Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:23

Potensialı heç vaxt tam açılmayan Kubrik


Stenli Kubrik
Stenli Kubrik

CBR.com saytı yazır ki, Stenli Kubrik geniş viziona malik, son dərəcə istedadlı rejissor olsa da, toksik maskulinliyi və tiran xarakteri onun inkişafına və öz əsl potensialına çatmasına mane olub. Onun filmləri rəngliliyi və bədiiliyi ilə seçilsə də, heç vaxt qadını əsas fokus obyektinə çevirməyib. "Kubrik sanki kişiyə xidmət etmək üçün, yaxud onun gözünü oxşamaq üçün mövcud olmayan qadından qorxurdu", – sayt yazır.

Uğursuzluqdan qorxan perfeksionist

Öz nəhəng istedadına rəğmən, Kubrik o qədər tərs və dardüşüncəli idi ki, aktyorların və çəkiliş heyətinin rəyini qəbul etməyi özünə rəva bilmirdi. O, çəkiliş qrupu ilə öz komandası kimi rəftar etməkdən də imtina edirdi. Sanki daim hər şeyə nəzarət etməli imiş kimi davranırdı. Bu isə onun filmlərinə özünün təsəvvür etdiyindən daha çox ziyan vururdu. Başqa sözlə, Kubrik stereotiplərə uymasaydı, kim bilir, rejissorluğun hansı zirvəsinə ucala bilərdi.

Məqalədə daha sonra deyilir ki, Kubrik uğursuzluqdan qorxan perfeksionist idi və bu qorxu onun öz potensialının zirvəsinə çatmasının qarşısını alıb. Aktyorlara düzgün istiqamət verməkdən və onların, sözün əsl mənasında, oynadıqları personajlara çevrilməsinə imkan verməkdənsə, Kubrik onları hər səhnəni 100 dəfə oynamağa məcbur edirdi. Aktyor çəkilən səhnələrdə özünü tam ifadə edə bilmirdi. "Böyük rejissor təkcə öz istedadına görə deyil, həm də başqaları ilə əməkdaşlıq qabiliyyətinə görə böyükdür. Kubrikin aktyor və çəkiliş heyəti ilə davranışı kinorejissordan çox diktatorun hərəkətlərini xatırladır", – yazıda deyilir.

Mental vəziyyətə təsir edən davranış

Kubrikin bərbad rəftarından təkcə ikinci dərəcəli rolları oynayan aktyorlar deyil, məşhur ulduzlar da əziyyət çəkib. Onun Tom Kruzu qapıdan düz 90 dəfə girməyə məcbur etməsi haqda çox danışılır.

Ancaq Kubrikin əlindən ən çox əziyyət çəkən "The Shining" filminin ulduzu Şelli Düval olub. Kubrik baş kişi rolunun ifaçısı Cek Nikolsonla dostluq münasibəti qurduğu halda, Düvala qarşı əsl tiran kimi davranıb, ona qorxu hissi aşılamağa çalışıb. Onun qeyri-peşəkar davranışı təkcə aktrisanın replikalarını davamlı dəyişməsi və onu təcrid etməsi ilə məhdudlaşmayıb. O, aktrisanı pilləkəndə beysbol çubuğu səhnəsini düz 127 dəfə oynamağa məcbur edib. Nəticədə Düvalın əlləri qanayıb, saçları isə stressdən tökülüb. Düval Kubriklə yaşadığı mənfi təcrübədən sonra aktyorluğun daşını atmaq haqda düşünüb. Bu filmdəki təcrübəsi bu günə qədər aktrisanın mental vəziyyətinə təsir etməkdədir.

Rejissorun qadınlarla rəftarı onu mizoginist kimi göstərirdi. O, öz bacarıqlarına çox da əmin deyildi. Toksik maskulinliyinə görə isə ətrafında qadınların hər hansı gücə sahib olmasını qəbul etmək istəmirdi.

Duqlas ssenarini dəyişdirib

Ancaq qadınlar onun pis rəftar etdiyi yeganə adamlar deyildi. 1957-ci ildə çəkdiyi "Paths of Glory" müharibə filmində kino ulduzu Kirk Duqlasla kəllə-kəlləyə gəlmişdi. O, aktyorun xəbəri olmadan ssenarini dəyişmişdi. Nüfuzlu Duqlas isə studiyanı ssenarini yenidən öz istəyinə uyğun dəyişib orijinal şəklinə qaytarmağa məcbur etmişdi. Bundan başqa, Kubrikin həmin filmdə aktyorları əldən düşənə qədər işləməyə məcbur etdiyi deyilir. O, çox vaxt onlara nahar fasiləsinə çıxmağa belə imkan vermirmiş.

Bu azmış kimi, Kubrik özünün nəzarət xəstəliyini filmin digər aspektlərinə, o cümlədən montaj və redaktə işlərinə də sırıyırmış. O, işə götürdüyü peşəkarların heç birinə etibar etmirdi. Əslində isə film yaradıcılığının ən əsas şərtlərindən biri yaxşı komanda işinin olmasıdır.

Kubrikin perfeksionizmi onun ziyanına işləyib. O, bir filmi çəkməyə başqa rejissorlardan iki dəfə çox vaxt sərf edirdi. Nəticədə isə Stiven Spilberq və Martin Skorseze kimi rejissorlar daim yeni filmlər çəkib tamaşaçıların ixtiyarına buraxır, üstəlik, onların filmləri nəinki eyni keyfiyyətdə, hətta daha gözəl alınırdı.

XS
SM
MD
LG