Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:25

MTN-də öldüyü deyilən gəncə görə Azərbaycan cərimələndi


T.Zeynalov
T.Zeynalov

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, sentyabrın 10-da Naxçıvan sakini Turac Zeynalovun 2011-ci ildə bu muxtar respublikanın Milli Təhlükəsizlik Nazirliyində (MTN) ölümü ilə bağlı qərarını elan edib.

Müdafiə tərəfinin bildirməsinə görə, AİHM iddia edilən pozuntuları tanıyıb.

T.Zeynalovun qətlində ərizəçi atası Şuriyyə Zeynalov olub.

Mərhumun atası Konvensiyanın 2-ci (yaşamaq hüququ) maddəsinə uyğun olaraq şikayət verib ki, dövlət oğlunun həyatını qoruya bilməyib, onun ölümü ilə bağlı təsirli araşdırma aparılmayıb.

Ərizədə həmçinin, T.Zeynalovun Naxçıvan Muxtar Respublikası MTN-də işgəncəyə məruz qalması və bunun araşdırılmamasına aid də şikayət yer alıb.

Qərar qüvvəyə mindikdən sonra hökumət ərizəçiyə mənəvi zərərlə bağlı 35 min, xərc və məsrəflərə görə isə 2 min avro təzminat ödəməlidir.

Nə baş vermişdi

T.Zeynalov 2011-ci ildə Naxçıvan MTN-də saxlanıb. İran xüsusi xidmət orqanları ilə əlaqədə günahlandırılan T.Zeynalovun dövlətə xəyanət ittihamı ilə üzləşdiyi bildirilirdi. Həmin il avqustun 28-də Naxçıvan MTN-ə aparılan T.Zeynalovun səhhətində problem yaranıb, təcili yardımla xəstəxanaya aparılarkən yolda vəfat etdiyi açıqlanıb.

Hadisədən sonra mediada T.Zeynalovun işgəncə nəticəsində MTN-də vəfat etməsi ilə bağlı iddialar yer alıb. Qarşı tərəf isə T.Zeynalovda dəri xərçəngi xəstəliyi olduğunu iddia edib.

Milli Təhlükəsizlik Nazirliyi 2015-ci ildə ləğv edilib. Onun əvəzində Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaranıb.

Vəkil Əshabəli Mustafayev deyib ki, T.Zeynalovun ailə üzvləri o vaxt Naxçıvan Muxtar Respublikası MTN-ə, baş prokuroruna, Azərbaycanın baş prokuroruna və Ombudsmana müraciət göndərib, ölüm işinin araşdırılması ilə bağlı sənədləri tələb edib, amma həmin sənədlər ailəyə təqdim olunmayıb.

Vəkilin vurğulamasına görə, ailənin müraciətinə cavabda isə T.Zeynalovun hər hansı işgəncə, pis rəftara məruz qalmadığı, ağciyərindəki problemdən vəfat etdiyi ifadə olunub. Naxçıvan MTN isə ailəni bu qurumu ləkələməkdə ittiham edib.

T.Zeynalov Naxçıvan Beynəlxalq Aeroportunda sürücü işləyib.

Bu qərara, hələlik, Azərbaycanın və o cümlədən, Naxçıvan Muxtar Respublikasının rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG