Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 02:35

Avropa vaksin ixracı qaydalarını dəyişir, Azərbaycan güzəşt qrupunda qalır


Ursula von der Leyen
Ursula von der Leyen

Avropa Komissiyası martın 24-dən Avropa İttifaqı xaricindəki ölkələrə vaksin ixracı qaydalarına dəyişiklik edib.

Komissiyanın prezidenti Ursula von der Leyen deyib ki, “Avropa İttifaqı vaksin istehsalçılarının vətəni olaraq ittifaq xaricinə də vaksin ixrac etməsinə görə fəxr edir, lakin ittifaq üzvlərinin bir çoxunun pandemiyanın üçüncü dalğası ilə üzləşdikləri və vaksin istehsalçılarının heç də hamısının təchizat kontraktlarına əməl etmədikləri bir şəraitdə yeni prinsiplər tətbiq etmək məcbiriyyətində qalıb”.

Avropa Komissiyasının rəhbəri izah edib ki, bundan sonra Avropa İttifaqından xaricə COVID-19 vaksinlərinin ixracına “qarşılıq və proporsionallıq” prinsipləri tətbiq olunacaq.

İstisna qrupunda saxlananlar

Bu dəyişikliyə görə əvvəllər istisna qrupuna daxil ölkələrə də Avropa İttifaqından vaksin ixracı dayandırıla bilər.

Yeni qaydalara görə Ukrayna, Moldova və Kosovo istisna qrupunda saxlanılır.

Aşağı və orta gəlirli sayılan bu ölkələr COVAX proqramı siyahısına da daxıldirlər.

Yeni qaydalara görə, Kosovo, Ermənistan, Azərbaycan, Belarus və Gürcüstan xaric, Dünya Bankına (DB) üzv olan bütün başqa ölkələr də istisna siyahısından çıxarılır.

Bu da qeyd olunur ki, adı çəkilən ölkələrdən bəziləri COVAX proqramına da üzvdürlər və onlar bu proqram vasitəsilə vaksin aldıqları təqdirdə istisna siyahısından çıxarılacaqlar.

Yeni prinsiplər nədir?

Ursula von der Leyen izah edib ki, qarşılıq prinsipi deyəndə, vaksin ixrac edən ölkənin özündə vaksin ixracına qanunvericilik və ya başqa bir vasitə ilə məhdudiyyət qoyulub-qoyulmamasına baxılması nəzərdə tutulur.

Proporsionallıq prinsipi isə Avropa İttifaqından vaksin ixracı nəzərdə tutulan ölkədəki epidemioloji və vaksinlə təchizatın vəziyyətini nəzərə alır.

Başqa sözlərlə, Avropa İttifaqı epidemioloji vəziyyəti qənaətbəxş olan ölkələrə vaksin ixrac etməyə bilər.

Xəbər verilir ki, Avropa İttifaqından vaksin ixracı mexanizmi işə salınandan bəri Brüsselə 33 istiqamətdən ümumilikdə 43 milyon vaksin dozası üçün 380 rica daxil olub.

Bu ricalardan yalnız birinə rədd cavabı verilib.

Bu mexanizm üzrə Britaniyaya 10.9 milyon, Kanadaya 6.6 milyon, Yaponiyaya 5.4 milyon, Meksikaya 4.4 milyon, Səudiyyə Ərəbistanı, Sinqapur və Çiliyə hərəsinə 1.5 milyon, Honq Konqa 1.3 milyon, Koreya və Avstraliyaya, hərəsinə 1 milyon doza vaksin ixrac edilib.

XS
SM
MD
LG