Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:20

Pandemiyanın ‘ən pis dövrü’ qabaqdaymış


Almaniyada koronavirus qadağalarına etiraz aksiyası, 20 mart, 2021-ci il
Almaniyada koronavirus qadağalarına etiraz aksiyası, 20 mart, 2021-ci il

Avropanın digər ölkələrində yoluxmalar artdığından ya qadağaları bərpa edirlər, ya da müddətini uzadırlar

Almaniya ölkə boyunca qismən karantini aprelin 18-cən uzadıb. Avropada isə artıq koronavirusa yoluxmaların üçüncü dalğası yayılmaqdadır.

Kansler Angela Merkel və vilayət liderlərinin martın 23-də səhərəcən apardığı danışıqlar nəticəsində Pasxa bayramı öncəsi beşgünlük sərt karantin barədə razılaşma əldə olunub.

Aprelin 1-dən 5-cən demək olar bütün mağazalar bağlanacaq, dini ibadətlər onlayn keçiriləcək. Aprelin 3-də təkcə supermarketlər açılacaq.

Cəmi 4 faizə hər iki doza vurulub

“Çox ciddi vəziyyətdəyik”, – Merkel mətbuat konfransında deyib. O, daha ölümcül və daha yoluxucu Britaniya ştammını “yeni pandemiya” adlandırıb.

Üç həftə öncə federal hökumət və vilayətlər bəzi qadağaların tədricən qaldırılması planını razılaşdırmışdılar.

Bavariya vilayətinin baş naziri Markus Soeder virusa qarşı qadağaların tərəfdarıdır. O, Almaniyanın pandemiyanın ən təhlükəli dövründən keçdiyini bildirib. Nazir yeni variantın nəinki daha yoluxucu və ölümcül olduğunu, həm də təkcə yaşlılara təsir göstərmədiyini vurğulayıb.

Almaniyada əhalinin 9 faizə yaxınına vaksinin azı bir dozası, 4 faizə isə hər iki doza vurulub.

Avropanın digər ölkələrində yoluxmalar artdığından ya qadağaları bərpa edirlər, ya da müddətini uzadırlar.

Çexiya hökuməti fövqəladə vəziyyəti daha bir ay, aprelin 27-cən uzatmağı planlaşdırır. Hökumət martın 22-də belə bir qərar verib. Parlament bunu təsdiqləməlidir. Fövqəladə vəziyyət zamanı karantin tətbiqi hərəkət məhdudiyyətinin tətbiq olunacağı gözlənilir.

Britaniya, ABŞ

Britaniyanın Baş naziri Boris Conson xəbərdarlıq edib ki, Avropada tüğyan edən üçüncü dalğa bu ölkəyə də çata bilər. Bu arada Britaniyada böyüklərin yarısına vaksinin azı bir dozasının vurulduğu bildirilir.

Birləşmiş Ştatlarda vaksinasiya vüsət alsa da, virusun ştammları yoluxmaların yeni dalğasını yaradır.

Yanvarın ortasında pik həddə çatan yoluxmalar günə 55 minədək düşmüşdü. Ötən həftə 5 faizədək artım müşahidə olunub.

Səhiyyə rəsmiləri xəbərdarlıq edirlər ki, bəzi ştatlarda sosial məsafə qadağaları sürətlə qaldırılsa, yoluxmalar yenidən arta bilər.

“Məni narahat edən odur ki, indi düzgün addım atmasaq, hazırda Avropada gördüyümüz daha bir qarşısı alına bilən dalğanı görə bilərik, həm də vaksinasinasiyanı sürətləndirdiyimiz bir dövrdə”, – Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru Roçel Valenski deyib.

XS
SM
MD
LG