Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:52

‘NBC News’ ucuz dronlardan yazır – Qərb mediası


Arxiv fotosu
Arxiv fotosu

Tramp administrasiyası amerikalı istehsalçıların ixrac bazarında rəqabətinə imkan verməkdən ötrü silahlı dron satışını dövlət tənzimləməsindən azad etməyə çalışır

“NBC News” Çin, Türkiyə və İsrail istehsalı olan ucuz dronların Dağlıq Qarabağda və digər yerlərdə münaqişələri qızışdırdığını yazır. Hərbi yazar Sébastien Roblin qeyd edir ki, bu vəziyyət daha da qəlizləşə bilər. Axı, Tramp administrasiyası amerikalı istehsalçıların ixrac bazarında rəqabətinə imkan verməkdən ötrü silahlı dron satışını dövlət tənzimləməsindən azad etməyə çalışır.

Müəllif silahlı dronların regional münaqişələrdə ölüm hallarını artırdığını qeyd edir. “Dağlıq Qarabağ münaqişəsi göstərdi ki, hava müharibələrini asanlaşdırmaq üçün dronlardan istifadə hələ çox belə müharibəyə yol açacaq”, – o vurğulayır və bunun daha tez baş verməməsini Birləşmiş Ştatların bahalı Predator və Reaper dronlarının ixracını məhdudlaşdırması ilə izah edir. ABŞ bu dronları ancaq yaxın müttəfiqlərinə satırdı. Amma Çin, İsrail, Türkiyə özlərinin hərbi dronlarını istehsal edərək ixracını da artırdılar.

"Azərbaycan dronlara daha çox investisiya qoyub"
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

“Qırıcı təyyarə onmilyonlarla dollara başa gəlir, hər uçuş saatı və saxlanmasına isə onminlərlə dollar xərclənir, ən vacibi, təcrübəli pilot da tələb edir. Belə bir təyyarəni və pilotunu itirmək maddi və siyasi baxımdan qəbuledilməzdir. Çindən və Türkiyədən yeni hərbi dronlar isə əksinə, daha ucuzdur, uçuş saatı da ucuz başa gəlir”, – məqalədə deyilir.

Müəllif qeyd edir ki, dronlar kiçik ölkələrə daha az risk bahasına qarşı tərəfdə daha çox itkiyə səbəb olmaq imkanı verir... Bu, bir çox ölkələri tez-tez gücə əl atmağa sövq edə bilər. Məqalədə Hindistan, Pakistan, Serbiya və Ukrayna kimi sərhəd münaqişələri olan ölkələrin hücum dronları aldığı vurğulanır.

“NATO Türkiyənin yanında olmalıdır”

Avropa Siyasi Təhlil Mərkəzinin (CEPA) portalında isə Cordelia Buchanan Ponczek yazır ki, Türkiyənin Cənubi Qafqazda münaqişəni balanslaşdırması NATO ilə gərginliyi diqqət mərkəzinə gətirir.

Müəllifin fikrincə, NATO üzvlüyünün verdiyi təhlükəsizlik təminatı Türkiyənin hərbi gücdən istifadədə əl-qolunu açır. Türkiyə strategikləri düşünürlər ki, özəlliklə Cənubi Qafqazda münaqişələri qızışdıra bilərlər, Rusiya birbaşa Türkiyə torpağına vura bilməyəcək. Ancaq bu heç də Türkiyənin regionda azad hərəkət edə bilməsi anlamına gəlmir. Çünki Ermənistan da Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvüdür.

Qonşu İran da regionda maraqlı tərəfdir, münaqişənin öz ərazisinə sıçramasını istəmir, eyni zamanda sərhədlərində Türkiyənin iştirakına göz qoyur.

Yevlaxa atılan raketlər vurulur
Gözlə

No media source currently available

0:00 0:03:18 0:00

İndiyədək münaqişədə Qərbin izi görünməyib. CEPA-dan Lauren Speranza deyir ki, NATO gərginliyin azalmasının yolunu ən yüksək səviyyədə axtarmalıdır, necə ki Birləşmiş Ştatlar Rusiyaya görə Suriyada hərəkətə keçdi. “Yaxşı, ya pis, Erdogan Türkiyəsi müttəfiqdir və Alyans onun yanında olmalıdır. Məqsəd Rusiya və Türkiyə yanlış addım atarsa arzuolunmaz eskalasiyanı önləmək olmalıdır”, – məqalədə vurğulanır.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 40-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir. Xüsusilə 2016-cı ilin aprelində və bu ilin iyulunda cəbhədə ağır silahların işə düşdüyü, hər iki tərəfdən itkilər olduğu deyilirdi.

XS
SM
MD
LG