Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 08:29

Hesabat: Azərbaycan ötən il 804 min avro təzminat ödəyib


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa Şurası bildirir ki, qitə boyunca ölkələr koronavirus pandemiyasına baxmayaraq ötən il Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını yerinə yetirməkdə “tərəqqini” davam etdiriblər.

Lakin hesabatda vurğulanır ki, təhlükəsizlik qüvvələrinin adamlarla pis rəftarı və bunun nəticəsində ölümlər, o cümlədən saxlanma şəraitinin pisliyi kimi sahələrdə hələ çox iş görülməlidir.

AİHM-in qərarlarının yerinə yetirilməsinin qiymətləndirilməsi Avropa Şurası Nazirlər Komitəsinin 2020-ci il üçün hesabatının bir hissəsidir.

“Bu bir rica yox, öhdəlikdir”

Avropa Şurasının baş katibi Marija Peycinoviç Buriçin bəyanatında deyilir ki, üzv ölkələr hətta “çətin şəraitdə də” AİHM-nin hökmlərini yerinə yetirmək sahəsindəki öhdəliklərinə “çox ciddi” yanaşıblar.

Bununla belə Buriç qeyd edib ki, “bir çox mühüm hökmlər icrasını illərlə gözləyib və az sayda hay-küylü işlər kifayət qədər çevik görülməyib”.

Baş katibin sözlərinə görə Avropa Şurasına üzv ölkələr AİHM-nin qərarlarını tez və tam şəkildə icra etməyə borcludurlar.

Buriç vurğulayıb ki, “bu, bir rica yox, həmin ölkələrin öhdəliyidir”.

Hesabatda deyilir ki, Avropa İnsan Haqları Konvensiyasının 70-ci ildönümündə - 2020-ci ildə Nazirlər Komitəsi 983 işi bağlayıb.

Ötən ilin sonunda 5233 qərar hələ də icra olunmamış qalırdı. Bunlardan bəziləri 2006-cı ildən qalıb.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə AİHM-in “ədalətli təzminat” kimi təyin etdiyi 581 kompensasiya vaxtında ödənib.

Lakin ötən ilin dekabrında 1574 qərar üzrə təzminat ödənməmiş qalırdı.

Çətinliklə bağlanmış iki iş

Komitənin 2020-ci ildə bağlamağa nail olduğu üç işdən ikisi Azərbaycana, biri isə Bosniya-Herseqovinaya aid idi.

Azərbaycanla bağlı söhbət İlqar Məmmədov və Rəsul Cəfərovun azadlıq və təhlükəsizlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı işdən gedir.

Hesabatda 2020-ci ildə baxılmaq üçün Nazirlər Komitəsinə təqdim edilmiş yeni işlərin sayına görə ölkələrin təsnifatı verilib. Bunlar – Rusiya (218), Türkiyə (103), Ukrayna (84), Rumıniya (78), Macarıstandır (61).

Azərbaycan üçün icrası Nazirlər Komitəsi tərəfindən nəzarət edilən işlərin sayı 51 olub.

Bu, 2019-cu ildə olan 19 işdən üçqat artım deməkdir.

Hesabatda 2020-ci il üçün yeni “presedent işlərin” (başqa işlər üzrə qərarlar çıxarılarkən nümunəsindən istifadə olunan işlər - red) sayı da ölkələr üzrə təsnif olunub.

Azərbaycan 11 yeni işlə, yalnız Rumıniya (16) və Bolqarıstandan (14) geri qalır.

2019-cu ildə Azərbaycan üzrə yalnız 1 belə iş vardı.

Qərar çıxarılmasını gözləyən işlər

Barəsində qərar çıxarılmasını gözləyən işlərin sayına görə də liderlər qrupuna Rusiya (1789), Türkiyə (624), Ukrayna (567) və başqaları daxildir.

Bu siyahıda 6-cı olan Azərbaycan üzrə 2020-ci ildə barəsində qərar çıxarılmasını gözləyən 235 iş vardı. Bu rəqəm 2019-cu ildəki 189 işdən 24 faiz çoxdur.

2020-ci ilin sonunda baxılmasını gözləyən “presedent” işlərin sayına görə yenə də Rusiya, Türkiyə və Ukrayna ilk üç yeri bölüşdürüblər.

6-cı yerdə olan Azərbaycan üzrə 2020-ci ilin sonunadək barəsində hökm çıxarılmalı olan işlərin sayı 45 idi. Halbuki bu rəqəm 2019-cu ildə 34 olmuşdu.

2020-ci ilin sonunadək işlərin bağlanması üzrə Türkiyə, 168 işlə birinci yerdədir. Ondan sonra Yunanıstan (111), Ukrayna (108) və Rusiya (92) gəlir.

Bu cədvəldə 6-cı yerdə olan Azərbaycan üzrə 2020-ci ildə 6 iş bağlanıb.

2019-cu ildə Azərbaycanda daha çox – 16 iş bağlanmışdı.

Təzminat və onun vaxtında ödənməsi

2020-ci ildə Nazirlər Komitəsinin ciddi nəzarəti altında olan bütün işlərin 18 faizi Rusiya, 15 faizi Ukrayna və 11 faizi Türkiyəyə aid olub.

Bu sırada 6 faizlə 6-cı yerdə olan Azərbaycan 2020-ci ildə ciddi nəzarət altında olan presedent işlərin faizinə görə Avropa Şurası üzrə ilk onluğa daxil olub.

Hesabatda deyilir ki, Azərbaycan üzrə nəzarət altında olan 12 presedent iş və adi nəzarət altında olan 17 presedent iş icrasını 5 ildən çoxdur ki, gözləyir.

2020-ci ildə AİHM-nin qərarı ilə “ədalətli kompensasiya” ödəyən ölkələrin siyahısına Rumıniya (38 milyon avro) və Rusiya (11.5 milyon avro) başçılıq edirlər.

Bu siyahıda altıncı olan Azərbaycan ona qarşı işlər üzrə 2020-ci ildə 804 min avro təzminat ödəyib.

Bu rəqəm 2019-cu ildə 707 min avro idi.

Hesabatda ölkələrin kompensasiyanı vaxtında ödəyib-ödəməməsinə də baxılıb.

Azərbaycan 6 iş üzrə kompensasiyanı vaxtında, 18 iş üzrə vaxtından gec ödəyib.

Ödənməsi barədə təsdiqini gözləyən 69 təzminat vardı. Bu rəqəm 2019-cu ildə 51 idi.

Bu da qeyd olunur ki, 35 iş üzrə təzminatın ödənməsi 6 aydan uzun müddətdə icra olunmayıb.

XS
SM
MD
LG