Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:47

ABŞ-dan Almaniyaya sanksiya xəbərdarlığı


İllüstrativ foto
İllüstrativ foto

İndiyədək Vaşinqton yalnız Rusiyanın KVT-RUS şirkətinə sanksiya tətbiq edib. Bu şirkət borudüzən “Fortuna” gəmisini işlədir

ABŞ-ın Dövlət katibi Entoni Blinken deyir ki, Rusiyadan Almaniyaya çəkilən Şimal axını-2 kəməri Avropa Birliyinin maraqlarına ziddir. O, Berlinə layihəyə görə mümkün sanksiyalarla bağlı xəbərdarlıq edib.

“Prezident Co Bayden çox aydın deyib, o kəmərin pis ideya, Avropa, Birləşmiş Ştatlar üçün pis ideya, sonucda AB-nin öz təhlükəsizlik maraqlarına zidd olmasına inanır”, – Blinken martın 23-də Brüsseldə NATO-nun Baş katibi Jens Stoltenberqlə görüşü zamanı deyib.


Müttəfiqlərin maraqları

Almaniya isə Birləşmiş Ştatların on ildən çoxdur davamlı olaraq qarşı çıxmasına baxmayaraq, kəməri tamamlamağa çalışır.

ABŞ rəsmilərinin mövqeyincə, bu kəmər Avropanı Rusiyanın enerji təchizatından həddən artıq asılı edəcək. Kəmər Rusiyadan Almaniyaya Baltik dənizi vasitəsilə ildə 55 milyard kubmetr qaz nəql edəcək. O, Qərbin müttəfiqi olan Ukraynadan yan keçərək onu tranzit haqqından məhrum edəcək.

Blinken Birləşmiş Ştatların Şimal axını-2 layihəsində iştirak edən şirkətlərə sanksiya tətbiqini tələb edən qanununu yada salıb. Onun sözlərinə görə, bu kəmər “Ukrayna, Polşa və bir sıra yaxın tərəfdaş və müttəfiqlərin maraqlarına zərbə vura bilər”.

Blinken deyib ki, almaniyalı həmkarı Heiko Maas ilə martın 23-də üzbəüz görüşündə ona mümkün sanksiyalarla bağlı xəbərdarlıq edəcək.

Sanksiyalar

İndiyədək Vaşinqton yalnız Rusiyanın KVT-RUS şirkətinə sanksiya tətbiq edib. Bu şirkət borudüzən “Fortuna” gəmisini işlədir. Sanksiyaları keçmiş prezident Donald Tramp administrasiyası yanvarda vəzifədən gedərayaq açıqlayıb.

Blinken ötən həftə kəməri “Rusiyanı Avropanı parçalamaq və Avropanın enerji təhlükəsizliyini zəiflətmək niyyəti güdən geosiyasi layihəsi” adlandırmışdı.

Kəmərin 95 faizi tamamlanıb və ekspertlərin fikrincə, sentyabradək tam başa çatdırıla bilər.

Qaz kəmərinin tərəfdarları isə Birləşmiş Ştatları özünün mayeləşdirilmiş qazının Avropaya satışını artırmaqdan ötrü layihəyə zərbə vurmaqda suçlayır.

XS
SM
MD
LG