Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:46

Bayden koronavirusa qarşı milli strategiyanı işə salır


Çikaqoda aeroport
Çikaqoda aeroport

AB liderləri avropalıları vacib olmayan səyahətə çıxmamağa çağırır, daha sərt qadağaların tətbiq oluna biləcəyini deyir

ABŞ Prezidenti Co Bayden yanvarın 21-də ilk tam iş günündə koronavirus pandemiyasına qarşı milli strategiyasını işə salıb, bir neçə fərman imzalayıb. AB liderləri isə virusun mutasiyaları ilə mübarizə yollarını müzakirə ediblər.

Baydenin imzaladığı sənədlərdə vaksinasiyası proqramını sürətləndirmək, testlərin keçirilməsini və maska taxmağı genişləndirmək, siyasətin formalaşdırılmasından ötrü data yığımı və təhlilini gücləndirmək nəzərdə tutulur.

Birləşmiş Ştatlara yola düşənlərdən mənfi COVID-19 testi tələb olunacaq və çatan kimi karantinə götürüləcəklər.

Müharibə dövrünün səlahiyyəti

Bayden həmçinin dövlət qurumlarına Müdafiə İstehsalı Aktından istifadə göstərişi verir. Müharibə dövrünə xas bu səlahiyyət hökumətə icazə verir ki, fövqəladə vəziyyət yarananda sənayeni gərəkən malların istehsalına yönəltsin.

“Bu, müharibə dövrünün səlahiyyətidir. Planımız aqressiv, təhlükəsiz və effektiv vaksinasiya kampaniyasını gücləndirmək, vəzifəmizin ilk 100 günündə 100 milyon dozanın vurulmasını həyata keçirməkdir”, – Bayden deyib.”

Bayden sələfi Donald Trampın pandemiyaya yanaşmasından fərqli olaraq koronavirus böhranını özünün prioritetinə çevirib. O, federal hökumətin iştirakıyla milli strategiyanı tətbiq etməyi planlaşdırır, nəinki çox işi ştatlara yükləməyi.

Bayden deyib ki, vəziyyət yaxşılaşmağa doğru getməzdən öncə daha da pisləşəcək. Onun sözlərinə görə, gələn ay ölkədə koronavirusdan ölüm 500 minə çata bilər. Bu həftə bu göstərici 400 mini keçib.

ABŞ hökumətinin indiyədək 38 milyon doza vaksin paylamasına baxmayaraq, 330 milyonluq əhalidən yalnız 17.5 milyonuna peyvənd vurulub. Bəzi ştatlarda isə vaksin ehtiyatı tükənir.

Yeni ştamm sürətlə yayılır

Yanvarın 21-də Avropa Birliyi liderləri video sammitdə koronavirusun yeni variantlarının yaratdığı təhdidi müzakirə ediblər.

Portuqaliyanın baş naziri deyib ki, COVID-19-a yeni yoluxmaların 20 faizə yaxını Britaniyada aşkarlanmış ştammla bağlıdır. Gələn həftə bu göstərici 60 faizə yüksələ bilər.

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen görüşdən sonra bildirib ki, Avropada vəziyyət “çox ciddidir”, yeni ştammlar onsuz da yüksək yoluxma sayını artıra bilər.

AB liderləri avropalıları vacib olmayan səyahətə çıxmamağa çağırır, daha sərt qadağaların tətbiq oluna biləcəyini deyir.

O eyni zamanda blokun sərhədləri açıq saxlamasının, vahid bazarın işləməsinin vacibliyini qeyd edib. Çünki işçilərin və yükün sərhədləri keçə bilməsi təmin olunmalıdır.

Avropa Birliyi “vahid epidemioloji zona”dır, o deyib.

Avropa Birliyi ərazisində vaksinasiyanın ləng getdiyi bildirilir, BioNTech/Pfizer vaksinlərinin çatdırılmasında və təchizatında problemlər yaşanır.

XS
SM
MD
LG