Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 13:41

Etirazların simvolik fotosu 2 milyon rubla satılıb


Dmitri Markovun çəkdiyi foto
Dmitri Markovun çəkdiyi foto

Fotoqraf şəkli Navalnıya azadlıq tələb edən yüzlərlə etirazçı ilə birlikdə saxlanarkən çəkib

Rusiyanın tanınmış fotoqrafı Dmitri Markovun polis məntəqəsində çəkdiyi foto 2 milyon rubla (26 min 800 dollar) satılıb. Həmin foto həbsdə olan müxalifətçi Aleksey Navalnıya kütləvi dəstək yürüşlərinin onlayn simvoluna çevrilib.

Pul etirazçıların hüquqlarını müdafiə edən qurumlara veriləcək

Markov həftəsonu Facebook-da yazıb ki, foto Yekaterina adlı şəxsə onlayn hərracda satılıb. Fotoda çevik polis əməkdaşı masa arxasında əyləşib, arxa divarda isə Prezident Vladimir Putinin portreti asılıb.

Markovun sözlərinə görə, pul ölkədə etirazçıların hüquqlarına fokuslanan iki qrupa veriləcək – OVD-Inform və Etiraz Üzrxahlığına.

Fotoqraf şəkli Navalnıya azadlıq tələb edən yüzlərlə etirazçı ilə birlikdə saxlanarkən çəkib. O, Moskvada polis məntəqəsinə aparılıb.

Həmin gün Moskvada məhkəmə Navalnını mənimsəmə işi üzrə şərti cəzanın şərtlərini pozmaqda təqsirli bilib. Müxalifətçi həmin işi siyasi motivli sayır. Məhkəmə onu 3 il yarım həbsə məhkum edib. Amma saxlanma müddətini nəzərə aldıqda Kremlin tənqidçisi 2 il 8 ay həbs cəzası çəkəcək.

Məhkəmənin qərarı ölkədə etirazlara səbəb olub, fevralın 2-də polis 1400-dən çox etirazçını saxlayıb.

“O utanır, üzünü göstərməyə qorxur”

Ötən həftə AzadAvropa/AzadlıqRadiosu-na müsahibəsində Markov fotonu “xeyli illüstrativ” adlandırıb.

“Şəkli tam anlamaqdan ötrü həmin polisin qarşısında əyləşmiş adamları görmək lazım idi. Çoxu gənclər idi, 25 yaşlarında, polis isə təxminən 50 yaşında. O utanır, üzünü göstərməyə qorxur, içəridə çox isti olmasına baxmayaraq maska taxıb”, – deyən Markov onu da əlavə edib ki, polisin qorxduğunu hiss etmək olardı.

Navalnı yanvarın 17-də Berlindən Moskvaya qayıdarkən saxlanıb. O, avqustda zəhərlənmədən sonra Sibirdə müalicə olunurdu. Özü buna görə birbaşa Putini ittiham etsə də, Kreml insidentdə əli olmadığını bildirib.

44 yaşlı müxalifətçinin həbsi Rusiyada kütləvi etirazlara səbəb olub.

XS
SM
MD
LG