Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:39

Helikopterin vurulmasının pərdəarxasını necə bilməli


Mi-24
Mi-24

Noyabrın 9-da (2020) axşam Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusunun daşınan zenit-raket kompleksindən (DZRK) atəş açaraq Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiyaya məxsus Mi-24 hərbi helikopterini vurduğu bildirildi.

Hərbi avtomobil qatarını havadan müşayiət etmək tapşırığını yerinə yetirdiyi deyilən iki pilotun həlak olduğu, birinin isə yaralandığı açıqlandı.

Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) bəyan etdi ki, helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda dövlət sərhədinin tam yaxınlığında uçuş həyata keçirib: "Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib".

Rusiya sülhməramlıları getdikləri yerdən niyə çıxmırlar? Moldova və Gürcüstan təcrübəsi
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Bakının üzrxahlığı

Rəsmi Bakı Rusiya tərəfinə üzrxahlıq etdi və həlak olan pilotların ailələrinə başsağlığı verdi, araşdırma aparacağı və təqsirkarları cəzalandıracağını vəd etdi.

Ermənistan tərəfi də bəyanat yaydı. "Helikopter döyüşlərin getdiyi istiqamətdə deyildi, buna görə də təhlükə kimi görülə bilməzdi", - Ermənistan baş nazirinin baş müşaviri Vaqarşak Arutyunyan bildirmişdi. O, hadisəni "Ermənistan ərazisində təcavüz aktı" adlandırmışdı.

Cinayət işləri...

Ermənistan Baş Prokurorluğunun olayla bağlı cinayət işi açdığı bildirilir.

Azərbaycan Baş Prokurorluğu da vurulmuş helikopterlə bağlı noyabrın 9-da Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma – ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlayıb. Hələlik, Azərbaycanın hansısa hərbçilərinin saxlanılması, həbs edilməsi haqqında məlumat verilməyib, araşdırmanın nəticələri ictimaiyyətə indilikdə bəlli deyil.

Noyabrın 12-də isə Ermənistanın Gümri şəhərində yerləşən Rusiya hərbi bazasının hərbi müstəntiqləri də cinayət işi açıblar. Bəzi kütləvi informasiya vasitələrində (KİV) istintaqda "Uçuş və ya uçuşa hazırlıq qaydalarının pozulması" versiyasının gündəmə gəldiyi ilə bağlı iddialar da yer alır.

Mi-24 helikopterinin qalıqları
Mi-24 helikopterinin qalıqları

Hərbi ekspert Vüqar Abbasov baş verənləri belə təhlil edib: "Rusiya prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ətraflı araşdırma aparacaq və Rusiya helikopterinin məhv edilməsinə gətirib çıxaran hadisənin təqsirkarlarını cəzalandıracaq".

Ekspert ümid edir ki, Azərbaycan tərəfinə lazım gələrsə, Ermənistandakı Rusiya qoşunlarının aviasiya uçuşları rəhbərini də cəzalandırmağa imkan veriləcək:

"Rusiya komandirinin təqsirli olduğunu hesab edirəm"

"Hava Hücumundan Müdafiə (HHM) zenit-raket-qurğularında (ZRQ) döyüş növbəsinin keçmiş rəisi, yüzlərlə dəfə növbə çəkən bir şəxs kimi 50-yə 50 Rusiya komandirinin təqsirli olduğunu hesab edirəm".

O hesab edir ki, yarısı Ermənistan ərazisində olan iş materiallarının hamısı olmadan birtərəfli qaydada araşdırma aparıla bilməz: "Ermənistanda Rusiya Qoşunları Qrupunun, Naxçıvanda Azərbaycan Əlahiddə Ümumqoşun Ordusunun dispetçer xidmətlərinin məlumatları, uçuş tapşırıqları, hərbi helikopterin ekipajına verilən əmrlər, helikopterin mühafizə etdiyi hərbi qafilənin yürüşünün təşkili haqqında əmrlər və döyüş tapşırığı olmadan Azərbaycan müstəntiqləri birtərəfli qaydada araşdırma apara bilməz. Bununla yalnız səlahiyyətli hökumətlərarası istintaq komissiyası məşğul ola bilər".

"Bayden Rusiya sülhməramlılarına etiraz edə bilər" Keçmiş ABŞ diplomatı P.Qobl şərh edir.
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

Ekspert habelə ümid edir ki, Azərbaycan prezidenti bunu nəzərə alıb və vəziyyəti konstruktiv məcraya yönəldə biləcək: "Həqiqətən sərhəddə öz döyüş mövqeləri yaxınlığında zərbəçi hərbi helikopteri vuran Azərbaycan HHQ-nin təqsiri varsa, onda prezident müvafiq qərar qəbul edəcək. Yoxdursa, qəti şəkildə etiraz edəcək".

Ekspertin fikrincə, Azərbaycan əsgərinə hansı döyüş tapşırığı verildiyini bilmək lazımdır: "Bəlkə onlara Ermənistan təyyarələri Naxçıvanı bombalasa, ümumiyyətlə, cavab verməməyi tapşırıblar. Amma normal vəziyyətdə əsgər tamamilə haqlıdır. Hava hədəfi aşkar edirsə, mövcud rabitə xətləri ilə dərhal yuxarıya məruzə edir və əmr istəyir. Hava hücumu vasitəsi zərbəçi silahdan istifadə həddinə qədər yaxınlaşıbsa, DZRK-nın "öz-özgə" parol tələb edən ştatlı radioqurğusu "özgə" siqnalı verirsə, öz bölməsinin hava sərhədlərinin mühafizəsi növbəsinə başlarkən aldığı döyüş tapşırığına uyğun olaraq, icazəsiz atəş açmalıdır".

"Müharibənin dayandırılması üçün əvvəlcədən hazırlanan tədbirləri sürətləndirib"

İndi Azərbaycanda bəzi şərhçilər bu olayla noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı atəşkəs bəyanatı arasında hansısa bağlantı axtarırlar. Hətta bir sıra təhlilçilər bir qədər də qabağa gedərək iddia edir ki, əgər bu olay olmasaydı, bir qədər sonra Ermənistan kapitulyasiya planını imzalamaqdan belə qurtula bilməyəcəkdi.

R.Musabəyov
R.Musabəyov

Deputat Rasim Musabəyov isə kapitulyasiya planını pozmaq üçün vertolyot insidentinin səhnələşdirilməsi versiyası ilə razılaşmır. Amma o hesab edir ki, vertolyotla bağlı olay münaqişənin həlli və müharibənin dayandırılması üçün əvvəlcədən hazırlanan tədbirləri sürətləndirib: "Sülh bəyanatı hələ insidentdən əvvəl hazırlanıb. Ermənistan tərəfi tez bir zamanda cinayət işi qaldıraraq Azərbaycanı ittiham edib. Lakin Bakı üzr istəyib və həlak olmuş təyyarəçilərin ailələrinə zərərin əvəzini ödəməyə hazır olduğunu bildirib. Moskva üzrü qəbul edib, insident bitib".

Xatırlatma

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG