Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:45

V.Bayatlı: 'Bütün çocuqlar böyüdüyü kimi, çocuq qələbələr də böyüyür'


Vaqif Bayatlı Odər
Vaqif Bayatlı Odər

Şair Vaqif Bayatlı Odər AzadlıqRadiosunun suallarını cavablandırıb. Şairin anadan olduğu Cəbrayılın Böyük Mərcanlı kəndi bu günlərdə işğaldan azad edilib. O da söhbətə elə oradan başlayıb:

- Mən özüm Böyük Mərcanlıda anadan olmuşam. Cocuq Mərcanlı da var, o da bizim kəndin bir qoludur. Bizim kəndin çocuğudur. Dünyanın heç bir yerində kəndə Çocuq demirlər. Gör nə gözəl ad qoymuşuq. Qoy Çocuğumuz da böyüsün, Mərcanlı da böyüsün.

- Yəqin 27 il sonra ən böyük arzunuz oralara getməkdir.

- Əlbəttə. Hər an yuxularımda, xəyallarımdadır. Mən hələ ordayam. Hələ oralardan gəlib çıxmamışam bura.

– Qohum-əqrəbanın, doğmaların sevincini təsəvvür etmək çətin deyil. Amma yenə Sizin dilinizdən də eşidək.

- Azad olub torpaqlarımız, hamısı Allaha dua edir. Vuruşmaq imkanı olan vuruşur, qalanları da dua edirlər. Təzə anadan olan uşaqlar da dua edirlər, o torpaqların tamam azad edilməsini istəyirlər.

– İşğal olunmuş torpaqlarda hərbi əməliyyatlar gedir. Beynəlxalq qurumlar, böyük dövlətlər Azərbaycana və Ermənistana müharibəni dayandırmaq çağırışı edirlər. Azərbaycanda bu çağırışları narazılıqla qarşılayanlar da var. Siz nə düşünürsünüz?

- Mən düşünürəm ki, dövlət düzgün yoldadır. Danışıqlar çərənləməyə gedir. Başqa yol yoxdur.

- Bu günlərdə hər iki tərəfdə barışa çağırışlarla yanaşı, ədavəti körükləyənlər də var. Hiss olunur ki, iki xalqın 30 illik münaqişədən sonra dil tapması asan olmayacaq.

- Çətin olacaq. Amma bütün müharibələr sülhlə bitir. Yeni şey icad etmək mümkün deyil. Axırı ermənilər sakitləşəcəkmi, bilmirəm. Onların da tarixçiləri aləmi qatır... Amma hər şey sülhlə bitir axırda.

- 2016-cı ildə Cocuq Mərcanlı işğaldan azad edildi və Siz o zaman AzadlıqRadiosuna müsahibənizdə demişdiniz: "Bizim qələbəmiz hələ çocuqdur. Arzu edirəm qələbəmiz böyüsün, Böyük olsun". Azərbaycanın qələbəsi böyüyürmü, ya hələ çocuqdur?

- Bütün çocuqlar böyüdüyü kimi, çocuq qələbələr də böyüyür, böyüyəcəklər. Mütləq nail olacağıq. Bizim Azərbaycan tək deyil. Türk dünyası var, qardaş Türkiyə var, dəstək verən Pakistan kimi gözəl ölkələr var. Mütərəqqi ölkələrin əksəriyyəti gerçəyi bilir. Bu, Allahın işidir. Yavaş-yavaş hər şey reallaşacaq.

- Amma Azərbaycana basqılar da var, Sizcə, o, sona qədər gedəcəkmi?

- Sona qədər gedəcək. Hər bir gənci, yaşlısı bu yolu sona qədər gedəcək, yıxıla-yıxıla da olsa. Süngüylə də olsa, bombayla da olsa gedəcək.

– Uzun çəkmədimi bu müharibə? 30 il...

–Avropada 100 illik müharibə olub. Müharibə də 30 dəqiqə kimidir. 30 ildə müharibə getmirdi, hazırlaşırdıq. Zaman keçdikcə, həqiqət - Allahın iradəsi yerini tapacaq. Arzum odur ki, bütün türk dünyası bir olsun, indiki kimi. Həmişə bir-birini qorusun, müdafiə etsin. Türk dili dünyanın yer üzünün ən gözəl dillərindən biridir. Arzulayıram bizim türk dili gələcəkdə dünyanın ən çox işlənən dillərindən olsun, BMT-dən tutmuş hər yerdə işlənməsini istəyirəm.

– Vaqif bəy, ancaq münaqişədən danışdıq. Son illər səhhətinizdə problemlər var, bir neçə dəfə əməliyyat olunmusunuz. İndi səhhətiniz necədir?

– Səhhətim çox da fərəhli deyil. Amma çalışırıq. Qələbə olsa, tam sağalaram. Qələbəni gözləyirəm. Tezliklə torpaqların azad olmasını gözləyirəm. Bütün dünyada türklərin güclü olmasını istəyirəm, Cənubi Azərbaycan (İranın Azərbaycan vilayətini nəzərdə tutur – red.) qardaşlarımızın güclü olmasını istəyirəm. Öpürəm hamını...

XS
SM
MD
LG