Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:52

Pamukun 'Vəba gecələri' çapdan çıxıb


Orxan Pamuk
Orxan Pamuk

Türk yazıçısı, Nobel mükafatı laureatı Orxan Pamukun "Vəba gecələri" adlı yeni kitabı işıq üzü görüb. Kitab bütün dünyanın başının COVID-19 pandemiyasına qarışdığı vaxtda yerinə düşüb. Romanda hadisələr yazıçının təxəyyülünün məhsulu olan bir Osmanlı adasında cərəyan edir.

Dörd ilə yazılan roman

"Mən bu roman haqda 40 il düşünmüşəm və son dörd il ərzində onu yazmaqla məşğul olmuşam", – deyə Pamuk Türkiyənin "Hürriyet" qəzetinə müsahibəsində bildirib.

Qəzetin müxbiri ona kitabının çap olunduğu vaxtın koronavirus pandemiyası ilə üst-üstə düşməsindən nə hiss etdiyi haqda sual verib. Pamuk təəccübləndiyini deyib.

"Romanın hekayəsi elə bir dünya idi ki, mən onun insanları maraqlandırmayacağını düşünürdüm. Ancaq qəfildən COVID-19 pandemiyasından sonra insanlar [romanda baş verənləri] öz təcrübələrində yaşamağa başladılar. Bu, bir növ, sənin gizlincə etdiyin bir şeyin aşkara çıxması kimidir", – o deyib.

50-dən çox ölkədən nəşriyyatlar ona zəng vurub...

"Vəba gecələri" kitabında bir osmanlı canişini, bir həkim və bir ordu zabitinin hekayəsindən söz açılır. Onların hər üçü Osmanlı imperiyasının tərkibində olan Minger adlı bir adada vəba epidemiyası ilə mübarizə aparır.

"[2020-ci ildə] pandemiya başlayanda mən mühazirə demək üçün ABŞ-da idim. Uçub Türkiyəyə döndüm. İstanbulda ilk koronavirus hekayələrini eşidəndə düşündüm ki, bu hekayələr mənim romanımdakı hekayələrimə bənzəyir", – deyə yazıçı qeyd edib.

Daha sonra o, "The New York Times"a məqalə yazaraq son dörd ildə pandemiya haqda kitab yazdığını bildirib.

"Məqalə çap olunandan sonra dünyanın 50-dən çox ölkəsindən nəşriyyatlar zəng vurub məni kitabı yazıb bitirməyə tələsdirdilər", –o əlavə edib.

"Mənim romanım daha qorxuncdur"

Pamuk romanındakı hadisələrlə bu günümüz arasındakı oxşarlıq və fərqlər haqda suala cavab olaraq belə deyib: "Mənim romanım bugünkü dünyadan daha qorxuncdur".

"1901-ci ildə dünyada əhalinin cəmi 5 faizi oxuya bilirdi. Bugünkü Türkiyədə bu göstərici 95 faizdir. İnsanların 75 faizə qədərinin internetə çıxışı var. Ona görə də bu gün biz çox şey bilirik. Bir məhəllədə, yaxud dünyada nə baş verir-versin, onu çox tez öyrənirik. Bu günün dünyası ilə romandakı dünya arasındakı böyük fərq budur", – o deyir.

Pamuk xəyalında Minger adasını yaradarkən üç adadan ilhamlandığını deyib: "Əsasən Böyükada (İstanbulun adalarının ən böyüyü). Mən hər zaman Böyükadadakı sərbəst həyat hissini sevmişəm. Mən Kritdəki (Yunanıstan) adalardan ilhamlanmışam. Bir də Kastellorizo adasının kiçikliyi hər zaman mənə təsir edib".

"Bu mənə güc və nikbinlik gətirdi"

68-yaşlı Pamuk artıq COVID-19 vaksininin hər iki dozasını alıb.

"COVID-19 peyvəndini vurdurmağım mənim əhvalımı dəyişdi. Bu mənə güc və nikbinlik gətirdi. Pandemiyadan öləcəyim fikrindən uzaqlaşdım", – deyə o bildirib.

"Vəba gecələri" artıq kitab dükanlarının rəflərindədir. Pamuk indi növbəti kitabını yazmağa hazırlaşır. Bu kitabda o özünün qəlbinə yaxın bir hekayəni nəql edəcək: "Mən bir sənətkar haqqında yazacağam. Baş qəhrəman mənə bənzəyəcək və İstanbul sakini olacaq".

1952-ci ildə doğulmuş Pamuk 2006-cı ildə ədəbiyyat sahəsində Nobel mükafatına layiq görülüb. O, "Səssiz ev", "Qara kitab", "Mənim adım qırmızı" və "Məsumiyyət muzeyi" kitablarının müəllifidir. 63 dildə çap olunmuş 13 milyon kitabının satılması onu dünyada ən çox tanınan türk yazıçısı edib. Orxan Pamuk ABŞ-ın Kolumbiya Universitetində yazı və müqayisəli ədəbiyyat dərsi deyir.

XS
SM
MD
LG