Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:31

Avropada yoluxmalar 25 milyonu keçdi


Avropada koronavirus pandemiyası başlanandan bəri azı 25 milyon yoluxma, 560 min ölüm qeydə alınıb.

Dünya əhalisinin 10 faizini təşkil etsə də, Avropa koronavirus epidemiyasının ən ağır zərbə vurduğu region olaraq qalır. Burada bütün dünya üzrə yoluxma və ölümlərin təxminən 30 faizi qeydə alınıb.

Yanvarın 5-də Britaniyanın baş naziri Boris Conson ölkənin sərt karantin qaydalarına qayıtdığını elan edib.

O deyib ki, COVID-19 virusunun ölkədə qeydə alınmış yeni ştammı qarşıdan gələn üç həftədə səhiyyə sistemində böhran yarada bilər.

Baş nazir qeyd edib ki, vaksinlərlə geniş peyvəndləmənin təşkilinədək virusun yeni ştammının nəzarətə alınması zəruridir.

Conson deyib ki, sərt karantin azı 6 həftə davam edəcək.

Almaniya ölüm sayında liderdir

Gündəlik ölüm hallarına görə Avropada lider olan Almaniyada ümumölkə karantini azı yanvarın sonunadək uzadılıb.

Burada orta hesabla hər həftə 600 nəfər koronavirusdan vəfat edir.

Kansler Angela Merkel xəbərdarlıq edib ki, ölkə xəstəxanaları, xüsusilə də reanimasiya şöbələri artıq tam doludur.

İtaliyada Milad həftəsi üçün elan edilmiş karantin yanvarın 15-dək uzadılıb.

Yunanıstanda yanvarın 3-dən 11-dək karantin elan olunub.

Hələlik bircə doza

Yoluxmaların sürətlə artdığı əsnada Avropa ölkələri əhalinin vaksinlənməsi prosesini intensivləşdiriblər.

Bir çox ölkələr Britaniyadan nümunə götürərək hələki, yalnız bir doza ilə kifayətlənməyi düşünürlər.

Əslində koronavirusa qarşı peyvənd aralarındakı fasilə bir neçə həftə olmaqla iki doza ilə həyata keçirilməlidir.

Şərqi Avropa qitənin ən böhranlı hissəsi olaraq qalır. Burada yoluxma və ölüm halları regional göstəricinin 30 faizini təşkil edir.

Avropada ilk dəfə olaraq 3 milyon yoluxmanın qeydə alındığı Rusiya yoluxmalara görə yalnız Hindistan və Braziliyadan geri qalır.

XS
SM
MD
LG