Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:35

Əli Kərimlini vergidən yayınma ilə bağlı araşdırırlar


Ə.Kərimli
Ə.Kərimli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli haqqında külli miqdarda vergidən yayınma ittihamıyla araşdırma aparılır. Bu barədə AzadlıqRadiosuna hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

"İcraat təzələnib"

Mənbənin bildirdiyinə görə, Gədəbəyin AXCP-yə maliyyə yardımında suçlanaraq həbs olunan keçmiş icra başçısı Saleh Rüstəmov, qardaşı oğlu Vidadi Rüstəmli və üç nəfər cəbhəçinin işi 2018-ci ilin dekabrında məhkəməyə göndəriləndə ondan başqa bir cinayət işi ayrılıb. Həmin cinayət işi üzrə AXCP sədri və partiyanın bir sıra funksionerləri ilə bağlı istintaq hərəkətləri aparılır.

"2019-cu ilin aprelində həmin cinayət işi üzrə icraat dayandırılmışdı. Sonradan həmin ilin dekabrında icraat təzələnib, AXCP-nin bir sıra funksionerləri ilə bağlı araşdırmalar aparılıb, bunun üçün məhkəmə qərarları alınıb", – mənbə bildirib.

Ə.Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədovla bağlı cinayət işinin də bu işə birləşdirildiyi bildirilir.

Cinayət Məcəlləsinin 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə suçlanan N.Əhmədova Almaniyada yaşayan Qabil Məmmədovla əlbirlik ittihamı irəli sürülüb. İddia olunur ki, sosial şəbəkələrdə Azərbaycan iqtidarının ünvanına tənqid və təhqirlər səsləndirən Q.Məmmədov Azərbaycanda terror aktları törətməyi planlaşdırıb, bu məqsədlə N.Əhmədova maliyyə göndərib.

"Vergidən yayınma yalnız Əli Kərimliyə aid hissədədir"

2020-ci ilin aprelində tutularaq karantin rejimi qaydalarını pozma ittihamıyla 30 gün inzibati həbs cəzası almış N.Əhmədov haqqında sonradan cinayət işi başlanıb. Ona qarşı CM-in 214-1-ci maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib: "Niyaməddin Əhmədovla bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində başlanıb. Amma digər cinayət işi ilə birləşdirildiyinə görə ümumi araşdırma aparılır. Araşdırmalar həm də Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində gedir".

Mənbə əlavə edib ki, Ə.Kərimli və digərlərinin sözügedən cinayət işi ilə bağlı çirkli pulların yuyulması, qanunsuz sahibkarlıq ittihamları üzrə də araşdırma aparılır: "Amma vergidən yayınma məsələsi yalnız Əli Kərimliyə aid hissədədir".

AXCP-nin mətbuat xidmətindən AzadlıqRadiosunun məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, istər cinayət işlərinin birləşdirilməsi, istərsə də Ə.Kərimli haqqında vergidən yayınma ilə bağlı araşdırmaların aparılması absurddur: "Görünür, Qabil Məmmədovun partiya ilə əlaqələndirilməsi cəhdlərinin davamıdır. Ümumiyyətlə, bütün bunların hamısı son dərəcə absurddur. Hökumət göstərmək istəyir ki, siyasi qisasçılığı davam etdirir. Adamın telefonu işləmir, nə biznesi olacaq ki, külli miqdarda vergidən də yayınsın...".

Xatırlatma

1992-93-cü illərdə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmov, qardaşı oğlu Vidadi Rüstəmli və üç nəfər AXCP funksioneri də qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması kimi əməllərdə suçlanırdı. İddia olunurdu ki, S.Rüstəmli AXCP-yə 412 min dollar pul göndərib.

S.Rüstəmov isə ittihamları rədd edib. O bildirib ki, həm özü, həm də Rusiyada yaşayan bir neçə başqa azərbaycanlı AXCP-dən və digər təşkilatlardan olan siyasi məhbus ailələrinə imkanları daxilində maliyyə yardımı göstəriblər. Həmin vəsaitləri də Rusiyada ticarətdən əldə ediblər. Onun sözlərinə görə, bir neçə il ərzində göndərdikləri yardımın məbləği 10-11 min dollar olardı.

2018-ci ilin mayından həbsdə olan S.Rüstəmov 7 il 3 ay azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG