Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:45

Azərbaycanla Türkmənistan 'Dostluq' edəcək


Q.Berdiməhəmmədov və İ.Əliyev
Q.Berdiməhəmmədov və İ.Əliyev

Prezidentlərin dedikləri...

"2020-ci ilin mart ayında mənim Bakıya rəsmi səfərim zamanı Sizinlə birlikdə Xəzər dənizində energetika sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını ətraflı müzakirə və təhlil etdik. Nəticədə Xəzərdə iri karbohidrogen resursları yataqlarından birində birgə iş barədə razılaşma əldə edildi... Buna görə də həmin yatağı "Dostluq" adlandırmaq barədə bizim ümumi qərarımız dərin rəmzi məna daşıyır".

AZƏRTAC-ın məlumatına görə, bunu videokonfransda Türkmənistan Prezident Qurbanqulu Berdiməhəmmədov deyib.

Q.Berdiməhəmmədovun vurğulamasına görə, birlikdə böyük, mühüm və çox perspektivli bir layihəyə başlanılır: "Əminəm ki, "Dostluq" yatağında Türkmənistanın və Azərbaycanın birgə işi uğurlu və səmərəli olacaq".

Azərbaycan Prezidenti İ.Əliyev də deyib ki, Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır: "... Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir. Əminəm ki, Xəzər ölkələrimiz arasında təbii sərhəd olduğuna baxmayaraq, bundan sonra da ölkələrimizi və xalqlarımızı birləşdirəcək".

Anlaşma Memorandumu imzalandı

Bu gün, yanvarın 21-də Aşqabad şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu" imzalanıb.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Məlumata görə, sənədi Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov və Türkmənistanın Xarici İşlər naziri Rəşid Meredov imzalayıblar.

İ.Şaban
İ.Şaban

""Dostluq" adında yataq yoxdur"

"Azərbaycanda müstəqillik illərində ancaq "Qarabağ" neft yatağı kəşf edilib".

Bunu AzadlıqRadiosuna Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

İ.Şaban qeyd edib ki, Azərbaycanda "Dostluq" adında karbohidrogen yatağı yoxdur: "Araşdırma apardım, Türkmənistan ərazisində də bu adda yataq mövcud deyil. Mənim gümanıma görə, hər iki ölkə razılığa gəlib ki, Azərbaycan tərəfdə "Kəpəz", Türkmənistan tərəfdə "Sərdar" adlanan mübahisəli yatağı "Dostluq" adlandırsınlar. Həmin yatağın yarıbayarı işlənmə məsələsini gündəmə gətirsinlər".

İ.Şaban deyir ki, həmin yatağı 1989-cu ildə Azərbaycan neftçiləri açıb. Onun sözlərinə görə, Azərbaycanın dəfələrlə təkliflərinə baxmayaraq, 30 ildir ki, Türkmənistan tərəfi ""Sərdar" bölünməz" arqumenti ilə yatağın işlənməsinə imkan verməyib.

Ekspertin fikrincə, Türkmənistan tərəfi indi buna razıdırsa, bu, aşağıdakı səbəblə bağlı ola bilər: "Əgər dünyanın inkişaf etmiş ölkələri 2050-ci ilə tamamilə "dekarbonizasiya" ilə gedirsə, ənənəvi neft-qazdan imtina etmək qərarı verirlərsə, deməli, bu yataq istifadə olunmadan da ömrünü başa vura bilərdi. Odur ki, tərəflər indiki halda bu yatağın ehtiyatlarından gəlir əldə etmək istəyirlər".

İ.Şaban vurğulayıb ki, həmin yataqdan başqa, Xəzərdə Azərbaycanla Türkmənistan arasında mübahisəli yataq yoxdur.

Sözügedən yatağın, hələlik, dəqiq ehtiyatları açıqlanmır.

Görüş. 21 yanvar 2021
Görüş. 21 yanvar 2021

Videokonfrans formatında görüş

Yanvarın 21-də Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında görüş keçirilib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu videokonfrans Azərbaycan hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı gerçəkləşib.

Bu gün, yanvarın 21-də Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov da Türkmənistana səfər edib.

Azərbaycanla Türkmənistan arasında Xəzərdəki "Kəpəz" (Türkmənistan "Sərdar" adlandırır) yatağı ilə bağlı onilliklərdir davam edən mübahisələr var. Həmin yatağa hər iki ölkə iddia edir.

XS
SM
MD
LG