Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 00:31

Azərbaycanlı bloqer hədələndiyini deyir


Məhəmməd Mirzəli
Məhəmməd Mirzəli

Onun atası və yeznəsi 2017-ci ildə saxlanıb. Məlumatlara görə, polis onlara deyib ki, Mirzəliyə hökuməti tənqid etməsini dayandırması üçün təzyiq göstərsinlər

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) Fransa hakimiyyətini azərbaycanlı videobloqeri qorumağa çağırır. Məhəmməd Mirzəli 10 gün öncə Fransada hücuma məruz qalıb, azı 10 bıçaq yarası alıb, daha sonra isə telefonuna hədələyici mesaj gəldiyini deyir.

Mirzəli 2016-cı ildən Fransada yaşayır. O, martın 14-də ölkənin qərbindəki Nant şəhərində bir qrup kişinin hücumuna məruz qalıb.

Parisdə mənzillənən RSF martın 24-də bildirib ki, bütün bunlar bloqeri “susdurmaq” cəhdidir.

Təqibin Avropaya ixracı

Mirzəli “altı saatdan çox” əməliyyat masasında qalıb, qurumun Şərqi Avropa və Orta Asiya bölməsinin başçısı Jan Kavelyer deyib. “Azərbaycan rejimi ifadə azadlığına qarşı təqibini Fransa və Avropaya yayır”, - o əlavə edib.

Fransa polisi hələlik, təhqiqatla bağlı şərh verməyib.

“Bu, sonuncu xəbərdarlıqdır”, – Mirzəlinin telefonuna martın 21-də göndərilmiş ismarıcda deyilir.

“Səni problemsiz öldürə bilərik. Heç kimdən qorxmadığımızı gördün… Bacılarımızı təhqir etməyə davam etsən, başına bir snayper gülləsi ilə səni öldürərik”, – “Andres Gragmel” imzalı ismarıcda bildirilir.

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) bildirir ki, Mirzəli “Made in Azerbaijan” adlı YouTube kanalına yerləşdirdiyi videolara görə hədəfə alınır. O, videolarda Prezident İlham Əliyevi, Vitse-prezident Mehriban Əliyevanı, onların ailəsinin digər üzvlərini tənqid edir.

“Rejim intim şantaja da əl atıb”

2020-ci ilin oktyabrında bloqerə Nant şəhərində bir neçə atəş açılıb.

Onun atası və yeznəsi 2017-ci ildə saxlanıb. Məlumatlara görə, polis onlara deyib ki, Mirzəliyə hökuməti tənqid etməsini dayandırması üçün təzyiq göstərsinlər.

“Rejim intim şantaja da əl atıb”, – RSF bildirib. Martın əvvəlində onun bacılarından birinin intim fotoları ailəyə göndərilib, daha sonra Telegram kanalında yayılıb.

RSF-in Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə içində 168-ci yerdədir.

“Əsas tənqidçi media orqanları ya susdurulub, ya da xaricə köçməli olub, müstəqil vebsaytlar bağlanıb, azı iki jurnalist hazırda həbsdədir”, – RSF bildirir.

Hakimiyyət təmsilçiləri isə söz azadlığına görə heç kəsin təqib olunmadığını, ölkədə təməl hüquq və azadlıqların qorunduğunu bildirir. Hökumət heç bir jurnalistin peşəsinə görə cəzalandırılmadığını iddia edir.

XS
SM
MD
LG