Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:41

Deputat: ‘Azərbaycan baş verənləri sənədləşdirib...’


Uzun müddət Ermənistan silahlı birləşmələrinin işğalında qalan Ağdam şəhəri, 19 noyabr 2020
Uzun müddət Ermənistan silahlı birləşmələrinin işğalında qalan Ağdam şəhəri, 19 noyabr 2020

İmzalanan üçtərəfli bəyanata əsasən Ağdam rayonu noyabrın 20-də Azərbaycana təhvil verildi. Noyabrın 15-də qaytarılmalı olan, amma boşaldılma prosesi daha 10 gün uzadılan Kəlbəcər rayonunda isə evlərin yandırıldığı, meşələrin qırıldığı deyilir.

Bəs yaranmış situasiyada baş verənlər necə önlənə bilər? Bu barədə Azərbaycanda nə düşünürlər?

“Təzminatın ödənilməsi çətin məsələdir”

İlham İsmayıl, Bakı, 17 avqust 2009
İlham İsmayıl, Bakı, 17 avqust 2009

Məsələ ilə bağlı AzadliqRadiosuna danışan təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, beynəlxalq hüquqda təzminat var. Hərçənd, o, Ermənistanın təzminat ödəyəcəyinə şübhəylə yanaşır:

“Təzminatın ödənilməsi çətin məsələdir. Ona görə də Azərbaycan diqqəti daha çox informasiya təbliğatına yönəltməlidir. Adi bir misal, Şuşada kilsəyə bomba düşəndə Ermənistan tərəfi bununla bağlı dünyada hay-küy saldı və Azərbaycana gələn alman və ingilis jurnalistləri dövlət başçısı İlham Əliyevlə müsahibədə 10 dəfə bu məsələyə qayıtdılar.”

İlham İsmayıl deyir ki, Rusiya sülhməramlıları Kəlbəcərdəki hərəkətlərə nəzarət edə bilmirlər:

“Yalnız xəbərdarlıq edirlər ki, çıxın və onların ermənilərin əraziləri tərk etməsinə müdaxilə etməməsi təəssüfləndiricidir. Amma Xankəndində ev qurmasına müdaxilə edirlər, Rusiya Fövqəladə Hallar Nazirliyi ora tikinti materialları göndərib”.

“Kəlbəcər və Ağdamda yanğınların törədilməsi, meşələrin qırılması ekoloji böhran yaradır”

Məlahət Həsənova
Məlahət Həsənova

Hakim Yeni Azərbaycan Partiyasını (YAP) Milli Məclisdə təmsil edənlərdən Məlahət Həsənova isə dövlət başçısı İlham Əliyevin noyabrın 20-də xalqa müraciətini xatırladaraq bildirir ki, xarici jurnalistlər azad olunan ərazilərdən çəkilişlər edirlər və bunlar bütün dünyaya yayılacaq:

“Biz BMT-nin ayrı-ayrı qurumları başda olmaqla beynəlxalq təşkilatları ölkəmizə dəvət edəcəyik və bu yöndə iş gedir. Xüsusilə Kəlbəcərdə və Ağdamda yanğınların törədilməsi, meşələrin qırılması ekoloji böhran yaradır. Bu məsələ dünyanın həmişə diqqətində olub, biz ermənilərin ekosistemə hansı zərəri vurduğunu sənədlərlə müvafiq beynəlxaq təşkilatlara çatdırmalıyıq. Sual yaranır, ərazini tərk edirsiniz, bəs niyə ağacları kəsir, meşələri və evləri yandırısınız, yaxud qəbiristanlıqların dağıdılması...”

Ağdam bu vəziyyətdə qaytarılır
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

“Bu, ikili standartlar deyilmi?”

O, təəssüflə qeyd edib ki, bütün bunlar dünyanın gözü önündə baş verir:

“Amma Azərbaycandan insan haqlarını, demokratiyanı tələb edən Avropa Şurası, Avropa Parlamenti susqundular. Qarşılığında biz nə görürük, Fransa və Niderland parlamentlərinin, Paris meriyasının Azərbayanın əleyhinə layihələrini və qərarlarını, bu, ikili standartlar deyilmi? Məgər, onlar ermənilərin Kəlbəcərdə törətdiyindən xəbərsizdirlər, inanmıram. Yaxud Cəbrayılın, Ağdamın, Füzulinin dağıdılmış mənzərəsini görmürlərmi? ”

“Azərbaycan baş verənləri sənədləşdirib...”

İşğaldan azad olunan Ağdam şəhərindən görüntü, 19 noyabr 2020
İşğaldan azad olunan Ağdam şəhərindən görüntü, 19 noyabr 2020

Məlahət Həsənova Respublika Prokurorluğunu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu yöndə sənədlər toplayaraq qəti addımlar atacağını bildirib. Onun vurğulamasına görə, Azərbaycan baş verənləri sənədləşdirib beynəlxalq hüquqi müstəvidə qaldıracaq və adekvat cəza tələb edəcək:

“ Əlbəttə, Azərbaycan bununla işini bitmiş saymamalıdır, fikir verin, həmin dağıntıları törədənlər adi insanlardır, demək istəyirəm ki, erməni xalqında azərbaycanlılara qarşı dəhşətli nifrət toxumu səpiblər. Bunun müqabilində prezident Qarabağ ermənilərinin Azərbaycan vətəndaşı olduğunu və qonşuluq münasibətlərinin inkişafına toxundu. Biz informasiya müharibəsində bu məqamı da qaldırmalıyıq”.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Bu il noyabrın 27-də isə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başladı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər (15 noyabr), Ağdam (20 noyabr) və Laçın (1 dekabr) rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Noyabrın 20-də Ağdam rayonuna Azərbaycan ordusu daxil olub, Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi müddəti isə 15 noyabrdan noyabrın 25-dək uzadılıb.

XS
SM
MD
LG