Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 16:22

Rusiya və Çin vaksinlərinə inanmaq olarmı – Qərb mediası


İrana Sputnik V vaksini göndərilir
İrana Sputnik V vaksini göndərilir

"ABŞ Dövlət Departamenti Rusiya dövlət mediasını Latın Amerikasında koordinasiyalı dezinformasiya kampaniyası başlatmaqda suçlayır"

“The Washington Post” qəzetində Frida Gitis Rusiyada koronavirusa qarşı hələ ötən avqustda təsdiqlənmiş Sputnik V peyvəndinə inanmağın mümkün olub-olmadığını araşdırıb.

Vaksinin 3-cü sınaq mərhələsini keçmədən təsdiqlənməsi onunla bağlı şübhələrə yol açmışdı. Bu ayın əvvəlində isə “The Lancet” tibb dərgisi vaksinin 90 faizdən artıq effektli olduğunu yazdı. Müəllif bu araşdırmanın Rusiya vaksininin satışına təkan verdiyini vurğulayır. Artıq dünyada onlarla ölkəyə peyvəndin milyonlarla dozası satılır. Bu isə Rusiyanın geosiyasi çəkisinə nəhəng yumşaq güc təkanı deməkdir.

Dezinformasiya kampaniyası

“Qlobal vaksin yarışı təkcə ictimai sağlamlıq məsələsi deyil. ABŞ Dövlət Departamenti Rusiya dövlət mediasını Latın Amerikasında koordinasiyalı dezinformasiya kampaniyası başlatmaqda suçlayır. Burada Qərb vaksinləri təhlükəli kimi qələmə verilir, Rusiya məhsulundan geri qaldıqları iddia olunur. Dezinformasiya üzrə bir araşdırmaçı bu kampaniyanı ‘indiyədək gördüyümüz ən böyük əməliyyatlardan biri’ adlandırıb. Latın Amerikası, digər ölkələr Sputnik V, həmçinin Çinin Sinovac və Sinopharm vaksinlərini almağa tələsirlər”, – məqalədə deyilir.

Moderna şirkətinin vaksininin hazırlanmasında iştirak etmiş, Emori Universitetinin aparıcı tədqiqatçısı Karlos del Rionun sözlərinə görə, Rusiya və Çin vaksinlərinə dair araşdırmalara skeptik yanaşmaq lazımdır. Del Rio digər alimlər kimi daha çox data əldə etmək istəyir. O, “The Lancet”in araşdırma zamanı daha çox materialı nəzərdən keçirdiyindən əmindir. Amma...

“İndiyədək dərgilərin datanı saxtalaşdıran, yaxud manipulyasiya edən şəxslər tərəfindən aldadıldığı hallar olub... 2018-ci ildə Harvarda bağlı bir ürək xəstəlikləri tədqiqatçısı dərc olunmuş 31 araşdırmada datanı saxtalaşdırmışdı”, – məqalədə deyilir.

CureVac vaksini niyə gecikdi?

“The Financial Times” qəzetində dərc olunmuş məqalədə bu suala cavab axtarılır.

CureVac şirkəti almaniyalı sahibkar Ingmar Hoerr tərəfindən milyarder, “Microsoft” şirkətinin qurucusu Bil Qeytsin dəstəyilə yaradılıb. Qəzet yazır ki, Covid-19 ötən il dünyanı silkələyəndə bu şirkət “ən yaxşı” vaksin hazırlamaq adına namizəd idi. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen vaksinin “payızacan” hazır ola biləcəyini deyirdi.

Amma onun Almaniyadakı rəqibi BioNTech və ABŞ-ın Moderna şirkəti oxşar RNT texnologiyası ilə vaksin hazırlayıb bazara çıxardılar, CureVac-ın məhsulu hələ də gecikir.

Qəzet yazır ki, ən ümidverici vaksin istehsalçısı yubanmalardan, təsisçisinin beyin qansızmasından sonra işlərini yoluna qoymağa çalışır. Digər tərəfdən, Ağ evin bu şirkəti Almaniyadan qoparmağa çalışması versiyası da səslənib.

Təsdiqlənmək üçün məlumatlar təqdim olunub

Martın əvvəlində Ağ evdə farmaseptik şirkət rəhbərləri ilə görüşdən sonra Almaniya mediası yazdı ki, ovaxtkı prezident Donald Tramp administrasiyası şirkəti ABŞ-a aparmaq, vaksinlərini də eksklüziv olaraq amerikalılar üçün tədarük etmək istəyir. Şirkətin Bostonda da bazası var.

"The Financial Times"ın yazmasına görə, bu xəbər Berlində kəskin reaksiya yaratdı. Özəlliklə də CureVac-ın əsas investoru, milyarder Dietman Hopp bir müsahibəsində bu məlumatları təxminən təsdiqləyəndən sonra. Şirkət ABŞ hökumətinin rəsmən belə bir təklif vermədiyini açıqlasa da, onun ABŞ-dakı başçısı Daniel Meniçella qəfildən şirkəti tərk elədi.

İki həftə öncə CureVac vaksinin təsdiqlənməsindən ötrü məlumatları Avropada müvafiq orqana təqdim edib. İlkin dozalar isə AB-yə veriləcək. “Bu vaksin blokun üzləşdiyi siyasi ziyanın bir hissəsini ört-basdır edə bilər. Axı, BioNTech və Oxford/AstraZeneca vaksinlərinin təchizatında xeyli problemlər yaranıb”, – məqalədə deyilir.

Bir müddət öncə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Avropa Birliyinin 447 milyon vətəndaşı üçün vaksini sürətlə əldə etmək strategiyasındakı səhvlərdən danışıb. Birliyin deputatları isə vaksin istehsalçıları tərəfindən təchizatda yubanmaları təndiq edirdilər.

XS
SM
MD
LG