Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:42

Şuşadan sonra münaqişənin həlli necə görünür?


Şuşa. 2009
Şuşa. 2009

Noyabrın 8-də Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhərinin işğaldan azad edildiyini açıqladı. O, həmin çıxışında bir daha vurğuladı ki, işğal altındakı bütün torpaqlar boşaldılmalıdır.

Politoloq Ərəstun Oruclu mövzu ilə bağlı AzadlıqRadiosuna deyib ki, Şuşanın işğaldan azad olunması Azərbaycan üçün həm psixoloji, həm siyasi və həm də hərbi strateji əhəmiyyət kəsb edir: "Çünki Şuşa Qarabağda hər mənada həlledici bir məntəqədədir, hərbi mövqedir. Bu, Ermənistan ordusunun vəziyyətini hər mənada dəyişdi. İstər hərbi-taktiki, istər psixoloji. Ermənistanın siyasi mühitinə birbaşa təsir göstərdi".

Amma onun deməsinə görə, gözləmir ki, Ermənistan hökuməti ordunu işğal edilmiş ərazilərdən çəkib aparacaq: "Bu, Ermənistan siyasətində həlledici amildir. Ona görə elə bir addım atacaqlarını gözləmirəm. Eyni zamanda, ciddi müqavimət olacağını da gözləmirəm...".

Ə.Oruclu
Ə.Oruclu

"Ermənistanda "vətən xaini" adlandırıla bilər"

O, hesab edir ki, iki ölkə arasında sonra sülh müqaviləsi imzalanmalıdır: "Amma burada sual bundan ibarətdir ki, Ermənistan ona gedəcəkmi? Düşünürəm ki, o məsələdə də Ermənistan konstruktiv mövqe tuta bilməyəcək. Çünki sülh müqaviləsi imzalamaq Ermənistan üçün ağır olacaq. Ermənistan müharibədə məğlub tərəfdir və təbii ki, irəli sürülən şərtləri də qəbul etməyə məcburdur".

Ə.Oruclunun fikrincə, digər tərəfdən, Ermənistanda o müqaviləyə imza atan hökuməti yaxşı heç nə gözləmir: "Paşinyan hökuməti, təbii ki, siyasətlə birdəfəlik vidalaşmalıdır və Ermənistanda "vətən xaini" adlandırıla bilər. Ona görə də sülh anlaşması prosesi xeyli uzanacaq. Yəni, onu tezliklə əldə olunacağını düşünmürəm. Əlbəttə ki, burada xarici və beynəlxalq amillərin rolu da ola bilər. Amma həlledici amil daxili siyasət olacaq".

Başqa bir politoloq Zərdüşt Əlizadə də bildirib ki, Ermənistan tərəfinin seçim variantı yoxdur:

"Ermənistan üçün artıq bir yol qalır"

"Belə şəraitdə Ermənistan üçün artıq bir yol qalır. Dağlıq Qarabağda erməni əhalisinin qalması üçün elə indi onlar özləri Minsk qrupunun prinsiplərini qəbul etdiklərini, barışığa hazır olduqlarını bəyan etməlidir. Bundan sonra atəşkəs bərqərar olacaq. Sonra Ermənistan ordusunun Dağlıq Qarabağdan tam çıxması üçün zaman cədvəli hazırlanacaq".

Z.Əlizadə
Z.Əlizadə

Z.Əlizadə daha sonra regiona neytral ölkələrdən silahsız müşahidəçilər gəlməsini istisna etmir: "Bu zaman azərbaycanlıların Qarabağa qayıtması prosesi başlayacaq və bir müddət sonra Azərbaycan hökuməti lazım bildiyi halda orada erməni icması formalaşacaq. Təbii ki, əlində silah Azərbaycana qarşı müharibə aparmış insanlar oradan birinci çıxıb gedəcəklər, çünki hərbi qiyam ittihamı ilə cinayət məsuliyyətin altına düşə bilərlər...".

Z.Əlizadə deyib ki, daha sonra orada mədəni muxtariyyət məsələsinə baxıla bilər. Amma politoloq əlavə edib ki, səsləndirdiyi variantla yanaşı, Ermənistan başqa yol ilə də gedə bilər:

"Ermənistan, həmişəki kimi, həqiqəti qəbul etməyə bilər"

"Ermənistan, həmişəki kimi, həqiqəti qəbul etməyə bilər. Məsələn, dünən Şuşa alınanda Ermənistanın müdafiə naziri bunu inkar etdi...".

Z.Əlizadənin deməsinə görə, sonra məğlub tərəf kimi onlarla heç kəs danışmayacaq.

Üçüncü variant...

Politoloq üçüncü variant kimi Ermənistan daxilində proseslərin dəyişməsini də qeyd edib: "Ermənistanda hansısa bir güclü hərəkət başlamalıdır və onun iştirakçıları bəyan etməlidir ki, xalq yanlış xülyalardan, yəni Böyük Ermənistan xülyasından vaz keçməlidir. Ondan sonra Ermənistan elan etməlidir ki, bütün qonşuları ilə, ilk növbədə Türkiyə və Azərbaycanla beynəlxalq hüquq normalar əsasında dinc bərabər hüquqlu əlaqələr qurmağa hazırdır. Bundan sonra sərhədlər açılacaq və tədricən, illər keçdikcə - necə ki İkinci Dünya müharibəsindən sonra Avropada biz bunu gördük, - proseslər normallaşacaq".

Şuşa şənlikləri - Bakıda vətəndaşlar küçələrə axışdı (2020)
Gözlə

No media source currently available

0:00 0:01:49 0:00

44 gündür...

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlər başlayıb. Azərbaycan açıqlayıb ki, bu 44 gündə 210 civarında kəndi, üç qəsəbəni (Hadrut, Mincivan, Ağbənd ), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Oktyabrın 1-də ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

Tərəflər cəbhədə döyüşlər başlayandan üç dəfə humanitar atəşkəslə bağlı razılığa gəldiklərini açıqlayıblar. Amma cəbhə bölgəsindən hələ də atəş səslərinin gəldiyi bildirilir. Ümumilikdə, atəşkəs razılaşmasına baxmayaraq, cəbhənin ən müxtəlif istiqamətlərində qarşılıqlı döyüşlərin davam etdiyi, hər iki tərəfdən itkilərin olduğu deyilib.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG