Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:34

Azərbaycanın şərtsiz gedəcəyini dediyi görüşü ertələməsi...


C.Bayramov
C.Bayramov

Bu gün, oktyabrın 29-da Cenevrədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan xarici işlər naziri ilə görüşü gözlənirdi. Amma Azərbaycan Xarici İşlər Nazirliyi oktyabrın 29-u səhər saatlarında bildirib ki, onlar görüşün oktyabrın 30-na keçirilməsini təklif edib. Üstəlik, nazirlikdən bildirildiyinə görə, həm də nazirlərin görüşü nəzərdə tutulmur. Söhbətin yalnız həmsədrlərlə görüşdən getdiyi qeyd olunur.

Cəbhədə döyüşlər başlanandan bəri buna qədər oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvada görüşmüşdülər. Həmin görüşün sonunda humanitar atəşkəslə bağlı tərəflər arasında razılığın olunduğu bəyan edilsə də, az sonra bunun yerinə yetirilmədiyi bəlli oldu.

Moskvada növbəti müzakirələrdən sonra da, oktyabrın 18-də atəşkəsə əməl ediləcəyi vurğulandı. Bu müzakirələr də nəticə vermədikdən sonra, oktyabrın 23-ü və 24-də Vaşinqtonda ABŞ dövlət katibinin səyi ilə nazirlərin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə ayrı-ayrılıqda görüşü keçirildi. Bu müzakirələrdən sonra da oktyabrın 26-dan yenidən humanitar atəşkəsin tətbiq ediləcəyi açıqlanmışdı.

Amma cəbhə bölgəsindən hələ də atəş səsləri eşidilir və qara xəbərlər gəlir.

Son günlər, oktyabrın 27-i və 28-də isə Azərbaycanın Bərdə rayonunun atəşə tutulması nəticəsində üst-üstə 25 mülki şəxsin öldüyü, 80-dən çox dinc sakinin də yaralandığı bildirilir.

Z.Əlizadə
Z.Əlizadə

"Bu danışıqlar nəticə verməyəcək"

Politoloq Zərdüşt Əlizadə AzadlıqRadiosuna bildirib ki, bu görüş və danışıqların hansısa müsbət nəticə verəcəyinə inanmır: "Azərbaycan birmənalı elan edib ki, işğal altında olan torpaqlarını sona qədər azad edəcək. Ermənistan işğal etdiyi torpaqları boşlatmaq istəmir. Həmsədr ölkələrdən biri-Fransa bütün gücü ilə çalışır ki, Ermənistan müharibəni uduzmasın. Rusiya problemin hər hansı tərəfin xeyrinə həll olunmasında maraqlı deyil, çünki bu münaqişə Cənubi Qafqaza müdaxilə üçün Rusiyanın əlində təsirli vasitədir. ABŞ isə Rusiyanın Cənubi Qafqazdan getməsini, bu bölgənin Qərbə yönəlməsini istəyir".

Politoloqun deməsinə görə, Azərbaycan artıq işğalda qalan ərazilərin boşaldılmasını tələb edir, Qarabağa da yalnız mədəni muxtariyyətin verilməsini zəruri sayır.

Bərdəyə ikinci dəfə raketlər atılmazdan öncə...

Amma Bərdə rayonunun ikinci dəfə raket atəşinə tutulmasından öncə Azərbaycan prezidentinin Cenevrə görüşü ilə bağlı açıqlaması bir xeyli diqqət çəkmişdi. Prezident İlham Əliyev oktyabrın 28-də Rusiyanın "İnterfaks" agentliyinə müsahibəsində dəvət gələrsə, Ermənistan baş naziri ilə də Moskvada şərtsiz görüşə biləcəyini istisna etməmişdi: "Buna sübut odur ki, sabah (oktyabrın 29-da) bizim xarici işlər nazirləri Cenevrədə, yenə hər hansı şərtlər olmadan görüşəcəklər...".

H.Hacızadə
H.Hacızadə

"Mövqelərdə dəyişiklik yoxdur"

Politoloq Hikmət Hacızadə də bu gözlənilən görüşə bir elə də optimist yanaşmır. Politoloqun vurğulamasına görə, hələ ki, nə Azərbaycanın, nə də Ermənistanın mövqelərində hər hansı dəyişiklik var, yenə, müharibə ritorikası üstünlük təşkil edir.

H.Hacızadə əlavə edib ki, həmsədrlərin can atdığı atəşkəsə gəlincə, bunun baş tutub-tutmayacağı sual altındadır: "Mən pessimistcəsinə yanaşıram bu məsələyə. Əsaslarım da budur ki, ritorikalar dəyişməyib, deməli, mövqelərdə də dəyişiklik yoxdur".

H.Hacızadə hesab edir ki, indi irəli gedən, torpaqlarını azad edən Azərbaycandır...

"Hər hansı nəticə olmayacaq"-deputat

Deputat Vahid Əhmədov da "Turan" agentliyinə bildirib ki, Cenevrə görüşünün hansısa müsbət dinamikaya səbəb ola biləcəyinə inanmır: "Bu danışıqlar boş şeydir, hər hansı nəticə olmayacaq. Ona görə də heç gözləntim yoxdur".

V.Əhmədov daha sonra da deyib: "Əvvəl də atəşkəs elan etdilər, nə olsun, sonra da elə Ermənistan tərəf özü də pozdu. Amma buna görə, mülki əhaliyə qarşı törətdiyi cinayətlərə görə Ermənistana heç nə demirlər...".

V.Əhmədov
V.Əhmədov

Hərçənd, Ermənistan da Bərdə rayonunu onun silahlı qüvvələrinin raket atəşinə tutması barədə Azərbaycanın ittihamlarını qəbul etmir. Üstəlik, atəşkəs razılaşmasının pozulmasına görə də Azərbaycanı qınayır.

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi deyilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 170-ə yaxın kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Oktyabrın 1-də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar. Tərəflər cəbhədə döyüşlər başlayandan düz üç dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar. Amma cəbhə bölgəsindən hələ də atəş səslərinin gəldiyi bildirilir.

Ümumilikdə, son həftələr cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu bildirilib. Atəşkəsin pozulmasına görə də qarşılıqlı ittihamlar səslənib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG