Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:43

Britaniya Soyuq müharibədən bəri ilk dəfə nüvə başlıqlarını artıracaq


Britaniyanın nüvə silahlı Trident sualtı qayıqlarından biri
Britaniyanın nüvə silahlı Trident sualtı qayıqlarından biri

Britaniyanın baş naziri Boris Conson parlamentin İcmalar Palatasına ölkənin 2030-cu ilə qədər xarici siyasət və müdafiə doktrinasını təqdim edib.

“Təhlükəsizliyə, müdafiəyə, inkişafa və xarici siyasətə kompleks baxış” adlı sənəddə Rusiya Avroatlantika regionunda ən kəskin hədə adlandırılır.

Moskva və Pekindən gələn təhlükələrin dəf edilməsi məqsədilə doktrinada ölkənin nüvə arsenalının ixtisarı məsələsinə yenidən baxıldığı qeyd olunur.

Bundan əvvəlki illərdə London nüvə xərclərinin azaldılacağını bəyan edirdi. Amma yeni sənəddə nüvə başlıqlarının say həddinin 40 faiz artırılaraq 180-dən 260-a çatdırılması nəzərdə tutulub.

Sky News yazr ki, Britaniyanın nüvə çəkindirici funksiyasını dörd nüvə silahlı sualtı qayıq icra edir.

Doktrinada bu gəmilərdən ən azı birinin daim dənizdə olması nəzərdə tutulur.

Britaniya silahlı qüvvələrində nüvə başlıqlarının sayının artırılması Soyuq Müharibədən bəri ilk dəfədir ki, baş verir.

Sənəddə deyilir ki, Britaniya Nüvə Silahının Yayılmamasına dair Müqaviləyə üzv olan və ya nüvə silahı olmayan heç bir ölkəyə qarşı nüvə silahından istifadə etməyəcək.

Rusiya və Çindən gələn təhlükələr

Sənəddə deyilir ki, Britaniya Rusiyadan qaynaqlanan bütün təhdidlərdən NATO ilə koordinasiyada müdafiə olunacaq.

Bu da qeyd olunur ki, London Moskvanı beynəlxalq qanun və normaların pozulmasına görə məsuliyyətə cəlb edəcək.

Bundan əvvəl The Times qəzeti yazmışdı ki, belə bir yanaşmaya səbəb kimi “Rusiyanın öz rəqiblərini Birləşmiş Krallığın ərazisində öldürməyə hazır olması” göstərilir.

Söhbət ilk növbədə keçmiş Rusiya kəşfiyyatçısı Sergey Skripal və onun qızına qarşı İngiltərədə hərbi təyinatlı Noviçok zəhərindən istifadə olunmasından gedir.

Rusiya bu kimi ittihamları qətiyyətlə rədd edir.

Doktrinada bu da qeyd olunur ki, Britaniya öz xarici siyasətinin istiqamətini Hind-Sakit okean hövzəsindəki ölkələrə doğru çevirəcək.

Sənəddə Çinlə münasibətlərə xüsusi diqqət yetirilir. Bu da qeyd olunur ki, Çin avtoritar bir ölkə olmaqla Qərbin cəmiyyətlərinə və dəyərlərinə təhlükə təşkil edir.

XS
SM
MD
LG