Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:46

Putinin müsahibəsinə Azərbaycanda fərqli yozumlar


V.Putin
V.Putin

Rusiya prezidenti Vladimir Putinin noyabrın 17-də "Rossiya 24" dövlət kanalına verdiyi müsahibə Azərbaycanda hələ də mübahisə mövzusudur. Xüsusilə, onun Dağlıq Qarabağın statusu ilə bağlı fikirləri ən çox üzərində dayanılan məqamlardandır.

"Bəli, belə bir problem mövcuddur”

Müsahibədə jurnalistin "Dağlıq Qarabağın statusu problemi varmı" sualına V.Putin belə cavab verib: "Bəli, belə bir problem mövcuddur. Qarabağın yekun statusu tənzimlənməyib. Biz razılığa gəlmişik ki, bugün üçün status-kvonu, mövcud vəziyyəti saxlayırıq. Sonrası nə olacaq – bunu gələcəkdə gələcək rəhbərlər, prosesin gələcək iştirakçıları həll edəcəklər. Zənnimcə, əgər Ermənistan və Azərbaycan arasında münasibətlərin bərpası, adamlar arasında, xüsusilə də münaqişə bölgəsində məişət səviyyəsində münasibətlərin qurulması üçün normal həyat şəraiti yaradılarsa, bu, Qarabağın statusunun müəyyənləşməsi üçün də şərait yaradar".

"Nə qədər ki, mən prezidentəm, olmayacaq"

İndi Azərbaycandakı bəzi təhlilçilərə görə, bu, prezident İlham Əliyevin statusla bağlı son açıqlamaları ilə ziddiyyət təşkil edir. Yeri gəlmişkən, Azərbaycan prezidenti üçtərəfli bəyanatla bağlı xalqa müraciətində statusla bağlı demişdi: "...Bu bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur, yoxdur! Bəs hanı Ermənistan tərəfinin tələbləri ki, Dağlıq Qarabağa müstəqillik verilməlidir? Mən onlara muxtariyyət təklif edəndə buna razı olmadılar, dedilər ki, yox, bu, müstəqil dövlətdir".

O, daha sonra da buları əlavə etmişdi: "...Nə oldu Paşinyan, yol çəkirdin Cəbrayıla. Rəqs edirdin, nə oldu bəs status?.. Yoxdur status və olmayacaq. Nə qədər ki, mən prezidentəm, olmayacaq".

R.Hacılı
R.Hacılı

"Rusiya artıq elə də güclü deyil..."

Media Hüququ İnstitutunun direktoru Rəşid Hacılı AzadlıqRadiosuna açıqlamasında elə də narahatlığa əsas görmür: "Rusiya artıq elə də güclü deyil, Putin isə yaşlanıb (67 yaş). İndi Azərbaycan Gürcüstanın 2008-ci ildə olduğu vəziyyətdə deyil. O zaman Putin onun torpaqlarını iki müstəqil dövlət adlandıranda 55 yaşı vardı. İndi Azərbaycanın yanında Türkiyə dayanır. ATƏT-in Fransa və ABŞ daxil olmaqla Minsk Qrupu var. Onlar Putindən Qarabağda gördüyü işlər barədə hesabat tələb edirlər".

Bu məsələdə Azərbaycan prezidentinin mövqeyinə gəldikdə isə, o əlavə edib: "Qarabağa yüksək muxtariyyət statusu təklif edilirdi, bir şərtlə ki, ATƏT-in Minsk qrupu bu əyalətdən Ermənistan qoşunlarını çıxarsın. 30 il ərzində bu, baş vermədi, deməli, qarabağlılara muxtariyyət olmayacaq", - R.Hacılı qeyd edib.

"Qarabağın statusu haqda danışıqların vaxtı deyil"

Milli Məclisin deputatı Arzu Nağıyev isə "Turan" agentliyi ilə söhbətində vurğulayıb ki, V.Putin Dağlıq Qarabağ üçün statusdan danışarkən təkid etməyib, bu mövzuya səthi toxunub:

A.Nağıyev
A.Nağıyev

"Eyni zamanda, prezident İlham Əliyev əminliklə bildirib ki, Qarabağ erməniləri status almayacaqlar. Bu bəyanatları qiymətləndirərkən prosesin gələcək inkişafından çıxış etmək lazımdır. Əgər Qarabağda Azərbaycan vətəndaşlarının pasportunu almış ermənilər yaşayacaqsa, o zaman Bakı onlarla hansısa status məsələsini müzakirə edə bilər. Hələlik isə bölgədə üç dövlətin (Azərbaycan, Ermənistan, Rusiya) silahlı qüvvələri var. Qarabağın statusu haqda danışıqların vaxtı deyil".

"Putin açıq dedi ki,..."

Amma Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli Rusiya prezidentinin müsahibəsini belə dəyərləndirib: "Vladimir Putin müsahibəsində 10 noyabr anlaşması ilə bağlı bir çox suallara cavab verdi. Putin açıq dedi ki, Qarabağdakı rejimin statusu qorunub saxlanır...".

Onun fikrincə, bu halda aydın olur ki, "status olmayacaq" söhbətinin əsası yoxdur.

XİN-dən açıqlama...

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti də Rusiya prezidenti Vladimir Putinin "Rossiya 24" dövlət kanalına müsahibəsinə münasibət bildirib.

"Rusiya Prezidentinin beynəlxalq hüquq nöqteyi-nəzərindən həm Dağlıq Qarabağın, həm də onun ətrafında olan bütün bölgələrin Azərbaycan ərazisinin ayrılmaz hissəsi olduğu barədə sözləri xüsusi əhəmiyyət kəsb edir", - həmin açıqlamada qeyd edilib.

V.Hacıbəyli
V.Hacıbəyli

Amma V.Hacıbəyli hesab edir ki, nazirliyin həmin bu açıqlamasında bəzi məqamların üstündən sükutla keçilir: "...Putin həmin müsahibəsində bir neçə dəfə təkrar etdi ki, Ermənistan Qarabağdakı rejimin müstəqilliyini tanımayıb və bu səbəbdən Rusiyanın ODKB ( KTMT-Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çərçivəsində üzərinə götürdüyü öhdəlikləri icra etməsi, yəni hərbi müdaxiləsi mümkün olmayıb. Lakin Rusiya Ermənistanın müttəfiqi olaraq müharibə vaxtı bu ölkəyə lazım olan bütün yardımları edib...".

V.Hacıbəylinin fikrincə, başqa sözlə, V.Putin bu açıqlaması ilə Ermənistanı Qarabağdakı separatçı rejimi tanımağa təhrik edir.

Xatırlatma

Noyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG