Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:22

Yalançı şahidlər necə cəzalanmalıdır


Aktda iddia olunur ki, T.Yaqublunun idarə etdiyi avtomobil zərərçəkmişin maşınının yoluna çıxıb, nəticədə qəza baş verib.
Aktda iddia olunur ki, T.Yaqublunun idarə etdiyi avtomobil zərərçəkmişin maşınının yoluna çıxıb, nəticədə qəza baş verib.

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan fəalı Tofiq Yaqublunun işi üzrə cinayət işinin materiallarında Nəbi Acalov adlı şəxsin imzası var. T.Yaqublunun avtoqəza törətdiyi iddia olunan yerə baxış aktında hal şahidi kimi onun adı keçir.

Sentyabrın 11-də sosial şəbəkələrdə N.Acalovun etirazı yayıldı. Onun Facebook hesabından paylaşılan statusda bildirilirdi ki, imzası saxtalaşdırılıb: "Bu, guya mənim imzaladığım sənəddir. Mən guya hadisəni gördüyümü imzamla təsdiq eləmişəm. Bu imza saxtadır, mənim imzam deyil. Məhkəmə prosesində də bunu deməyə, sübut etməyə hazıram. Ekspertiza təyin edilsin və hər şeyə aydınlıq gəlsin...".

Youtube şəbəkəsində də N.Acalovun səsi yayılıb. Orada da deyir ki, sənəddəki imza onun deyil: "Sənəd tərtib olunanda da orada olmamışam. Tərtib olunanları mən görməmişəm. Guya ucadan oxunub, bizim heç bir etirazımız, əlavəmiz olmayıb. Elə bir proses olmayıb. Birinci gün gedib o işlə məşğul olacağam...".

N.Acalov
N.Acalov

"Mən sxemə və akta imza atmışam"

Birinci gün – sentyabrın 14-də isə N.Acalovun başqa bir videosu yayıldı. Daxili İşlər Nazirliyinin yaydığı videodan görünür ki, N.Acalov polis orqanlarında izahat verir.

Bu dəfə isə bildirir ki, avtomobillərin toqquşması ilə bağlı akt və sxemdəki imzalar ona məxsusdur: "Yol polisi inspektoru yaxınlaşıb dedi ki, yolun ölçülərini götürəcəm, sxem tərtib edəcəm, siz də imzalayarsız. Mən də könüllü razılaşdım. Maşınların dayandığı vəziyyəti çəkib akt, sxem tərtib etdi, mən də imzaladım".

Sosial şəbəkələrdə yayılan fikirlərinə, səs yazısına gəlincə, deyir ki, o, T.Yaqubluya qarşı ittihamla bağlı şahidlik etməyib. Əslində, bunu demək istəyib: "Mən Tofiq Yaqublunun cinayəti ilə bağlı heç bir sənədə, heç bir yerə imza atmamışam. Bununla bağlı hər hansı yerdə imza varsa, mənim imzam deyil. Mən sxemə və akta imza atmışam".

Aktda T.Yaqublunun da imzası var. Amma o, məhkəmədə bildirib ki, aktdakı imza saxtadır, onun adından kimsə qol çəkib. Çünki o, nə həmin sənədin hazırlanmasında iştirak edib, nə də onu imzalayıb.

Aktda iddia olunur ki, T.Yaqublunun idarə etdiyi avtomobil zərərçəkmişin maşınının yoluna çıxıb, nəticədə qəza baş verib.

N.Acalovdan fərqli olaraq, aktda imzası olan digər hal şahidi Xanbala Ağayev məhkəmədə dindirilmişdi. O demişdi ki, maşınların toqquşmasını görməyib: "Mənə ancaq onu dedilər ki, qəzanın qeydə alınmasıyla bağlı sənədi imzalayacam. Mən qəzanı görməmişəm...".

N.Kərimli
N.Kərimli

"Soruşuruq ki, vintaçan nədir? Deyir, bilmirəm"

T.Yaqublunun vəkili Nemət Kərimli AzadlıqRadiosuna bildirib ki, təkcə aktı imzalayanlar deyil, başqa şahidlər də dindiriləndə onların istintaqdakı ifadələri ilə məhkəmədə dedikləri arasında xeyli ziddiyyətlər ortaya çıxdı. Amma məhkəmə o ziddiyyətlərin səbəbini araşdırmadı: "Məsələn, şahidlər vardı ki, onların istintaqdakı ifadələrində "vintaçan" sözü yazılıb. Məhkəmədə dindiriləndə soruşuruq ki, vintaçan nədir? Deyir, bilmirəm. Adam heç eşitmədiyi, bilmədiyi ifadəni ifadəsinə necə yaza bilərdi?".

N.Kərimli deyir ki, əgər şahidin istintaqdakı ifadəsi ilə məhkəmədə dedikləri arasında fərq varsa, bunu aydınlaşdırmaq hakimin vəzifəsidir. Müəyyənləşdirilməlidir ki, şahidin dediklərinin hansı doğrudur və digər ifadədə niyə yalan danışıb:

"Ona təzyiq olubmu, ya anlaqlı vəziyyətdə olmayıb – çox səbəb ola bilər. Bunlar araşdırılmalıdır. Qanunazidd hal varsa, mütləq xüsusi qərar çıxarılmalıdır. Tofiq Yaqublunun işində şahid ifadələrilə bağlı çox ciddi pozuntular ortaya çıxdı. Heç birinə əhəmiyyət verilmədi. Amma müdafiə tərəfi onların hər birini qeydə alıb və yuxarı məhkəmə instansiyalarında bunları ortaya qoyacağıq".

Cinayət Məcəlləsinin 297-ci maddəsində yalan ifadə verməyə görə cəza nəzərdə tutulub. Söhbət 1000 manatdan 2000 manata qədər cərimə, 320 saatdan 400 saata qədər ictimai işlər, 1 ildən 2 ilə qədər islah işləri, 1 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 6 aya qədər azadlıqdan məhrumetmədən gedir. Əgər bu əməl kiminsə ağır cinayətdə ittiham olunmasıyla əlaqədar törədilirsə, bu halda cəza daha sərtdir – 2 ildən 6 ilə qədər həbs.

S.Ağayeva
S.Ağayeva

"Tərəzinin gözünə qoyur"

Hüquqşünas Samirə Ağayeva deyir ki, Azərbaycanda yalançı şahidlik çox ciddi problemdir. Buna baxmayaraq, yalançı şahidliyə görə məsuliyyət müəyyənləşdirən hüquqi norma işlək deyil. Yəni, yalançı şahidlər cəzalandırılmır.

"Şahid zərərçəkmiş məhkəmədə dindirilməmişdən əvvəl xəbərdar olunur, bu barədə iltizama imza atır. Bundan sonra da yalan danışırsa, artıq məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə şahidin ifadəsini digər sübutlarla müqayisə edir, tərəzinin gözünə qoyur. Ziddiyyət varsa, səbəbini aydınlaşdırmalıdır. Yalançı şahidlik halı müəyyənləşdirilərsə, onu məcbur edənlər, yaxud özü barədə tədbir görülməlidir", - S.Ağayeva belə deyir.

Hüquqşünas hesab edir ki, məhkəmələr də yalan ifadə verən şəxslərin cəzalanmasında maraqlı olmalıdır. Çünki bu, ədalət mühakiməsinə zərbə vurur.

Azərbaycanda özəlliklə narkotiklərlə bağlı cinayət işlərində hal şahidliyi etmiş şəxslərlə bağlı konkret faktlar var. Elə hal şahidləri var ki, onların adı 50-60 cinayət işində eyni statusda keçir. Qanun isə hal şahidinin təsadüfən prosesə cəlb olunmasını nəzərdə tutur. Eyni şəxsin onlarla iş üzrə təsadüfən şahid kimi cəlb olunması isə inandırıcı deyil. Təqsirləndirilən şəxslərə bu əsasla bəraət verilən məhkəmə hökmləri olsa da, həmin hal şahidləri barədə tədbir görülməsi faktı məlum deyil.

XS
SM
MD
LG