Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:53

İyulacan hər bir amerikalıya peyvənd çatacaq


Arxiv fotosu
Arxiv fotosu

Prezident məktəblərin tezliklə yenidən açılmasını istədiyini, müəllimlərə də peyvənd vurulması tərəfdarı olduğunu deyib

ABŞ Prezidenti Co Bayden deyir ki, iyulun sonunacan amerikalıların hamısının COVID-19 vaksininə çıxışı olacaq. O, yanvarda vəzifəyə keçəndən bəri ictimaiyyətlə ilk görüşündə Çinə insan haqlarıyla bağlı xəbərdarlıq da edib.

Bayden əvvəl deyirdi ki, yazacan peyvənd amerikalıların hamısından ötrü əlçatan olacaq. Sonradan vaksinlərin çatdırılması ilə bağlı problemlər çıxınca Ağ ev bu tarixi geri çəkdi.

“İyulun sonunacan 600 milyon vaksinimiz olacaq və bu, hər bir amerikalıya yetəcək”, – o vurğulayıb.

Prezident məktəblərin tezliklə yenidən açılmasını istədiyini, müəllimlərə də peyvənd vurulması tərəfdarı olduğunu deyib. Onun sözlərinə görə, ölkədə “kütləvi immunitet”in əldə olunmasına, həyatın normal tempə dönməsinə hələ çox var.

“Bunu özü də bilir”

Birləşmiş Ştatlarda yeni yoluxmaların sayı azalsa da, hələ də onminlərlədir. Fevralın 16-da isə yoluxma mindən aşağı düşüb. İndiyədək ABŞ-da koronavirusdan 487 mindən çox ölən olub.

Baydenə ən çox koronavirus pandemiyası və iqtisadiyyatla bağlı suallar verilib. Xarici siyasətə gəlincə, ondan Çində baş verənlər, qərbi Sintzyan regionunda müsəlman azlıqlara münasibət soruşulub.

“Çin üçün bunun nəticələri olacaq və bunu özü də bilir”, – deyən Bayden Çin Prezidenti Si Cinpinə işarə vurub.

Si müsəlman uyğurların və digər etnik azlıqların həbs düşərgələrinə yerləşdirilməsinə görə beynəlxalq səviyyədə tənqid olunur.

Pekin isə həmin obyektləri təlim mərkəzləri adlandırır, məqsədin adamları terrorçuluqdan kənar tutmaq, cəmiyyətə inteqrasiya etmək olduğunu deyir.

“Bunu etmək çətin olacaq”

“Çin dünya lideri olmağa, bu adı, digər ölkələrin inamını qazanmağa can atır. Təməl insan hüquqlarına zidd fəaliyyətlə məşğul olduqca bunu etmək onlar üçün çətin olacaq”, – o, CNN-də yayınlanan görüşdə deyib.

Fevralın 11-də Si ilə iki saatlıq telefon söhbətində Bayden insan haqları məsələsinə, Honq Konqda demokratiya tələb edən fəallara divan tutulmasına da toxunmuşdu.

Çin dövlət mediası isə yazırdı ki, Si ABŞ-ı ölkənin suverenliyi və ərazi bütövlüyünü müdaxilə etməməyə çağırıb.

Bayden tədbirdə 1.9 trilyon dollarlıq koronavirus yardım paketinə də toxunub. Prezident Konqresin respublikaçı üzvlərini paketi qəbul etməyə çağırır, bunu ABŞ iqtisadiyyatının gücünü qaytarmağın ən yaxşı yolu adlandırıb.

O deyib ki, layihə geniş ictimaiyyət dəstəkləyir və “indi xərcləməyin vaxtıdır”.

Palata gələn həftə layihəni səsverməyə çıxarmalıdır.

XS
SM
MD
LG