Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 04:24

ABŞ-da Braziliya ştammı aşkarlanıb


Serbiyada peyvənd vurdurmaq üçün növbə yaranıb
Serbiyada peyvənd vurdurmaq üçün növbə yaranıb

Bu hal “pandemiya dövründə səyahəti mümkün qədər məhdudlaşdırmağın niyə vacib olduğunu göstərir”, – ştatın epidemioloqu Ras Linfeld deyib

Bu yaxınlarda yeni koronavirusun Braziliyada aşkarlanmış ştammı Birləşmiş Ştatlarda da qeydə alınıb. Artıq yoluxucu variantların daha ölümcül, vaksinlərə qismən davamlı olması narahatlığı artırır.

Minnesota ştatının səhiyyə orqanlarının yanvarın 25-də bildirməsinə görə, bu yaxınlarda Braziliyada olmuş bir nəfərdə yeni ştamm aşkarlanıb.

Bu hal “pandemiya dövründə səyahəti mümkün qədər məhdudlaşdırmağın niyə vacib olduğunu göstərir”, – ştatın epidemioloqu Ras Linfeld deyib.

Prezident Co Bayden yanvarın 25-də Britaniya, Braziliya, İrlandiya və Avropanın əksər hissəsində olmuş qeyri-ABŞ vətəndaşlarına səyahət qadağası tətbiq edib. Baydenin səyahət qadağası bu yaxınlarda Cənubi Afrikada olanları da əhatələyir. Həmin ölkədə başqa bir ştamm tapılıb.

Vaksinlər eyni effekti göstərəcəkmi

Cənubi Afrikada aşkarlanmış variant xüsusi narahatlıq yaradır, çünki anticismlər vasitəsilə aparılan araşdırmalar bu ştammın mövcud vaksinlərin effektini azalda biləcəyini göstərir.

Britaniya alimləri isə deyirlər ki, ölkədə yoluxmaların kəskin artırmış variant təkcə daha sürətlə yayılmır, həm də orijinalından daha çox ölümlə nəticələnir.

ABŞ-ın baş infeksionisti Entonu Fauçi yanvarın 25-də Cənubi Afrika ştammı haqda son günlər danışılanları təsdiqləyib, bu variantın “Britaniyadakından fərqli, daha təhlükəli” olduğunu söyləyib.

“Moderna” şirkətinin yanvarın 25-də bildirməsinə görə, onun vaksini Britaniya və Cənubi Afrikadakı variantlara qarşı immun reaksiyası yaradır. Ancaq ilkin laboratoriya testləri bu vaksinin Cənubi Afrika ştammıyla bağlı daha zəif immunitet yaratdığını üzə çıxarıb. “Moderna” artıq yeni ştamma görə buster vaksin hazırlamağa başladığını bildirib.

“Pfizer” və “BioNTech” də vaksinlərinin Britaniyadakı ştamma qarşı effektli olduğunu deyirdilər. Ancaq başqa bir tədqiqat Cənubi Afrikadakı variantla bağlı suallar yaradıb.

Britaniya, Çin, Niderland

Britaniyanın Baş naziri Boris Conson yanvarın 25-də bəyan edib ki, koronavirusun yeni variantlarının riskindən dolayı sərhəddə karantin qaydalarını sərtləşdirməyi nəzərdən keçirir.

Bu arada dünyada koronavirusa təsdiqlənmiş yoluxmalar 100 milyona yaxınlaşır.

Meksikada yanvarın 25-də ümumi ölüm 150 mini keçib və bu göstərici üzrə dünyada dördüncü yerdədir.

Çin bu gün COVID-19-a yoluxmalarda azalma qeydə alındığını bildirib. Bir gün öncə 124, yanvarın 26-da isə 82 yoluxma təsdiqlənib. Ötən martdan bəri ölkədə yoluxmalar qəfil artınca hakim orqanlar təcili əks tədbirlər görüb, evdə qalmaq göstərişi verilib, səyahət məhdudlaşdırılıb, kütləvi testlər aparılıb.

Niderlandda məhdudiyyətlərə üçüncü gecədir etirazlar keçirilir. Yanvarın 25-də axşam yüzlərlə gənc küçələrə çıxaraq komendant saatına, digər sərt məhdudiyyətlərə etiraz ediblər.

Adamlar küçələrdi talan ediblər, yanğınlar törədib, polisi daşlayıblar. Amsterdam və Rotterdam daxil olmaqla 10-dək şəhərdə 151-dən çox etirazçı saxlanıb.

XS
SM
MD
LG