Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:46

Moskva Navalnının qayıdışı xəbərindən narahatlıq keçirir


Aleksey Navalnı
Aleksey Navalnı

Moskva prokurorluğu Vnukovo hava limanında yanvarın 17-ə planlaşdırılan tədbirlərin qanunsuz olduğunu bildirib.

AzadlıqRadiosunun Rus xidmətinin verdiyi məlumata görə həmin gün bu aeroporta Aleksey Navalnını xaricdən gətirən təyyarə enməlidir.

Bu da qeyd olunur ki, Almaniyada müalicədən sonra qayıdan Navalnını hava limanında onun həm tərəfdarları, həm də əleyhdarları qarşılamaq istəyirlər.

Prokurorluğun bəyanatında deyilir ki, internetdə yanvarın 17-də Vnukovo hava limanında “kütləvi ictimai tədbirin” keçirilməsinə çağırışlar edilir.

Prokurorluğun “tədbir” deyərkıən nəyi nəzərdə tutduğu açıqlanmır.

Yanvarın 15-ə olan məlumata görə Navalnını qarşılamaq niyyətində olduğunu müxalifətçinin 2 mindən çox tərəfdarı bildirib.

“Zelyonka”

Amma Navalnını həm də onun əleyhdarları qarşılamaq niyyətindədirlər. Bu, ilk növbədə özünü “Rusiyanın daimi səfərərləri” və “Həqiqət naminə” partiyasının “ön dəstəsi” adlandıran “Zaxar Prilepin qvardiyası” təşkilatının üzvləridir.

Xəbər verilir ki, bu partiya Rusiya Antikorrupsiya Fondunun rəhbəri Aleksey Navalnıya “konstitusiya quruluşunun sarsıdılmasının yolverilməzliyi” barədə yazılı xəbərdarlıq təqdim etməlidir.

Hava limanına habelə kremlyönlü SERB hərəkatının tərəfdarları toplaşmalıdırlar.

Bu hərəkatın iki üzvü 2017-ci ildə Navalnının üzünə “zelyonka” məhlulu atmışdı.

O vaxt müxalifətçi görmə qabiliyyətini itirə bilərdi.

Bu təşkilatın lideri Qoşa Taraseviç (İqor Beketov) mediaya bildirib ki, onlar Navalnını zelyonka məhlulu və tortla qarşılayacaqlar.

Siyasətçinin özü deyib ki, naməlum şəxslər onun gəlişi barədə məlumatları Twitter-də paylaşıblar.

Moskva prokurorluğu bildirir ki, hava limanında keçiriləcək tədbirə çağırış edən 15 nəfərə xəbərdarlıq edilib.

Xəbərdarlığın kimlərə edildiyi bildirilmir.

Prokurorluğun məlumatında xatırladılır ki, icazəsiz kütləvi tədbirlərdə iştirak Rusiya qanunvericiliyə görə qanunsuz əməl sayılır.

Vnukovo hava limanının müdiriyyəti aeroportda kütləvi tədbirlərin keçirilməsinin mümkün olmadığını bildirib.

Hava limanının rəhbərliyi AzadlıqRadiosuna bildirib ki, koronavirus pandemiyası ilə bağlı Vnukovo aeroportunda kütləvi tədbirlərin keçirilməsinə icazə verilmir.

“Mənim üçün qayıtmaq və ya qayıtmamaq seçimi heç vaxt olmayıb”

Yanvarın 13-də Navalnı ayın 17-də Almaniyanın Brandenburq şəhərindən uçan təyyarə ilə Rusiyaya qayıdacağını elan etmişdi.

O demişdi ki, mənim üçün “qayıtmaq və ya qayıtmamaq” seçimi heç vaxt olmayıb:

“Mən Almaniyaya reanimasiya boksunda bir səbəbə görə gətirilmişəm: Məni öldürməyə cəhd göstəriblər”.

Müxalifətçi Berlinə ötən ilin avqustunda Omskda zəhərləndikdən sonra gətirilib.

Bir neçə müstəqil laboratoriya Navalnının Noviçok adlı sovet kimyəvi maddəsi ilə zəhərləndiyini aşkar edib.

Hava limanında həbs oluna bilər

Moskvada ona qarşı iki inayət işi qaldırılıb. Bundan başqa onun həbsini Rusiya Cəzaların İcrasi Xidməti tələb edir.

Qurum bildirir ki, Aleksey Navalnı Almaniyada olduğuna görə 2014-cü ildə məhkum edildiyi şərti cəzanın şərtlərini pozub.

Təşkilat habelə icbari cəzanın həbsxana cəzası ilə əvəz olunması üçün məhkəməyə müraciət edib.

Yanvarın 13-də Navalnının federal axtarışa verildiyi məlum olub. Bu isə o deməkdir ki, Aleksey Navalnı hava limanında həbs oluna bilər.

XS
SM
MD
LG