Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:31

Ağdamda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi açılıb -Yenilənib


Türkiyə- Rusiya birgə monitorinq mərkəzi, Ağdam, 30 yanvar 2021
Türkiyə- Rusiya birgə monitorinq mərkəzi, Ağdam, 30 yanvar 2021

Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yanvarın 30-da açılış mərasimi keçirilib.
AZƏRTAC-ın xəbərinə görə, mərkəzin əsas məqsədi Azərbaycan, Rusiya, Ermənistan rəhbərliyinin imzaladığı üçtərəfli bəyanatın bəndlərinin və əldə olunmuş razılaşmaların yerinə yetirilməsinə nəzarət etməkdir.
Açılış mərasimində Azərbaycanın müdafiə naziri Zakir Həsənov, Türkiyə müdafiə nazirinin müavini Yunus Əmrə Qaraosmanoğlu və Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin iştirak edirlər.
2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri bu mərkəzin yaradılması barədə memorandum imzalamışdılar.
Mərkəz haqqında məlumat
Xəbərə görə, Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Orada hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var.
Ərazidə su stansiyası, transformator, generator, avtomobil dayanacağı, açıq havada iki idman şəhərciyi, eləcə də iki örtülü idman zalı, ərzaq və soyuducu anbarlar yerləşir.
Bütün əraziyə perimetr boyu hasar çəkilib, 4 ədəd müşahidə nəzarət qülləsi quraşdırılıb, sutkalıq mühafizə təşkil olunub.
Mərkəzin mühafizəsini Azərbaycan Ordusunun hərbi qulluqçuları həyata keçirirlər.
Monitorinq mərkəzinin türkiyəli şəxsi heyətinə general-mayor Abdullah Katırcı, rusiyalı şəxsi heyətinə isə general-mayor Viktor Fedorenko rəhbərlik edir.

***

Azərbaycan Prezidenti Rusiya Prezidentinə də zəng vurub

İ. Əliyev və V.Putin, Moskva, 11 yanvar 2021
İ. Əliyev və V.Putin, Moskva, 11 yanvar 2021

Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə də telefonla zəng edib.
Bu barədə də Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, O, Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar həmkarını təbrik edib:
“Dövlət başçıları bu Mərkəzin fəaliyyətinin bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunması işinə xidmət edəcəyini vurğulayıblar.”
Açıqlamaya görə, söhbət zamanı strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya dostluq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, əlaqələrin bundan sonra da möhkəmlənəcəyinə əminlik bildirilib.

***

Birgə brifinqdə Mərkəzdə görüləcək işlərdən danışılıb

AZƏRTAC- ın məlumatına görə, Mərkəzdə yaradılan şəraitlə tanışlıqdan sonra tərəflərin iştirakı ilə brifinq keçirilib.
Azərbaycan Müdafiə naziri Zakir Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən vətən müharibəsi Azərbaycanın tam qələbəsi və ərazi bütövlüyünün bərpası ilə başa çatıb.
“2020-ci il noyabrın 11-də Rusiya və Türkiyənin müdafiə nazirləri arasında imzalanan atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin yaradılması barədə memorandum xüsusi əhəmiyyət kəsb edir. Mərkəzin fəaliyyəti regionda uzunmüddətli sülhün və təhlükəsizliyin bərqərar olmasına öz töhfəsini verəcək. ”, - deyə Azərbaycanın müdafiə naziri vurğulayıb.
Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin açılmasını sülhməramlı fəaliyyətdə mahiyyətcə yeni mərhələ adlandıran Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin isə Türkiyə ilə qarşılıqlı fəaliyyət sahəsində böyük müsbət təcrübəyə malik olduqlarını bildirib.
Türkiyə milli müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlu da çıxışında deyib ki, Monitorinq Mərkəzinin önəmi böyükdür:
“ Birgə Monitorinq Mərkəzi vasitəsilə atəşkəsə nəzarəti lazımi şəkildə təmin edərək sabitliyin qorunmasına birlikdə töhfə verəcəyimizə inanırıq ”.
O qeyd edib ki, Türkiyə ilə Rusiya əsgərləri birlikdə fəaliyyət göstərərək regionda sülh və sabitliyin təmin edilməsi missiyasını yerinə yetirəcəklər: “Mərkəz atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək, bu barədə məlumatlar və faktları toplamaq, problemləri araşdırmaq, atəşkəsin qorunması ilə bağlı birgə tədbirlər görmək istiqamətində fəaliyyət göstərəcək”

***

Azərbaycan Türkiyə prezidentləri də danışıb

Əliyev və Ərdoğan, 10 dekabr 2020
Əliyev və Ərdoğan, 10 dekabr 2020

Yanvarın 30-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Prezident İ.Əliyev Ağdam rayonunda Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı ilə bağlı həmkarını təbrik edib:

“Dövlət başçıları bu Mərkəzin fəaliyyətə başlamasının bölgədə uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunması işinə xidmət edəcəyinə əminliklərini bildiriblər.Telefon söhbəti zamanı noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın müddəalarının icra olunduğu məmnunluqla qeyd edilib.”

Məlumata görə, söhbət zamanı Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyi vurğulanıb:

“Dövlət başçıları Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma işlərində Türkiyə şirkətlərinin fəal iştirakından məmnunluqlarını bildiriblər”

****

“Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində yer alacaq türkiyəli heyət artıq Azərbaycandadır”.
Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Vaqif Dərgahlı “ Turan” İnformasiya Agentliyinə deyib.
O bildirib ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan Baş nazirinin birgə bəyanatına əsasən yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bu gündən ( yanvarın 30-dan) etibarən fəaliyyətə başlayır.
“Onu da qeyd edim ki, Birgə Monitorinq Mərkəzində təmsil olunacaq rusiyalı hərbçilər isə artıq ölkəmizdədir”, – deyə V.Dərgahlı bildirib.

***

Hulusi Akar və Zakir Həsənov, 31 dekabr 2020
Hulusi Akar və Zakir Həsənov, 31 dekabr 2020

Yanvarın 29-da Azərbaycan Müdafiə naziri Zakir Həsənov ilə Türkiyə Milli Müdafiə naziri Hulusi Akar arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Müdafiə nazirləri Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar məsələləri müzakirə ediblər.

Bu Mərkəzin bu gün, yanvarın 30-da Dağlıq Qarabağa bitşik Ağdam rayonunda fəaliyyətə başlayacağı gözlənir.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Sözü gedən Mərkəz bölgədə atəşkəsin qorunmasının monitorinqini aparmalıdır.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi

XS
SM
MD
LG