iş olmalıdır. Onun fikrincə, vətəndaş cəmiyyəti institutları komissiyada yer almalıdır. Deputat hesab edir ki, ölkədə ictimai rəy korrupsiyanın əleyhinə, korrupsionerlərin həbsinin lehinədir:

"Prezident korrupsiya və rüşvətin qarşısını almaqda qətiyyətlidir"

"Prezident korrupsiya və rüşvətin qarşısını almaqda qətiyyətlidir. Komissiyanın tərkibindəki dəyişikliklər də mübarizənin daha da şiddətlənəcəyindən xəbər verir".

Deputatın fikrincə, iki nazirlikdə (Mədəniyyət və Xarici İşlər nazirlikləri nəzərdə tutulur- red.) korrupsiya əməllərinin üzə çıxması, bu müstəvidə aparılan həbslər uzun illər korrupsiyanın qarşısının alınmaması göstəricisidir:

"Quzunu qurda tapşırmışdılar"

"Bu komissiya təşkil ediləndə məncə, onun üzvlərinin müəyyən hissəsi yerində deyildi, bir növ, "quzunu qurda tapşırmışdılar"".

S.Rüstəmxanlıya görə, bunu aradan qaldırmaq üçün idarəçilikdə ciddi islahat getməli, icra, qanunvericilik və məhkəmə hakimiyyətləri arasında səlahiyyət bölgüsü olmalıdır.

H.Hacızadə
H.Hacızadə

"Bunu tutun, ona dəyməyin"

Politoloq Hikmət Hacızadə isə bəzi məmurların həbslərini heç də korrupsiyaya ilə mübarizə kimi dəyərləndirmir. O hesab edir ki, indiki iqtidar öz hakimiyyətini gücləndirmək üçün bəzi taktiki dəyişikliklər edir.

"İstəsəydilər, bu mübarizəni köhnə komissiya ilə də edə bilərdilər. Yenilər gəldikdən sonra nə dəyişəcək? "Bunu tutun, ona dəyməyin" prinsipi ilə iş görülməz. Prezident vəzifəyə öz etibar etdiyi adamları gətirəcək, amma mahiyyət dəyişməyəcək. Odur ki, bunu korrupsiya ilə mübarizə saymıram. İndiki yerdəyişmələr korrupsiya ilə mübarizəyə yox, özgələri çıxarıb, özününküləri vəzifəyə qoymağa bənzəyir", - o, AzadlıqRadiosuna söyləyib.

H.Hacızadənin fikrincə, vəziyyəti dəyişməyin yolu demokratik seçki keçirməkdən keçir: "Bu olarsa, ölkənin bir çox bəlaları kimi, korrupsiyanı da aradan qaldırmaq olar".

"Şəffaflıq Azərbaycan" Təşkilatının icraçı direktoru Əliməmməd Nuriyev isə deyib ki, korrupsiya ilə mübarizə Azərbaycanda bir neçə mərhələ keçib:

"Rəqabət Məcəlləsi haqqında qanun nəhayət ki, qəbul olunmalıdır"

"Əvvəlcə aşağı vəzifəli məmurlar həbs olunurdular. İndiki isə yeni mərhələdir, vəzifəsindən asılı olmadan korrupsiyaya bulaşanlar həbsə alınır".

Ə.Nuriyev
Ə.Nuriyev

O hesab edir ki, indi təkcə korrupsionerlərin həbsi baş vermir, həm də mənimsənilən büdcə vəsaitləri geri qaytarılır: "2019-cu ildə dəyən ziyandan 61 milyon manat büdcə vəsaiti istintaq araşdırması ilə büdcəyə qaytarılıb, bu da il ərzində mənimsənilən vəsaitlərin 60 faizi deməkdir".

Ə.Nuriyevin fikrincə, bu mübarizədə hələ ki, vətəndaş cəmiyyəti qərarların qəbulunda tam iştirak edə bilmir, buna müqavimət də var və bəzi dövlət orqanları o siyasi iradənin formalaşmasında maraqlı deyillər: "Bu vəziyyətdən çıxa bilmək üçün isə vəzifəli şəxslərin gəlir bəyannamələrinin forması təsdiq edilməli, dövlət məmurlarının xaricdə əmlak almaları qanunla qadağan olunmalıdır. Rəqabət Məcəlləsi haqqında qanun nəhayət ki, qəbul olunmalıdır".

Səslənən tənqidi fikirlərə, hələlik, bu Komissiyanın keçmiş üzvlərindən münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG