Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 10:50

Ermənistan müharibədə Su-30SM-dən niyə istifadə etmədi


Nikol Paşinyan Su-30SM-in qırıcısında
Nikol Paşinyan Su-30SM-in qırıcısında

Baş nazir Yerevanda bir yürüşdə deyib ki, Yerevan 2020-ci ilin mayında Rusiyadan Su-30SM qırıcıları alsa da, 44 günlük müharibə başlayanadək təyyarələr üçün raketləri ala bilməyib

Ermənistanın Rusiya istehsalı olan qırıcılardan Azərbaycanla 2-ci Qarabağ müharibəsində istifadə etməməsi ölkədə müzakirə olunmaqdadır. Müxalifət baş nazir Nikol Paşinyanı bu haqda yalan danışmaqda, ziddiyyətli bəyanatlar verməkdə suçlayır.

Paşinyan isə martın 24-də parlamentdə deyib ki, onun bəyanatlarında ziddiyyət yoxdur. O, Ermənistanın Su-30SM qırıcıları üçün raket almadığını deyirdi. Müharibədən qabaq isə sosial mediada qırıcıların “raketləri uğurlar sınaqdan keçirdiyini” yazmışdı.

Baş nazir Yerevanda bir yürüşdə deyib ki, Yerevan 2020-ci ilin mayında Rusiyadan Su-30SM qırıcıları alsa da, 44 günlük müharibə başlayanadək təyyarələr üçün raketləri ala bilməyib.

Paşinyanın izahı

Baş nazirin mətbuat xidmətinin və Müdafiə Nazirliyinin 2019-cu ilin dekabrında bidirməsinə görə, Ermənistan Silahlı Qüvvələri “Su-30SM çoxfunksiyalı qırıcıları ilə təchiz olunub”. Paşinyan isə ötən iyulda Facebook-da yazıb ki, Su-30SM-lər “raketləri uğurlar sınaqdan çıxarıb”.

Paşinyan martın 24-də parlamentdə hökumətyönlü deputatın bu haqda sualını cavablandırıb. O deyib ki, qırıcılar ultramüasir və güclü olduqlarından “aydındır ki, təyyarə və müxtəlif modifikasiyalı raketləri istehsal edənlər eyni müəssisələr deyillər”.

“Başqa sözlə, onlar bir yerdə istehsal olunmurlar, bir yerdən alınmırlar”, – o vurğulayıb.

“Təəssüf ki, müharibə vaxtı ultramüasir Su-30SM-lərin öz təyinatı və gücünə uyğun istifadəsini mümkün edəcək ləvazimat və raketlər almağa vaxtımız qalmadı”, – Paşinyan vurğulayıb.

Onun sözlərinə görə, təyyarələr 2020-ci ili mayında Ermənistana gətiriləndə təlim uçuşları həyata keçirilib və sınaqlarda Ermənistan ordusunun arsenalında olan raketlərdən istifadə olunub.


“Hökumət yalan danışmağı nə vaxt dayandıracaq?”

Paşinyan bir ziddiyyətə də aydınlıq gətirməyib. 2019-cu ilin dekabrında o, ovaxtkı müdafiə naziri David Tonoyanla birlikdə sözügedən təyyarələrin nümayişini izləyib, birinin kabinəsinə də keçib. Bunu göstərən fotolar yayılıb. Başqa bir bəyanatında isə Su-30SM qırıcılarının Ermənistana 2020-ci ilin mayında gətirildiyini deyib.

Müxalifətin “Parlaq Ermənistan” partiyasından deputat Ani Samsonyan bu məqamı vurğulayaraq Paşinyanı yalan danışmaqda suçlayıb.

“Hökumət yalan danışmağı, manipulyasiya etməyi, ictimaiyyəti yanlış yönəltməyi nə vaxt dayandıracaq?” – o sual edib.

Baş nazir deputatın sualına cavab verməyib. Onun müavini Tiqran Avinyan isə deyib ki, “Su-30SM-lə bağlı tam cavab verilib, əlavə ediləsi bir şey yoxdur”.

Paşinyan bu ayın əvvəlində Rusiya istehsalı olan “Iskander” raketlərinin müharibə vaxtı yaxşı işləməməsi haqda dediyini təkzib elədi. Rusiyanın hökumətpərəst deputatları onu bacarıqsızlıqda və yalan danışmaqda ittiham edirdi.

Ötən il 44 gün çəkən müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarətini geri ala bildi. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirildi.

XS
SM
MD
LG