Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:29

Dünyada vaksinasiya genişlənir


Hindistanda ilk dozalar vurulur
Hindistanda ilk dozalar vurulur

Fransada yaşı 75-dən yuxarı olanlara peyvənd vurulmasına başlanır, bu arada ölkədə prosesin ləng getməsilə bağlı tənqidlər səslənir

Dünyada koronavirus pandemiyasının zərbə vurduğu bir çox ölkələr vaksinasiya kampaniyalarını genişlənir. Braziliyada, Hindistanda ilk peyvəndlər vurulub, Rusiya proqramı sürətləndirir.

Avropa hökumətləri təchizatdakı çatışmazlıqla bağlı narahatlığı səngitməyə çalışırlar. Birləşmiş Ştatlarda isə aparıcı infeksionist deyib ki, bir neçə həftəyə yeni vaksinlər təsdiqlənəcək.

Yanvarın 17-də Sao Pauloda reanimasiyada çalışan 54 yaşlı tibb bacısına Çinin “CoronaVac” vaksini vurulub. Oksford Universiteti ilə AstraZeneca şirkətinin hazırladığı vaksinə də bu ölkədə yaşıl işıq yandırılıb.

Hindistan, Rusiya

1.4 milyard əhalisi olan Hindistanda da bazar günü peyvəndləmə başlanıb. Səhiyyə Nazirliyi 224 mindən çox şəxsə birinci dozanın vurulduğunu açıqlayıb.

Rusiyada isə yanvarın 18-dən kütləvi immunlaşdırma başlanır. Prezident Vladimir Putin ötən həftə rəsmilərə peyvəndləməni rusiyalıların hamısı üçün açıq etmək göstərişi verib.

Rusiyalılar ölkədə hazırlanmış iki vaksin – Sputnik V, yaxud EpiVacCorona arasında seçim edə bilərlər.

Yanvarın sonunadək 2.1 milyon vaksinin paylanacağı gözlənir.

Fransada yaşı 75-dən yuxarı olanlara peyvənd vurulmasına başlanır, bu arada ölkədə prosesin ləng getməsilə bağlı tənqidlər səslənir. İspaniyada isə əsasən qocalar evləri sakinləri və işçilərinə ikinci dozanın vurulması davam edir.

Avropa Birliyində Pfizer-BioNTech vaksininin çatdırılmasında yubanmanın peyvəndləməni daha da səngidəcəyi sarıdan narahatlıq var. Bəzi ölkələrdə prosesin Birləşmiş Ştatlar, yaxud Britaniya ilə müqayisədə ləng getməsi tənqid olunur.

Dünyada təsdiqlənmiş yoluxmalar 95 milyonu, ölü sayı isə 2 milyonu keçib.

ABŞ və digər ölkələr

Birləşmiş Ştatlarda indiyədək 24 milyonadək yoluxma, 400 minə yaxın ölüm təsdiqlənib. Braziliya isə COVID-19 statistikasına görə ikinci yerdədir, 8.4 milyon yoluxma, 210 minə yaxın ölüm aşkarlanıb. Hindistan 10.5 milyon yoluxma və 152 mindən artıq ölümlə üçüncü yerdədir.

Yanvarın 20-də prezident andı içəcək Co Bayden vəzifəsinin ilk 100 günündə 100 milyon vaksin dozasının vurulmasını qarşısına məqsəd qoyub.

Yoluxucu xəstəliklər üzrə əsas ekspert, Baydenin COVID-19 üzrə baş müşaviri olacaq Entoni Fauçi bu hədəfə çatmağın mümkün olduğunu deyib.

“Bu məqsədin mümkünlüyü tamamilə aydındır, buna şübhə ola bilməz”, – Fauçi NBC-yə bildirib.

Onun sözlərinə görə, Johnson & Johnson və AstraZeneca-nın peyvəndlərinin də tezliklə təsdiqlənəcəyini gözləyir.

Yanvarın 18-dən Azərbaycanda da vaksinasiyanın başlanacağı gözlənir.

Qadağalar qüvvədə qalır

İndiliksə bir çox ölkələrdə karantin, komendant saatları, fiziki məsafə qaydaları qüvvədə qalır.

Avstriyada üçüncü karantin daha iki həftəliyə – fevralın 8-cən uzadılıb. Ölkədə yeni ştammın yayılmasıyla bağlı narahatlıq var.

Yanvarın 18-dən İsveçrə və İtaliya da qadağaları sərtləşdirir. Britaniyaya gedənlər karantinə alınır və mənfi test nəticələri tələb olunur.

Oman quru sərhədlərini iki həftəliyə bağlayır. Avstraliya isə yanvarın 18-də bəyan edib ki, beynəlxalq sərhədlər bu il boyunca ziyarətçilərin üzünə qapalı qala bilər.

XS
SM
MD
LG