Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:41

Övladları Qarabağda olan erməni əsgərlərin valideynləri etiraz edirlər


Dağlıq Qarabağda 44 günlük müharibədə iştirak etmiş çox sayda Ermənistan hərbi qulluqçusunun valideynləri yanvarın 14-dəYerevanda hökumət evinin qarşısına toplaşaraq baş nazir Nikol Paşinyanla görüş tələb ediblər.

AzadlıqRadiosunun Erməni xidməti yazır ki, onlar baş nazirdən Qarabağda müddətli hərbi xidmətdə olan övladlarının vaxtından əvvəl tərxis olunmasını tələb edirlər.

İki saat davam edən aksiyadan sonra valideynləri baş nazirin köməkçiləri Nairi Sarkisyan və Sureq Qambaryan qəbul ediblər.

Onlar aksiyaçılara deyiblər ki, baş nazir onları yanvarın 16-da qəbul edəcək.

Uşaqları Dağlıq Qarabağda hərbi xidmət keçən əsgərlərin valideynləri bildirilər ki, onların müharibədə iştirak etmiş övladlarının ciddi sağlamlıq problemləri var və onlar xidmətlərini davam etdirə bilməzlər.

Psixikası pozulmuş, qorxu keçirən əsgərlər...

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Artur Badalyanın oğlu döyüş əməliyyatlarından sonra qısa müddətə məzuniyyətə gəlib, amma Ermənistandakı evlərinə qayıtmayan hərbi qulluqçular da var.

Badalyan Azatutyuna deyib:

“Biz bura gəlmişik ki, görək baş nazir bizə nə cavab verəcək. Qoy bizim 18-20 yaşlı uşaqlarımızı saxlamasın ki, orada pulsuz döyüşsünlər. Qoy onlara pul ödənsin ki, postları qorusunlar”.

Başqa bir valideynin sözlərinə görə isə onun oğlu bir ildən artıqdır ki, qulluq edir:

Bu uşaqları sərhədə ona görə aparırlar ki, onları öldürsünlər?”

Valideynlər deyirlər ki, müharibədən sonra onların övladlarında sağlamlıqları ilə bağlı problemlər yaranıb. Buna baxmayaraq onlar Dağlıq Qarabağda saxlayırlar:

“Psixi baxımdan qeyri-sabit, qorxulardan əzab çəkən 18 yaşlı yeniyetmə sərhədi qoruya bilərmi?Siz onların qoruduğu sərhədi necə təsəvvür edirsiniz? Mən son dəfə oğlumu andiçmə mərasimində görmüşəm. Bundan sonra da müharibə başlanıb...”

XS
SM
MD
LG