Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 05:57

'Bu məsələlərə görə sanksiyaların şahidi olmuruq'


İşgəncə. Foto illüstrasiya
İşgəncə. Foto illüstrasiya

Son günlər məhkəmələrdə işgəncələrlə bağlı şikayətlər yenidən eşidilir. Dünən, martın 10-da məhkəmə prosesi zamanı Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədov istintaq zamanı ağır işgəncələrə məruz qaldığını bildirdi. AXCP Təşkilat Komitəsinin təlimatçısı Ramid Nağıyev isə elə həmin gün öz məhkəməsində deyib ki, bundan əvvəl Nəsimi rayon Məhkəməsində onun haqqında həbs qərarı verən hakim də döyüldüyünü görüb, amma heç bir tədbir görməyib. "Hakimin qarşısında üst-başım qan içində idi", - deyə o vurğulayıb.

Amma Azərbaycanda müxalifətçilərə işgəncələr verilməsi ilə bağlı şikayətlər, əsasən, rəsmi təsdiqini tapmır. Son illər bununla bağlı istər Baş Prokurorluğun, istərsə də Daxili İşlər Nazirliyinin bir çox açıqlamaları olub. Görəsən, onlar, bir qayda olaraq, yalana söykənir, yoxsa məhkəmələr, sadəcə, həqiqətləri görməzdən gəlir?

Avropa Şurasının hesabatı

2018-ci ildə Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsi (CPT) Azərbaycanla bağlı o vaxtadək məxfi olmuş altı hesabatını dərc edib. Hesabatlar 2004, 2012, 2013, 2015, 2016 və 2017-ci illəri əhatə edib. Orada Azərbaycanda işgəncə, digər pis rəftar iddialarının araşdırılması prosesində ciddi problemlər olduğu və bu cür hərəkətlərdə məsuliyyət daşıyan şəxslərin cəzasız qaldığı vurğulanır.

Hesabata cavab

Azərbaycanın hesabata rəsmi cavabında isə bildirilirdi ki, 2012-ci ildən başlayaraq 2018-ci ilin ikinci rübünə qədər insan haqları pozuntularına görə daxili tədbirlər nəticəsində 4 polis işçisinə qarşı cinayət ittihamları irəli sürülüb, 177-si işindən uzaqlaşdırılıb, 168-i tutduqları vəzifədən buraxılıb, 10-nun rütbəsi azaldılıb və 1550 polis əməkdaşına xəbərdarlıq verilib.

F.Ağamalı
F.Ağamalı

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə "Turan" agentliyinə bildirib ki, Azərbaycandakı həbsxanalarda cəza çəkən insanlara münasibətlərdə bu və ya digər şəkildə təzyiqlərin olması barədə fikirlər doğru deyil: "Şəxsən mənim özümün də imkan daxilində oradakı vəziyyətlə tanış olmağa imkanım olub. Azərbaycandakı həbsxanalarda üstün yanaşmaları və keyfiyyəti özündə əks etdirən vəziyyət mövcuddur".

"Hər hansı bir fakt ortalıqda yoxdur"

Deputatın qeyd etməsinə görə, ölkədə hər hansı bir dövlət qurumunda işgəncələrə yol verilməsinə dair faktlar, demək olar ki, yox dərəcəsindədir: "Mən belə faktlara rast gəlməmişəm. Hətta öz radikallığı ilə seçilən daha fərqli, bəzən bu və ya digər faktları şişirdərək cəmiyyətə təqdim edən insanların belə istintaq gedişatında, məhkəmə prosesində və həbsxanalarda incidilməsi ilə bağlı, fiziki, psixoloji təzyiqlərə məruz qalması ilə bağlı hər hansı bir fakt ortalıqda yoxdur. Bu baxımından fərqli fikirləri söyləyənlərin heç bir əsası yoxdur".

F.Ağamalının sözlərinə görə, Azərbaycan qanunvericiliyi kifayət qədər təkmilləşib və dünyanın üst dəyərlərinə uyğun hazırlanaraq qəbul edilib.

Komitə üzvü vurğulayıb ki, ölkə həbsxanalarının müasirləşdirilməsi, orada cəza çəkənlərin şəraitinin yaxşılaşdırılması ilə bağlı ciddi işlər görülür: "Mən deyərdim ki, Azərbaycan həbsxanalarında ciddi xarakter daşıyan problemin, bu və ya digər şəkildə cəza çəkənlərin hüququnun pozulması ilə, onlara təzyiq göstərilməsi ilə bağlı fakta hətta KİV-lərdə rast gəlməmişəm".

F.Ağamalı əlavə edib ki, son illərdə polis orqanları daha yüksək davranış normalarını ortaya qoyurlar: "Eyni zamanda, ictimai qaydanı pozan, cinayətə yol verən vətəndaşlarımız əvvəlki illərdə olan davranışlara rast gəlmirlər. Azərbaycan qanunları çərçivəsində onlara münasibət ortadadır, onların hüquqları qorunur. Məhkəməyə çıxarılanlar vəkillə təmin edilir və vəkillər öz müvəkkilini qanuna söykənərək müdafiə etməkdə tamamilə sərbəstdir".

"Oğluma zülüm işgəncələr verilib" - Əli Kərimlinin mühafizəçisi, axır ki, atasıyla görüşdü
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

"Məhkəmə hüquq sahəsində ciddi islahatlar gedir"

Deputata görə, Azərbaycanda həqiqətən də məhkəmə hüquq sahəsində ciddi islahatlar gedir: "Mən deməzdim ki, bu islahatlar başa çatıb. Bu islahatlar daha da dərinləşməlidir. Məhkəmə sistemində özünü bu və ya digər şəkildə göstərən neqativlik aradan qalxmalıdır. Xüsusi olaraq, məhkəmələr dövlət orqanlarının təsiri altından və sifarişlərindən tamam azad olmalıdır. Hesab edirəm ki, belə faktlar hələ də var".

Hüquq müdafiəçisi Anar Məmmədli isə AzadlıqRadiosuna əksini söyləyib: "Heç kəsə sirr deyil ki, Azərbaycanda saxlanma yerlərində, polisdə bu cür hallar, yəni işgəncələr baş verir".

"Hakimiyyət iradə ortaya qoymur"

O hesab edir ki, bu məsələlərlə bağlı əsas vacib elementlərdən biri hakimiyyətin siyasi iradəsinin olmamasıdır: "Yəni, bu cür halların qarşısının alınması üçün hakimiyyət siyasi səylər nümayiş etdirmir, iradə ortaya qoymur. Yoxsa işgəncələrin qarşısını almaq, bunu edən şəxsləri cəzalandırmaq heç də çətin deyil".

A.Məmmədlinin fikrincə, bu məsələdə ictimaiyyətin təpkisi də bəzi hallarda yetərincə olmur: "Beynəlxalq təşkilatların təpkisi də bəzən yetərli olmur. Yəni, biz bu məsələlərə görə ciddi reaksiyaların, sanksiyaların şahidi olmuruq".

Hüquq müdafiəçisi əlavə edib ki, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin qərarları da mövcuddur.

XS
SM
MD
LG