Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:41

Almatıda anti-Nazarbayev plakatı qaldırılıb


“Bir kişinin adı üçün 47.3 milyard tenge”plakatı
“Bir kişinin adı üçün 47.3 milyard tenge”plakatı

Qazaxıstanın ən böyük şəhəri Almatıda dekabrın 1-də keçirilən “Birinci Prezident” günündə keçmiş prezident Nursultan Nazarbayevin əleyhinə plakat qaldırılıb.

Qazaxıstana SSRİ çökəndən ötən ilin martınadək rəhbərlik etmiş Nazarbayev prezidentlikdən getsə də, qüdrətli Təhlükəsizlik Şurasının ömürlük sədri kimi çox sayda hakimiyyət orqanlarına nəzarəti özündə saxlayıb.

O habelə hakim Nur-Otan partiyasının lideridir və hüdudsuz hakimiyyətə malik Elbası titulunun sahibidir.

Qazaxıstanda ona həsr edilmiş “Birinci Prezident günü” 2011-ci ildən bəri hər il dekabrın 1-də qeyd olunur.

Dekabrın 1-də Almatının mərkəzində qaldırılan plakatda yazılmışdı: “Bir kişinin adı üçün 47.3 milyard tenge”.

Özünü Rux2k19 (qazaxca rux – ruh deməkdir) adlandıran qrup Instagram-da 10 metrlik plakatı məhz özünün qaldırdığını bildirir.

Instagram postunda deyilir ki, söhbət Astana şəhərinin adının dəyişdirilərək Nazarbayevin şərəfinə Nur-Sultan adlandırılmasına 47.3 milyard tenge (111 milyon dollar) xərclənməsindən gedir.

Qrup yazır ki, ölkədə Nazarbayevin şəxsiyyətinə pərəstişə son qoyulmalıdır.

Elbaşı titulu ləğv olunsun

Qrup habelə vurğulayır ki, Qazaxıstan Konstitusiyasına görə “ölkədə hakimiyyətin yeganə mənbəyi xalqdır” və “hər bir qazax vətəndaş ölkənin idarə olunmasında iştirak etməli”, seçim və söz azadlığına ehtiram göstərilməlidir:

"Biz bunu da bəyan edirik ki, bizim vətənimizdə qanun qarşısında hamı bərabərdir və Milli Lider – Elbası titulu ləğv olunmalıdır”.

Astana şəhərinin adının Nur-Sultan adı ilə əvəzlənməsinə dair qərar Nazarbayev prezidentlikdən istefa verdiyini bəyan edəndən bir gün sonra qəbul olunub.

Nazarbayevin opponentləri deyirlər ki, o vəzifəsindən getsə də, hazırkı prezident Qasım-Jomart Toqayevə tam nəzarət edir.

Müxalifət və insan haqları qrupları Nazarbayevi fərqli düşüncəyə dözümsüzlüyünə, vətəndaşları təməl insan haqlarından məhrum etməsinə görə pisləyirlər.

Qazaxıstan Sərhədsiz Müxbirlər təşkilatının 2020-ci il üçün Media Azadlığı İndeksində 180 ölkə arasında 157-ci yerdədir.

XS
SM
MD
LG