Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 00:48

Erdoğan Makron savaşı ‘ikisinə də əl verir’ – Qərb mediası


Emmanuel Makron (sağda) və Recep Tayyip Erdoğan
Emmanuel Makron (sağda) və Recep Tayyip Erdoğan

Fransanın Xarici işlər naziri Jan-Yves Le Dryan deyib ki, səfir Herve Maqronu NATO müttəfiqindən geri çağırırlar

Fransanın Xarici İşlər Nazirliyi dünən – oktyabrın 25-də Türkiyədən səfirini geri çağırdığını bəyan edib. Bundan bir gün öncə Türkiyə Prezidenti Recep Tayyip Erdoğan fransalı həmkarı Emmanuel Makronu sərt tənqid edib. Tənqidə isə Parisdə Məhəmməd peyğəmbərin karikaturalarını şagirdlərinə göstərmiş müəllimin başının kəsilməsinə Makronun reaksiyası səbəb olub.

Fransanın Xarici işlər naziri Jan-Yves Le Dryan deyib ki, səfir Herve Maqronu NATO müttəfiqindən geri çağırırlar. Səbəb isə “Fransaya qarşı nifrət və böhran dolu propaqanda”, “Respublika Prezidentinə qarşı Türkiyə dövlətində ən yüksək səviyyədə ifadə olunmuş birbaşa təhqirlər”dir.

Parisin kənarında müəllimin qətlindən sonra Makron hökuməti terrorçu zorakılığı qızışdırmaqda suçladığı müsəlman təşkilatlara divan tutmağa başlayıb. Hökumət həm də peyğəmbərin islam dinində yasaq sayılan karikaturalarını Fransada dünyəvilik və ifadə azadlığının simvolu kimi müdafiə edib. Fransanın müsəlman vətəndaşları isə bu addımı təhqiramiz satır.

Boykot çağırışı

47 yaşlı tarix müəllimi Samuel Pati dərs vaxtı karikaturaları sinifdə göstərib.

Hökumətin belə reaksiyası Fransanın Türkiyə ilə strateji münasibətini daha da gərginləşdirib. Ankara müəllimin qətlindən sonra Fransa ilə dövlət həmrəyliyi nümayiş etdirməyib. Son bir ildə iki hökumət Liviyada vətəndaş müharibəsi, Türkiyənin şərqi Aralıq dənizində enerji resurslarına iddiaları səbəbindən dəfələrlə əks mövqelər sərgiləyib.

Makron ötən həftə deyirdi ki, hökuməti “radikal islamçılıqla mübarizəni gücləndirəcək”. Onun sözlərinə görə, Patinin ölümündən sonra “radikal islamçı layihə, başqa sözlə, Fransa Respublikasına dağıtmağa yönəlik ideologiya təbliğ edəm təşkilat və fərdlərə qarşı onlarla tədbir görülüb”.

“Makron adlı bu şəxsin müsəlmanlar və islamla hansı problemi var? Makrona zehni müalicə lazımdır”, – Erdogan şənbə günü siyasi partiyasının üzvləri qarşısında çıxışında deyib.

“İnanc azadlığını anlamayan və ölkəsində yaşayan, fərqli inanclı milyonlarla insanla bu cür davranan dövlət başçısı haqqında başqa nə demək olar?” – Erdogan vurğulayıb.

Son günlər internetdə, eləcə də bir sıra müsəlman ölkələrində Fransa məhsullarını boykot çağırışları yer alır.

Ancaq ilk dəfədir Fransa hökuməti Türkiyədən səfirini geri çağırır. “The Washington Post” yazır ki, milli təhlükəsizlik üzrə təhlilçilər bunu ciddi qarşıdurma, eləcə də qaçılmaz addım sayırlar. Axı, son aylar Liviya və şərqi Aralıq dənizi məsələlərində Erdogan getdikcə Fransaya qarşı daha çox ədavətli davranırdı.

Erdogan:Qarabağ münaqişəsinin həllində iştirak üçün Türkiyənin Rusiya qədər haqqı var
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00

Arzulanan savaş

“Müəyyən mərhələdə reaksiya vermirsənsə, etibarlılığı itirirsən. Məncə, artıq həmin mərhələyə çatmışıq”, – prezidentin keçmiş müşaviri, Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun aparıcı müşaviri Fransua Heysburq deyib.

Avropa Xarici Münasibətlər Şurasından Əsli Aydıntasbas isə düşünür ki, hər iki tərəf üçün bu, arzulanan savaşdır:

“Makronla Erdoğan bir-birinin timsalında ideal düşməni tapıblar. Bu qarşıdurma qəribə formada hər iki liderə əlverişlidir, həm ölkəiçi, həm də xaricdə qazanmaq istədikləri nüfuz baxımından”.

Şənbə günü Pakistanın Baş naziri İmran Xan da Makronu islamçılıqla bağlı mövqeyinə görə tənqid edib.

“Dünyaya gərəkən ən axırıncı şey qütbləşmənin dərinləşməsidir. Nadanlığa əsaslanan bəyanatlar daha çox nifrət, islamofobiya və ekstremistlər üçün məkan yaradacaq”, – Xan “Twitter”də yazıb.

O, Makronun “Avropada və dünyada milyonlarla müsəlmanı hisslərinə hücum etdiyini, onları incitdiyini” iddia edib.

XS
SM
MD
LG