Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:45

Cəbhəçi gəncin atası: 'Narahatıq ki, görəsən, başına nə gəlib?'


M.İmanlı
M.İmanlı

İki aydır ailə üzvləri ilə görüşməsinə və telefon danışığına qadağa qoyulan AXCP fəalı Məhəmməd İmanlının sentyabrın 17-də öz məhkəməsinə də gətirilməməsi yaxınlarının narahatlığını daha da artırıb. Atası Ramiz İmanlı deyir ki, oğlunun durumu haqqında heç bir məlumatları yoxdur.

CM-in 139-1.1 (karantin rejiminin pozulması -xəstəliklərin yayılmasına səbəb olduqda) maddəsi ilə ittiham olunan M.İmanlının ev dustaqlığına buraxılması üçün vəkili məhkəməyə vəsatət vermişdi. Müdafiəçi vəsatətə baxılanda M.İmanlının özünün də iştirak etməsini istəmişdi. Sentyabrın 17-də bu işə baxılanda məlum olub ki, məhkəmə onun saxlandığı Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə məktub göndərsə də, cəbhəçi gənci öz məhkəməsinə gətirməyiblər. Müəssisədən məhkəməyə məktub göndərilib ki, M.İmanlı müalicə altındadır.

"Onun üzə çıxarılmaması bizi qorxudur"

"Məhəmməd tam sağlam vəziyyətdə həbs olunub. Onda koronavirus-filan olmayıb. Sahə müvəkkili gəlib evdən çağırıb aparıb. Beş gün polis idarəsində saxlayandan sonra koronavirus yayma ittihamı veriblər. Lap tutaq ki, o vaxt koronavirusa yoluxmuşdu, bu iki ayda sağalmadı ki, hələ də müalicə altındadır? Onun üzə çıxarılmaması bizi qorxudur. Narahatıq ki, görəsən, onun başına nə gəlib?", – R.İmanlı belə deyir.

Sabunçu Rayon Məhkəməsinin hakimi Süleyman Ağayev onun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib. Vəkil bu qərardan apellyasiya şikayəti verəcək.

Eyni hakim bir neçə gün əvvəl də M.İmanlının ailə üzvlərinin şikayətinə baxmaqdan imtina edib. Onun ailəsi ilə telefon və görüşünə istintaqı aparan Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Muxtar Muxtarovun qərarıyla qadağa qoyulub. Müstəntiqin həm bu hərəkətindən, həm də o, iyulun 16-da saxlandığı halda, cinayət işinin materiallarında iyulun 21-də tutulduğunu yazdığına görə məhkəməyə şikayət ediblər. Lakin hakim S.Ağayev şikayəti geri qaytarıb ki, sənədlər arasında vəkilin şəxsiyyət vəsiqəsi və vəkil vəsiqəsi yoxdur: "Əsas olan vəkil orderidir, o da işin içində var. Buna görə işi geri qaytarmaq absurddur. Bu qərardan da apellyasiya şikayəti verəcəyik".

Xatırlatma

Bu il iyulun 14-də Bakıda orduya dəstək yürüşü keçirilib. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu olaylarla bağlı cinayət işi açılıb. Amma rəsmilər konkret nə qədər adamın saxlandığını, onlardan nə qədərinin həbs edildiyini açıqlamayıb.

Yerli hüquq müdafiəçiləri həmin olaylarla bağlı 70 civarında şəxsin saxlandığını, onlardan 25 nəfərdən çoxunun cinayət işinə cəlb olunduğunu, haqlarında həbs-qətimkan tədbiri seçildiyini bildirir.

Orduya dəstək yürüşündən sonra AXCP-nin 40-da çox fəalı həbs edilib. Onlardan 16 nəfəri yürüşlə bağlı cinayət işi üzrə məsuliyyətə cəlb edilib. 18 nəfərə inzibati qaydada 30 sutka həbs cəzası verilib. Onların bir qismi artıq cəzasını başa vuraraq azadlığa çıxıb.

Yürüşdən sonra həbs edilən bir neçə şəxsə, o cümlədən, M.İmanlıya koronavirus yayma ittihamı verilib. Cinayət Məcəlləsinin 139-1.1 maddəsində 5000 manata qədər cərimə və ya 3 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG